İordaniya Senatı Xocalı
soyqırımı ilə bağlı bəyanat qəbul etmişdir
İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul olunmuşdur.
Azərbaycan Xarici İşlər Nazirliyindən AzərTAc-a daxil olmuş bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Parlamentlər İttifaqının toplantısında Xocalı qırğını ilə bağlı qəbul edilmiş qərarlara uyğun olaraq və sözügedən qırğının 20-ci ildönümü ilə əlaqədar, habelə Senatın nümayəndə heyətinin Azərbaycana etdiyi səfəri fonunda İordaniya Senatı Xocalıda Azərbaycan xalqının məruz qaldığı, eyni zamanda insan hüquqlarına qarşı zorakılıq hesab edilən təcavüzü, həmçinin məscidlərə və müqəddəs islam abidələrinə qarşı törədilmiş zorakılığı, bunun nəticəsində islam irsinə və mədəniyyətinə üz vermiş ağır itkini pisləyir.
Bəyanatda həmçinin vurğulanır: "İordaniya Senatı Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə, habelə BMT Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qətnamələrin icrasına çağırır.
Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllinə, habelə xalqlar arasında məhəbbət, tərəqqi və inkişafa aparan yollarla insan həyatının zənginləşdirilməsi istiqamətində əməkdaşlıq əvəzinə kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olaraq, xalqlar arasında sülh və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran daimi mövqeyini bir daha dəstəkləyir.
Senat
dövlətləri ağır məişət şəraiti
ilə üzləşən azərbaycanlı qaçqın
və məcburi köçkünlərə öz
yurd-yuvalarına qayıdanadək humanitar yardımlar göstərməyə
səsləyir".
Azərbaycan.-2013.- 4 iyul.- S.2.