«Avtomobil yolları haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikasının 2013-cü il 14
may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. "Avtomobil yolları haqqında" Azərbaycan
Respublikası Qanununun pozulmasına görə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
müəyyən edilmiş məsuliyyətin təkmilləşdirilməsinə
dair təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4.
həmin qanunun 25-ci maddəsinin altıncı hissəsində
nəzərdə tutulmuş avtomobil yollarının vahid
dövlət reyestrindən çıxarış verilməsi
üçün dövlət rüsumunun məbləğinin
müəyyən edilməsi ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.5. həmin qanunun 10-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş şəhər avtomobil yollarının təsnifatını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6.
həmin qanunun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş avtomobil yollarının təhkim
zolağının ölçülərini müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.1.7.
həmin qanunun 15-ci maddəsinin səkkizinci hissəsində nəzərdə
tutulmuş avtomobil yollarının tikintisi, yenidən
qurulması və təmiri işlərinin avtomobil
yollarının bilavasitə altında və ya yolların kənarı
boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı
sistemlərini istismar edən qurumların işləri ilə
uzlaşdırılması qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.1.8. həmin qanunun 15-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9.
həmin qanunun 15-2-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş avtomobil yollarının ehtiyat zonalarında bina və
qurğuların, kommunikasiyaların yerləşdirilməsi
qaydasını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.10.
həmin qanunun 25-ci maddəsinin yeddinci hissəsində nəzərdə
tutulmuş avtomobil yollarının vahid dövlət reyestrinin
yaradılması və aparılması, habelə reyestrə
daxil edilmiş məlumatların verilməsi qaydasını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, maliyyə vəsaiti ayrılmasını təmin etsin;
1.1.12. "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun əlavə mədaxil mənbələrinin müəyyənləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.13. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin tərkibində (tabeliyində) olan qurumların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndinə uyğun olaraq, avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələbləri iki ay müddətində müəyyən etsin.
3. Müəyyən edilsin ki:
3.1. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin qanunun 10-1-ci maddəsinin üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin səkkizinci, 15-1-ci maddəsinin üçüncü, 15-2-ci maddəsinin ikinci, 19-2-ci maddəsinin birinci, 25-ci maddəsinin yeddinci, 29-cu maddəsinin on ikinci və 40-2-ci maddəsinin birinci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin qanunun 15-1-ci maddəsinin dördüncü hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində, 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
3.4. həmin qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndində və 15-1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər sahələrdə isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
3.5. həmin qanunun 1-ci maddəsinin birinci hissəsinin on doqquzuncu bəndində, 10-1-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz balanslarında olan avtomobil yollarına münasibətdə həyata keçirirlər;
3.6. həmin qanunun 19-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası həyata keçirir.
4. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Avtomobil
yolları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 iyul 2013-cü il
Azərbaycan.-2013.- 4 iyul.- S.2.