Xalqa və dövlətçiliyə sədaqət Azərbaycan polisinin ali prinsipidir

 

Xalqımızın çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi, mədəni inkişafının və milli oyanışının məntiqi nəticəsi və tarixi zərurət kimi yaranan, müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ən mühüm tədbirlərindən biri daxili işlər orqanlarının yaradılması idi. Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 2-də verdiyi qərarla yaradılan daxili işlər orqanları çarizm dövründəkindən fərqli olaraq bütün xalqın ictimai asayişinin keşiyində dayanmışdı. Elə buna görə də ulu öndər Heydər Əliyevin fərmanı ilə iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd edilir.

Yaranmasının 95-ci ildönümünü qürurla qeyd edən Azərbaycan daxili işlər orqanları bu gün ölkəmizdə gedən inkişaf prosesində fəal iştirak edərək dövlətin və vətəndaşların qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycan polisi onun həyat və sağlamlığının təhlükəsizliyinin, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin daim keşiyindədir. Eyni zamanda, Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.

Əlbəttə, daxili işlər orqanlarımız öz fəaliyyətlərində hər gün hiss olunan bu uğurlara, o cümlədən vətəndaş-polis münasibətlərinin yüksək səviyyəyə çatmasına birdən-birə nail olmamışlar. Müstəqilliyimizin ilk illərində ölkəmizdə olan hakimiyyət boşluğunun daxili işlər orqanlarına da sirayət etməsi, təsadüfi insanların Daxili İşlər Nazirliyində yüksək vəzifələrə təyin olunması nəticəsində kriminogen durumun nəzarətdən çıxması və baş verən cinayət hadisələrinin sayının misli görünməmiş dərəcədə artması yaddaşlardan silinməyib. Ölkədə cinayətkarlıq hallarının artması, qanunsuz silahlı birləşmələrin meydan sulaması, hətta cinayətkarın özünü cəmiyyətin qaymağı hesab etməsi 1992-1993-cü illərdə DİN-in institusional fəaliyyətindən uzaq düşməsinin təzahürü idi. O zaman digər strukturlarda olduğu kimi, daxili işlər orqanlarında da "təmizlənmə" aparılmış, peşəkar, səriştəli, xidməti fəaliyyətinə vicdanla yanaşan, lakin hakimiyyətin siyasəti ilə razılaşmayan minlərlə kadr vəzifəsindən və polis sistemindən uzaqlaşdırılmış, əvəzində qeyri-peşəkarlar, tamamilə təsadüfi şəxslər, bəzən isə şeytan xisləti olanlar mühüm vəzifələrə yerləşdirilmişdilər. Nə qədər acı olsa da, etiraf edilməlidir ki, bu "idarəçilik" sonunda ölkəni xaosa və anarxiyaya, dövlətçiliyin az qala məhv olmasına gətirib çıxarmışdı.  Cəmiyyətdə yaranan sosial narazılıqların kökündə dayanan əsas amillərdən biri məhz bu idi. Dövlətçiliyin nə olduğunu anlamayan siyasət dəllallarının hakimiyyəti dövründə Azərbaycan çox acınacaqlı bir vəziyyətə düşmüşdür. Rüşvətin, korrupsiyanın tüğyan etməsi bir yana, cinayətkar qorxub-çəkinmədən, cinayəti elə küçənin ortasında, insanların, polisin gözü qarşısında törədirdi. Çünki arxasında İsgəndər Həmidov kimi dayağı vardı. Onun "boz qurd"larına maddi yardım edən istənilən cani dərhal bu ada layiq görülür və ona cinayətkar fəaliyyətini genişləndirməkdə "gözün üstə qaşın var" deyilmirdi.

Bəlkə də o çətin və keşməkeşli günlərdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, kim bilir Azərbaycan dövlətçiliyini və xalqımızı daha hansı müsibətlər gözləyirdi. Xalqın istək və arzusu ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəni başına almış xaosdan, anarxiyadan, ən əsası, dövlətçiliyi məhvolma təhlükəsindən xilas etdi. Yalnız bundan sonra mühüm dövlət əhəmiyyəti kəsb edən vəzifələrə, o cümlədən daxili işlər orqanlarının məsul vəzifələrinə peşəkar kadrlar cəlb edildi. 1994-cü il aprelin 29-da Prezident Heydər Əliyevin Daxili İşlər Nazirliyinin rəhbər işçilərinin iştirakı ilə keçirdiyi müşavirədən sonra isə daxili işlər orqanlarının fəaliyyətində ciddi dəyişikliklər baş verdi. Elə həmin müşavirdə daxili işlər naziri təyin edilən Ramil Usubovun rəhbərliyi ilə qısa zaman kəsiyində aparılan islahatlardan sonra təsadüfi adamlar daxili işlər orqanlarından xaric edildi, polisin qanunla nəzərdə tutulmuş fəaliyyəti təmin olundu. Bütün cinayətkarlar, cinayətkar qruplaşmalar zərərsizləşdirilərək ədalət məhkəməsinə çıxarıldı, həyata keçirilən ardıcıl tədbirlərdən sonra əhalidə olan qanunsuz silahlar yığıldı. Beləliklə, ölkədə ictimai asayiş, sabitlik tam bərqərar edildi, kriminogen durum nəzarət altına alındı, vətəndaşların narahatlığına son qoyuldu. Beləliklə, ulu öndərin hakimiyyətə qayıdışı ilə daxili işlər orqanları da təsadüfi adamlardan təmizləndi, polisin şərəfli adı özünə qaytarıldı. Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə Polis Akademiyasında keçirilən mərasimdə Prezident İlham Əliyev bu barədə deyib: "Ulu öndər Heydər Əliyev polis orqanlarının formalaşmasında xüsusi rol oynamışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda müasir polis orqanları yaranmışdır. 1993-cü ilə qədərki vəziyyəti biz yaxşı xatırlayırıq, siz də xatırlayırsınız. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurmuşdur. O vaxt - bütövlükdə 1991-1993-cü illərdə Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki, Daxili İşlər Nazirliyinin ovaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır - özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi".

Dahi öndərin 1994-cü il avqustun 9-da "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" imzaladığı fərmanla ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyuldu. Tezliklə möhkəmlənən, mətinləşən Azərbaycan polisi 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında, eləcə də 2003-cü ilin və 2005-ci ilin oktyabr aylarında ölkəmizdə sabitliyin pozulmasına, hakimiyyətin zorla dəyişdirilməsinə yönəlmiş cinayətkar əməllərin qarşısını almaqla dövlətçiliyimizin keşiyində sadiq dayandığını sübut etdi.

Prezident İlham Əliyev daxili işlər orqanlarına daim yüksək diqqət və qayğı ilə yanaşır, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliyinin artırılması üçün mühüm tədbirlər həyata keçirir. Cənab Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş polisin fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı əsasında struktur islahatların aparılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üzrə əhəmiyyətli işlər görülmüşdür. Məhz bunların nəticəsidir ki, artıq neçə ildir Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 220-yə bərabər olmaqla əksər dünya ölkələri ilə müqayisədə faizlə yox, dəfələrlə azdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə, şübhəsiz, ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır. Daxili işlər orqanları bu vəzifənin öhdəsindən layiqincə gəlməklə hakimiyyət uğrunda qeyri-qanuni və zorakı mübarizə aparmaq niyyətinə düşmüş qüvvələrə qarşı qanun çərçivəsində ciddi tədbirlər görmüş, kütləvi iğtişaş cəhdlərinin qarşısını qətiyyətlə almış, qanunçuluğu təmin etmişdir. Azərbaycan polisi üzləşdiyi çirkin təbliğat kampaniyasına məhəl qoymadan missiyasını layiqincə davam etdirir, sıralarının təmizliyini qoruyur, ölkədə hər hansı təxribat planlaşdıran siyasi dairələrə niyyətlərinin həyata keçməyəcəyi xəbərdarlığını edir.

Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycana, Prezident İlham Əliyevin uğurlu siyasətinə sədaqətlə xidmət edən daxili işlər orqanlarının dövlətçiliyimizə zərbə vurmaq, əmin-amanlığa təhlükə yaratmaq istəyənlərə qarşı mübarizədə daim barışmaz və qətiyyətli olması cəmiyyətdə böyük razılıqla qarşılanır. Azərbaycan polisi bundan sonra da dövlətçiliyimizə, ölkəmizin konstitusion dayaqlarına qarşı çıxmağa cəhd göstərənlərlə mübarizədə mətin olacaq, cinayətkarlığın qarşısının alınmasında, ictimai təhlükəsizliyin təmin olunmasında var qüvvəsini əsirgəməyəcək. Vətənə, xalqa, ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına və Prezident İlham Əliyevin siyasi kursuna sədaqət Azərbaycan polisi üçün ən ali prinsipdir.

 

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 4 iyul.- S.3.