Astaralılar qarşıdan gələn
prezident seçkilərində dövlət başçısı İlham Əliyevin
namizədliyini yekdilliklə dəstəkləyəcəklər
İyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon mədəniyyət evində keçirilən toplantıda bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar partiya üzvləri qarşısında duran vəzifələr müzakirə edilmişdir.
Tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov 150 ilk partiya təşkilatında 6 min 104 nəfəri birləşdirən bu siyasi təşkilatın gördüyü işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, YAP icra katibliyinin mayın 17-də keçirdiyi müşavirədə prezident seçkiləri ilə əlaqədar qarşıda qoyulmuş vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunmuşdur ki, prezident seçkiləri ilə bağlı partiyanın rayon təşkilatında 19 nəfərin təmsil olunduğu seçki qərargahı, 40 nəfərdən ibarət təşviqat qrupu yaradılmışdır.
Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, iyunun 7-də keçirilmiş partiyanın V qurultayında qəbul edilmiş qərarlar fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqının böyük əksəriyyəti qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir. Xalqın bu dəstəyi dövlət başçısının əməli fəaliyyətinə verilən qiymətin əyani təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 10 ildə böyük inkişaf yolu keçmişdir. Azərbaycan müasir dünyanın ən mütərəqqi dövlətlərindən birinə çevrilməkdədir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq şəraiti insanların firavan yaşamaları üçün real imkanlar yaratmışdır. Respublikamızın hər yerində quruculuq işləri sürətlə davam etdirilir. Bu proses Astara rayonunda da uğurla davam edir.
Diqqətə çatdırılmışdır ki, gələcəyə böyük inam və ümidlə baxan Azərbaycan vətəndaşları növbəti 5 ildə də bu siyasətin davam etdirilməsinə tərəfdardırlar.
Görüşdə 600 min nəfərdən çox üzvü olan YAP-ın iqtidar partiyası kimi ölkənin siyasi və ictimai həyatında fəal iştirak etdiyi faktların və rəqəmlərin dili ilə diqqətə çatdırılmışdır. Xüsusi vurğulanmışdır ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar hər bir partiya üzvünün üzərinə mühüm vəzifələr düşür. Seçkilərdə gənclərin, qadınların və rayonun tanınmış adamlarının gücündən səmərəli istifadə olunmalıdır. Partiyanın üzvləri Azərbaycan reallıqlarının olduğu kimi xalqa çatdırılmasında, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində fəal iştirak etməlidirlər.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, ölkəmizdə həyatın bütün sahələrində qazanılan uğurlar ümummilli liderin həyata keçirdiyi siyasi xəttin məntiqi nəticəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, astaralılar həmişə ulu öndər Heydər Əliyevin siyasətini, ümummilli liderin layiqli siyasi varisi Prezident İlham Əliyevin ölkəmizi yeni-yeni qələbələrə aparan məqsədyönlü fəaliyyətini dəstəkləmişlər.
Belə
bir yekdil fikir ifadə olunmuşdur ki, astaralılar Prezident İlham Əliyevin
müdrik daxili və xarici siyasətini ürəkdən bəyənirlər.
Onlar dövlət başçısına olan
inamlarını bu ilin oktyabrında keçiriləcək
növbəti prezident seçkilərində onun namizədliyini
dəstəkləməklə bir daha nümayiş etdirəcəklər.
Azərbaycan.-2013.- 4 iyul.- S.3.