Türkdilli dövlətlərin nəqliyyat nazirləri ilk dəfə Bakıda bir araya gəlmişlər

 

İyulun 3-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində Nəqliyyat Nazirlərinin birinci iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın, Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Əskər Jumaqalıyevin, Qırğız Respublikasının ölkəmizdəki səfiri Aycigit Buranovun başçılıq etdikləri nümayəndə heyətləri və Türk Şurasının baş katibi Halil Akınçı iştirak etmişlər.

İclasda Türk Şurasına üzv ölkələr arasında avtomobil, dəniz və dəmir yolu nəqliyyatı sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə çoxmodullu daşımaçılığın inkişaf etdirilməsinin vacibliyi bildirilmişdir.

Qardaş ölkələrin ticarət, sərmayə qoyuluşuturizmin təşviqi üçün əməkdaşlığının daha da möhkəmləndirilməsinin qərara alındığı görüşdə nazirlər Bakı-Tbilisi-Qars dəmir yolu və "İpək yolu" layihələrinin bir-birini tamamlayacaq formada inkişafı və "Şərq-Qərb nəqliyyat dəhlizi" ilə inteqrasiyası məsələlərini müzakirə etmişlər.

Qərara alınmışdır ki, nazir müavinlərindən ibarət əlaqələndirici qrup yaradılsın və bu qrupun əsas məqsədi müzakirə ediləcək məsələlərin əvvəlcədən ətraflı araşdırılması və qarşıya çıxacaq problemlərin həllindən ibarət olacaqdır.

Nazirlərin birinci iclasında razılaşdırılmış məsələlər Türk Şurasının avqust ayında Azərbaycanda keçiriləcək dövlət rəhbərlərinin zirvə görüşünə təqdim ediləcəkdir.

Sonra türkdilli dövlətlərin nəqliyyat nazirləri "Bakı, AktauSamsun dəniz limanları arasında qardaş liman əlaqələrinin qurulması ilə əlaqədar Anlaşma Sənədi"ni və "Nəqliyyatın inkişaf etdirilməsi sahəsində İşbirliyi Protokolu"nu imzalamışlar.

İclasın sonunda mətbuat konfransı keçirilmişdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduqları Türk Şurası türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədi daşıyan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat 2009-cu ildə imzalanmış Naxçıvan sazişinə əsasən yaradılmışdır.

 

Azərbaycan.-2013.- 4 iyul.- S.4.