UNESCO-nun baş direktoru İrina
Bokovanın Gəncənin 4 min illik yubileyi ilə əlaqədar
təbrik məktubu bu qədim şəhərin
sakinləri arasında böyük rezonans doğurmuşdur
Xəbər verdiyimiz kimi, UNESCO-nun baş direktoru İrina Bokova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ünvanladığı müraciətdə Azərbaycan xalqını qədim Gəncə şəhərinin təməlinin qoyulmasının 4 min illik yubileyi münasibətilə təbrik etmişdir.
AzərTAc xəbər verir ki, bu barədə ümumşəhər toplantısında ətraflı danışılmış və UNESCO-nun baş direktorunun təbrik məktubunun mətni oxunmuşdur.
Məktubda qeyd edilir ki, qədim "İpək yolu"nun üstündə yerləşən Gəncə şəhəri bu yol boyu mövcud olan ticarət və mədəni əlaqələrin qurulmasında böyük rol oynamışdır. Gəncə həmişə UNESCO-nun ideyası olan dialoq və qarşılıqlı anlaşmanın əsasında duran bilik, elm və müxtəlif insanların tolerantlığının qovşağı olmuşdur. Bu ruha malik Gəncə tarixin bütün dövrlərində filosofların, şairlərin, alimlərin məkanı olmuşdur. Təsadüfi deyildir ki, məhz dahi Nizami Gəncəvi və Məhsəti Gəncəvi burada yaşamış və yaratmışlar.
Toplantıda
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev, AMEA-nın Gəncə Elmi Mərkəzinin
direktoru Fuad Əliyev, Gəncə Dövlət Universitetinin
rektoru Yadigar Əliyev, tədqiqatçı-alım Tofiq Xəlilov
və başqaları çıxış edərək Gəncənin
əsl tarixinin dəqiqləşdirilməsində misilsiz xidmətləri
olan Azərbaycan dövlətinin başçısı
İlham Əliyevə və milli dəyərlərimizin
qoruyucusu, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 4 iyul.- S.4.