Serbiyanın gənclər və idman nazirinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələdə olmuşdur

 

Serbiya Respublikasının gənclər və idman naziri Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qəbələ rayonunda olmuşdur.

AzərTAc xəbər verir ki, nümayəndə heyətinin üzvləri Qəbələ Olimpiya İdman Kompleksində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə görüşmüşlər.

Qonaqlara məlumat verilmişdir ki, kompleks 2011-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, tennis, voleybol və mini-futbol kortu, stadion fəaliyyət göstərir. Hazırda Olimpiya İdman Kompleksində boks, üzgüçülük, atletika, sərbəst və yunan-Roma güləşi, voleybol, futbol, cüdo idman bölmələri fəaliyyət göstərir. Bu bölmələrdə yeniyetmə və gənclər müntəzəm olaraq idmanla məşğul olurlar.

Daha sonra qonaqlar rayonun Bum qəsəbəsində olan stend və ox atıcılığı kompleksinə baxmışlar. Məlumat verilmişdir ki, burada atıcılıq idmanının daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində Olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir.

Bundan əlavə, qonaqlar klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir.

Serbiya nümayəndə heyəti "Qəbələ" futbol klubunun bazası ilə də tanış olmuşdur. Nümayəndə heyətinə məlumat verilmişdir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədilə təsis edilmiş "Qəbələ" peşəkar futbol klubu Azərbaycanın Topaz Premyer Liqasında uğurla çıxış edir. Yeni mövsümə hazırlıqla əlaqədar komandanın gücünü artırmaq məqsədilə yeni xarici futbolçular cəlb edilmiş, məşqçilər heyəti yenilənmiş və komandanın baş məşqçisi dəyişdirilmişdir. Futbol klubunun bazası yenilənərək futbolçuların təlim-məşq proseslərinin yüksək səviyyədə keçməsi üçün ərazidə FİFA və UEFA-nın tələblərinə cavab verən 5 ədəd təbii örtüklü və 4 ədəd süni örtüklü futbol meydançası tikilib istifadəyə verilmişdir. Artıq 15000 yerlik üstüörtülü stadionun inşası üçün ayrılmış sahədə hazırlıq işləri görülür.

Qonaqlara məlumat verilmişdir ki, hazırda rayonda əsas diqqət uşaq futbolunun inkişaf etdirilməsinə yönəldilmişdir. Bu məqsədlə də "Qəbələ" peşəkar futbol klubunun nəzdində fəaliyyət göstərən Uşaq Futbol Akademiyasında yaş qruplarının sayı altıya çatdırılmışdır. Burada 200-dək yeniyetmə futbolla məşğul olur. Stadionun ərazisində Uşaq Futbol Akademiyası üçün inzibati bina tikilir. Rayonun Hacallı kəndi ərazisində  akademiya üçün 1500 yerlik süni örtüklü futbol meydançası tikilib idmançıların istifadəsinə verilmişdir.

Tanışlıq zamanı qonaqları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

Serbiya nümayəndə heyəti Qəbələ rayonundan zəngin təəssüratla ayrılaraq Şəkiyə yola düşmüşdür.

 

Azərbaycan.-2013.- 4 iyul.- S.7.