Kənd təsərrüfatı məhsulları
istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə
dəstək haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təmin edilməsi, ərzaq məhsulları
istehsalının artırılması, istehlakda idxaldan
asılılığın azaldılması üçün
aqrar sahəyə dövlət dəstəyinin bundan sonra da
davam etdirilməsi öz aktuallığını
saxlamaqdadır. İri taxılçılıq təsərrüfatlarının
yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə
cəlb edilməsi, eyni zamanda istismarda olan taxılyığan
kombaynların əksəriyyətinin mənəvi və fiziki
cəhətdən köhnəlməsi əlavə
taxılyığan kombaynların alınmasını zəruri
edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Taxılçılıqla məşğul olan kənd təsərrüfatı
məhsulları istehsalçılarının bu il
taxılyığan kombaynlara ehtiyacını təmin etmək
üçün 2013-cü ilin dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar
Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyul
2013-cü il
Azərbaycan.-2013.- 5 iyul.- S.1.