Novruz MƏMMƏDOV: Azərbaycan bu gün yüksək

 intellektual potensiala malik, dünyəvi, çiçəklənən bir ölkədir

 

Azərbaycan bu gün yüksək intellektual potensiala malik, dünyəvi, çiçəklənən və karbohidrogen ehtiyatları ilə zəngin bir ölkədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Londonda keçirilən "Günün siyasi gündəminin formalaşması: Avropa kontekstində Britaniya-Azərbaycan münasibətləri" mövzusunda forumda demişdir.

N.Məmmədov qeyd etmişdir ki, Azərbaycan müstəqillik illəri ərzində siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə bir çox nailiyyətlərə imza atmışdır. Son on ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enmiş, işsizlik 5,2 faizə düşmüşdür. Azərbaycan iqtisadiyyatı Qlobal Rəqabətə Qabiliyyətlilik İndeksinə görə 46-cı yerdədir və hazırda Cənubi Qafqaz  iqtisadiyyatının 75 faizini təşkil edir.

Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrindən danışan Novruz Məmmədov demişdir ki, bu münasibətlər davamlı inkişaf edir. Ötən əsrin sonlarında Azərbaycan ilə BP şirkəti arasında "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident Administrasiyasının rəsmisi vurğulamışdır ki,  bu gün Britaniyanın onlarla şirkəti Azərbaycanın tikinti, energetika, ticarət, xidmət və digər sektorlarında sərmayəçi və podratçı qismində iştirak edirlər. Bunun ən parlaq nümunəsi energetika sahəsində BP-ARDNŞ əməkdaşlığıdır.

Azərbaycan üçün ən ağır problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması olduğunu deyən Novruz Məmmədov qeyd etmişdir ki, məsələnin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına, digər beynəlxalq təşkilatların və institutların tutduğu ədalətli mövqeyə baxmayaraq, vəziyyət dəyişməmiş və müharibə təhlükəsi hələ də qalmaqdadır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri münaqişənin nizamlanmasında tərəqqiyə səbəb olmamışdır. "Şəxsən mən hesab edirəm ki, proseslərin hazırkı gedişi münaqişənin sülh yolu ilə nizamlanmasına ümidləri azaldır. Həmsədrlərin bəyanatları beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsinə əsaslanmır. Hətta bu məsələ ilə bağlı son vaxtlar  verilən bəyanatlar belə müxtəlif beynəlxalq təşkilatların 5-6 il əvvəl qəbul etdikləri müxtəlif sənədlərlə əks olunan məsələlərdən fərqlənir. Bu, müzakirələrin gedişində problemlər yaradır", - deyə Prezident Administrasiyasının rəsmisi əlavə etmişdir.

Novruz Məmmədov bəzi təşkilatların və hökumət qurumlarının hesabatlarında Azərbaycanda demokratiyainsan haqlarının pozulduğu barədə fikirlərin yer almasına münasibət bildirərək vurğulamışdır: "Bununla belə, bu hesabatlarda milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğu barədə heçdeyilmir".

Avropada multikulturalizmin səviyyəsinin aşağı düşdüyü bir vaxtda Azərbaycanda müxtəlif dinlərin təmsilçiləri sülh və tolerantlıq şəraitində yaşadığını vurğulayan Novruz Məmmədov bildirmişdir ki, Azərbaycan bütün dünya ölkələri, hətta Avropa üçün nümunə ola biləcək idealtolerant cəmiyyət qurmağa müvəffəq olmuşdur.

N.Məmmədov qeyd etmişdir ki, Azərbaycanda o qədər də əhəmiyyətli olmayan problemlər vardır. Biz tənqidi normal qəbul edirik. Bununla belə hesab edirik ki, tənqid yanlış və ədalətsiz olmamalıdır. Yalnız ədalətli tənqid müxtəlif təhdid və təhlükələri dəf etməyə imkan verə bilər.

 

Azərbaycan.-2013.- 5 iyul.- S.1.