Heydər Əliyev Fondu
Azərbaycan mədəniyyətini Kannda təqdim
edir
İyulun 4-də Kannda Azərbaycan mədəniyyəti günləri açılmışdır. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu layihə çərçivəsində Azərbaycan mədəniyyətinin fərqli tərəfləri - tarixi və müasir zənginlikləri təqdim edilir. Artıq bu günlər Kann və ətraf şəhərlər Azərbaycanın təqdimat bannerləri və lövhələri ilə bəzədilmişdir.
İyulun 7-dək davam edəcək mədəniyyət günləri çərçivəsində müxtəlif layihələrin təqdimatı nəzərdə tutulur. Azərbaycan "Pirotexnika sənəti" Kann festivalında ilk dəfə təmsil olunur. 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir. İyulun 4-də Azərbaycandan olan atəşfəşanlıq qrupu "Azərbaycan musiqi və rənglərdə" şousunu Qara Qarayevin "Yeddi gözəl" baletindən vals, Niyazinin "Rast", Fikrət Əmirovun "Şur" simfonik muğamları, Müslüm Maqomayevin "Azərbaycan" mahnısı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim etmişdir. Festival zamanı bu şou üçün yazılmış xüsusi partitura da ifa olunmuşdur.
İyulun 5-də isə Kannda Azərbaycan caz musiqisi tarixi və müasir çalarlarda səslənəcəkdir. Şahin Növrəsli, İsfar Sarabski və Səbinə Babayevanın ifasında Azərbaycanın məşhur caz kompozisiyaları təqdim olunacaqdır.
İyulun 6-da isə Heydər Əliyev Fondunun mədəniyyətimizi yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində Fransada klassik musiqi gecəsi təşkil olunacaqdır. Həmin gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra, xalq və bəstəkar mahnıları səslənəcəkdir.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunan hər bir layihə ölkəmizin qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə yaxından tanışlığa geniş imkan yaradacaqdır. Mədəniyyət günlərində yerli sakinlər və turistlərin Azərbaycanı müxtəlif sərgilər vasitəsilə də tanımaq imkanı olacaqdır. Bu sərgilər sırasında "Qız qalası" və "Ceyranlar" sərgisi xüsusi maraq doğurur. Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliği məqsədini daşıyan sərgidə müxtəlif ölkələrin rəssamları tərəfindən milli üslublarda naxışlarla bəzədilən kiçik maketlər fərqli mədəniyyət və adət-ənənələrin sintezində təqdim ediləcəkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji layihə çərçivəsində "Ceyranlar" sərgisi isə öz orijinallığı və tərənnüm etdiyi ideya baxımından diqqət çəkir. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmış və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilmişdir. Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer almışdır.
Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Qafqazın incisi - Azərbaycanın mədəni dəyərləri" və Azərbaycanın müasir incəsənət nümunələrindən ibarət "Emosiyalar sərgisi" isə Azərbaycan və onun mədəni sərvətlərinin, müasir incəsənətinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusi şounun müşayiəti ilə təqdim olunan "Milli mətbəx günü" Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi, ənənələri barədə dərin təəssüratlarla yadda qalacaqdır. Bu layihə Azərbaycanın milli mətbəx nümunələrinin hər birinin tarixi, fəlsəfəsi barədə geniş məlumat əldə etmək imkanı yaradacaqdır.
İyulun 7-də təşkil
olunan proqram isə Azərbaycan
milli kino tarixi ilə tanışlıq xarakteri
daşıyır. Həmin
gün Fransada milli kinomuzun incilərindən olan "Arşın
mal alan" filmi təqdim ediləcəkdir.
Mədəniyyət günləri iyulun 7-də
açıq havada təşkil olunacaq konsert proqramı ilə başa çatacaqdır. "Natiq"
ritm qrupu, Azərbaycan Dövlət rəqs ansamblı Odlar Yurdunun ritmlərini, qədim balaban və tar isə muğam sənətini tamaşaçılara
çatdıracaqdır.
Mədəniyyət günləri ilə bağlı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan,
ingilis, fransız dillərində xüsusi nəşrlər də hazırlanmışdır. Bu nəşrlərdə Azərbaycanın
zəngin, qədim və müasir mədəniyyəti barədə
geniş məlumatlar əksini tapmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 5 iyul.- S.2.