«Nice-matin» qəzeti oxucularına Kannda keçiriləcək Azərbaycan

 mədəniyyəti günləri haqqında geniş məlumat çatdırmışdır

 

Fransanın nüfuzlu mətbuat orqanları ölkənin Kann şəhərində keçiriləcək Azərbaycan mədəniyyəti günlərindən bəhs edən yazılara öz səhifələrində geniş yer ayırır.  Fransanın cənub bölgəsində nəşr olunan "Nice-matin" qəzetinin 4 iyul tarixli nömrəsində dərc olunmuş "Azərbaycanın zəngin mədəniyyəti" sərlövhəli məqalə də bu qəbildəndir.

Qəzet xəbər verir ki, mədəniyyət günlərinin açılışında Azərbaycanın birinci xamımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşa iştirak edəcəklər. Tədbir çərçivəsində müxtəlif məzmunlu dörd sərgi nümayiş olunacaqdır. İlk gün Kann sakinləri Azərbaycanın müasir incəsənətinə   həsr edilən sərgiyə baxa biləcəklər. Axşam isə Azərbaycanın şərəfinə atəşfəşanlıq təşkil ediləcəkdir.

Məqalədə iyulun 5-də şəhərin məşhur Festivallar Sarayında  Heydər Əliyev Fondu tərəfindən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" adlı sərgi açılacağı və sərginin iyulun 20-dək fəaliyyət göstərəcəyi, iyulun 6-da  Debüssi teatrının binasında Azərbaycan Dövlət Simfonik Orkestrinin böyük konsert proqramı ilə çıxış edəcəyi, iyulun 7-də "Arşın mal alan" filminin nümayiş etdiriləcəyi,   milli rəqslərimizin ifa olunacağı bildirilir .

Mədəniyyət günləri çərçivəsində fransız musiqisevərlərin Azərbaycanın  caz musiqisi ilə də yaxından tanış olmaq imkanı qazanacaqlarını diqqətə çatdıran qəzet konsertdə  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirak edəcəyini xüsusi vurğulayır.

"Nice-matin" qəzeti Kann sakinlərinin zəngin Azərbaycan mədəniyyəti ilə ilk geniş tanışlıq fürsəti əldə etdiyini diqqətə çatdırmış, öz səhifəsində qızlardan ibarət rəqs qrupunun ifası əks olunmuş fotoşəkilə də yer ayırmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Kann

Azərbaycan.-2013.- 5 iyul.- S.2.