Gələcəyin inkişaf hədəfləri

 

Gələcək barədə xoş arzu və düşüncələr insanları daha yaxşı çalışaraq daxili güc və imkanlarını, potensialını səfərbər etməyə sövq edir. Təbiidir, insan sabahını bu günündən daha firavan və güvənli görmək istəyir və bu nəcib niyyət onun fəaliyyətində stimulverici amilə çevrilir. Bu fikri tarixən insanları vahid ərazi hüdudlarında birləşdirərək sivil birgəyaşayışı təmin edən ayrı-ayrı dövlətlərə də şamil etmək olar.

İstisnasız olaraq hər bir cəmiyyətin yüksək rifahı və tərəqqisi, ilk növbədə, dövlətin siyasi sisteminin xarakterindən, inkişaf strategiyasının mahiyyətindən, milli potensialın düzgün realizə edilməsindən asılıdır. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət bir o qədər qüdrətli görünür. 

Tarixən bu reallıq da tam təsdiqini tapmışdır ki, hakimiyyəti xalqın iradəsinə söykənən, onun dəstəyini hiss edən qətiyyətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Məhz bu cür liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürütməyə, uğurlu gələcək naminə xalqın, dövlətin güc və imkanlarını, vahid milli ideyanın gerçəkləşdirilməsinə səfərbər edirlər. Hər bir xalqın vahid amallar naminə birləşməsi, inkişaf və tərəqqi yönümünü düzgün müəyyənləşdirməsi müxtəlif tarixi mərhələlərdə qarşıya qoyulan məqsədlərdən asılıdır. Cəmiyyətdə mütləq çoxluğun mənafeyini dolğun əks etdirən bu məqsədlərin müəyyən hallarda qlobal səciyyə daşıması, mütərəqqi və nəcib mahiyyəti ilə ictimai şüurda möhkəmlənir, tədricən inkişaf edərək milli ideya səviyyəsinə yüksəlir.

Müasir dövrdə hər bir xalqın tarixi inkişaf yolundan soraq verən milli ideya özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini təcəssüm etdirir: o, cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyası olmaqla yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir. O, sabit və statik xarakterli olmayıb zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir.

Hələ ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi formasiya üçün zəruri islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdi. Lakin son illər Azərbaycanın bütün sahələrdə ciddi nailiyyətlər əldə edərək sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə dəyişmişdir.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.

Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə" 20 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir konsepsiyanın imzalanması deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın sadəcə bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Cənab İlham Əliyevin sözügedən sərəncamı ölkənin uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Sözsüz ki, bu konsepsiya 2020-ci ilədək Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.

Bu mərhələdə, eyni zamanda, Azərbaycanın modernləşməsi mərhələsi uğurla başa çatdırılacaqdır. Modernləşmə kosmetik yeniləşmə  deyil, keyfiyyətcə təkmilləşdirmə, iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsi deməkdir. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyləri olmadan modernləşmə mümkün deyil. Yəni, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir.

 

 Gələcək naminə müdrik seçim

 

 

Tarix boyu gələcək inkişafı önə çəkən ideyalar ətrafında sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləmiş, uğurlu nəticələr əldə etmişlər. Bu mənada, dünya arenasında layiqli yer tutmaq istəyən hər bir millətin milli ideyasının - inkişafın məqsəd və prioritetlərinin olması son dərəcə vacibdir. Fəqət, hər hansı mütərəqqi ideyanın irəli sürülməsi özlüyündə hələ onun uğuruna təminat vermir. Gələcəklə bağlı istənilən ideya o vaxt həyati və cəlbedici təsir bağışlayır ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu, ilk növbədə, dövlətə rəhbərlik edən liderin şəxsi idarəçilik keyfiyyətlərindən, gələcəklə bağlı doğru qərarlar qəbul etmək məharətindən asılıdır.

Azərbaycan cəmiyyətində son nəticə həmişə illüziyalardan deyil, real göstəricilərdən ibarətdir: ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi mənasında xalqımız kifayət qədər müdrikdir. Davamlı inkişafa təminat olan ulu öndər Heydər Əliyev ənənələrini davam etdirmək üçün cənab İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər ötən 10 ildə ictimai rəydə həm də bu siyasətin alternativsizliyi qənaətini yəqinləşdirmişdir. 

Bəli, cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 10 ildə reallaşmamış qalsın. Öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti sayəsində, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan 2003-2010-cu illərdə fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Əldə olunmuş uğurlar, həyata keçirilən islahatlar mövcud siyasi kursun davam etdirilməsini obyektiv zərurətə çevirir. Dövlətin, xalqın taleyinə biganə olmayan insanlar isə məhz gələcək inkişaf, sabitlik, tərəqqi, yüksək rifah naminə bu siyasətin növbəti beşilliklə də davam etdirilməsini istəyirlər.

Yeni Azərbaycan Partiyasının V qurultayında cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi təkcə bu siyasi təşkilatın yüz minlərlə üzvünün deyil, ümumilikdə, milyonlarla Azərbaycan vətəndaşının istəyi, cəmiyyətin arzusu ilə gerçəkləşmişdir. Qurultayda dərin məzmunlu nitq söyləyən dövlət başçısı Heydər Əliyev siyasətinin Azərbaycanın davamlı inkişafı baxımından alternativsiz seçim olduğunu vurğulamışdır: "2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan, Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir".

 

 

 

Lider əzmi xəyalları gerçəyə çevirir

 

 

Müdrik və qədirbilən xalqımızın Heydər Əliyev dühasına sonsuz sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı 2003-cü və 2008-ci ilin prezident seçkilərində öz sözünü demişdir. Xalqın xeyir-duası ilə prezident səlahiyyətlərini icra edən cənab İlham Əliyevin "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - fikri onun ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə sadiq olduğunu bir daha nümayiş etdirir. Ötən illərdə dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdır: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!

Statusundan, ictimai mövqeyindən asılı olmayaraq, hər bir insanın hansı ideyanın daşıyıcısı, nə əməl sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir. Bu mənada, cənab İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam. Mən yaxşı Prezident olacağam" - deyən dövlət başçısı ötən dövrdəki çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultmuş, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübut etmişdir.

Ötən dövrün reallıqları deməyə əsas verir ki, cənab İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyəti olan komandaya malikdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.

2003-cü il oktyabrın 15-də seçkilərdən sonrakı onilliyin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlının "Niyə növbəti seçkilərdə də məhz İlham Əliyevə səs verməliyik" sualına cavabı da qəti və birmənalı olmuşdur: 2008-ci ilin 15 oktyabr seçkilərində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənmişdir.

Ötən illərdə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi Ərzurum qaz kəməri istifadəyə verilmiş, "Ümid", "Abşeron" kimi perspektivli yataqlar kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılmış, ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublkamızın Avratlantik strukturlara inteqrasiya rrosesini sürətləndirmişdir.

Monolit, işlək, çevik komandaya malik dövlət başçısı keyfiyyətcə yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək, ilk növbədə, milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmiş, respublikamız 2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 10 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir.

Cənab İlham Əliyevin böyük uğurlarının bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. İlham Əliyevin hər iki  prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə də mavi yanacaq üzü görməyən Yardımlıya, Lerikə qaz çəkilmiş, ucqar dağ kəndlərinə - Xınalığa, Xoşbulağa yol çəkilmiş, daha bir fantastik layihənin - strateji əhəmiyyətli Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan vətəndaşlarının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırır.

Azərbaycan xalqının düşüncəsində su çəkmək həmişə savab, halal iş sayılmışdır. Böyük messenat Hacı Zeynalabdin Tağıyev məhz Bakıya Şollar suyu çəkməklə xalqımızın qəlbində daim yaşayacaq, xatırlanacaqdır. XXI əsrin əvvəllində isə bu xeyirxah, nəcib, missiyanı xalqını və dövlətini qəlbən, ruhən sevən cənab İlham Əliyev üzərinə götürərək uğurla sona çatdırmışdır. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi cənab İlham Əliyevin ötən 10 ildə paytaxt sakinlərinə ən böyük yaxşılıqlarından biridir.

Prezident İlham Əliyevin lider kimi böyüklüyü və qüdrəti onun gələcək barədə kifayət qədər aydın, realist, nikbin baxışlara malik olmasıdır. YAP-ın son qurultayında dövlət başçısının söylədiyi fikirlər bu baxımdan xüsusi maraq doğurur: "İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır. Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq".

 

 

 

Mədəniyyətlərarası dialoq məkanı

 

 

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı təkcə iqtisadi cəhətdən qüdrətli dövlətə çevirməmiş, eyni zamanda, onun regionda, ümumilikdə Avratlantika geosiyasi məkanında siyasi nüfuzunun yüksəlməsini təmin etmişdir.  Ötən illər respublikanın xarici siyasətində fəallığın, intensivliyin və səmərəliliyin artması ilə səciyyəvidir və bunun nəticəsi kimi Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin sayı da çoxalır. Xatırlatmaq yerinə düşər ki, ölkə rəhbəri İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanı ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilməlidir. Bu fərman əsasında bir müddət əvvəl Bakıda keçirilmiş İkinci Mədəniyyətlərarası Dialoq Forumu da, ilk növbədə, respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir.

Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, harmoniya içində dinc yanaşı yaşamışlar. Qitələrin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərə, mədəni dəyərlərə, adət və ənənələrə tolerant münasibəti ilə fərqlənir. Bu baxımdan ölkədə etnik-milli və dini tolerantlığın inkişafında Heydər Əliyev Fondunun da xidmətləri müstəsnadır. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti sayəsində ölkəmiz sözün həqiqi mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoq və ortaq məxrəc axtardığı məkana çevrilmişdir. Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond son illərdə Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir.

Bakıda keçirilən beynəlxalq humanitar forumlar istər formasına, istərsə də müzakirə olunan məsələlərin mahiyyətinə görə xüsusilə fərqlənir. Bu forumlarda, əsasən, multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzular müzakirə olunur. Ümumilikdə, humanitar əməkdaşlıqla bağlı qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün nüfuzlu platforma kimi nəzərdə tutulmuş mədəniyyətlərarası dialoq forumunun məqsədi XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, sivilizasiyaların dialoqunu təmin etməkdir. Son illər respublikamızın paytaxtında  keçirilən bu cür humanitar forumlar vasitəsilə dialoqun qurulması - ideyalar, nəzəri və praktiki biliklər mübadiləsi deməyə əsas verir ki, Bakı şəhəri həm də intellektual müzakirələr məkanına çevrilir.

Bakıda keçirilən humanitar forumlarla hər ilin yanvar ayında İçveçrənin Davos şəhərində təşkil olunan ənənəvi illik iqtisadi forumlar arasında analogiya aparanlar, bu mənada, haqlı görünürlər. Sadəcə olaraq, Davosda iqtisadi, Bakıda humanitar yönümlü müzakirələr, konfranslar, debatlar keçirilir. İkinci Mədəniyyətlərarası Dialoq Forumunda dərin məzmunlu nitq söyləyən möhtərəm Prezident İlham Əliyev demişdir: "Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır. Qeyd etməliyəm ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meyilləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik və artıq fəaliyyətimizi təkcə ölkənin hüdudları ilə məhdudlaşdırmırıq. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır. Hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz - istər siyasi, iqtisadi, digər sahələrlə bağlı təşəbbüslərimiz də, eyni zamanda, regional əməkdaşlıq üçün yaxşı şərait yaradır və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meyilləri daha da gücləndirir".

Bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı keçirilmiş "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun əhəmiyyətini də bu baxımdan xüsusi qeyd etmək lazımdır. Forumda iki strateji müttəfiq ölkə arasında əlaqələrə nəzər salınmış, eyni zamanda, münasibətlərin gələcək inkişaf istiqamətləri nəzərdən keçirilmişdir. Forumda geniş nitq söyləyən dövlət başçısı iki ölkə arasında əlaqələrin bundan sonra yüksək dinamizmdə inkişaf edəcəyinə inamını ifadə etmişdir.

 

 

 

YAP-da qadınların mövqeyi daha da güclənir

 

 

Yeni Azərbaycan Partiyasının V qurultayı üçün ən əlamətdar hadisələrdən biri də Siyasi Şuranın və Qadınlar Şurasının üzvü Mehriban xanım Əliyevanın partiyanın sədr müavini seçilməsidir. Düşünürəm ki, bu seçim təkcə partiyamızın çoxminlik üzvlərinin deyil, ümumilikdə, Azərbaycan cəmiyyətinin Mehriban Əliyeva fenomeninə sonsuz rəğbət və hörmətinin əyani təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, bu gün respublikada qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli, ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri müstəsnadır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun şəxsində Azərbaycan qadınının UNESCO və İSESCO kimi mötəbər qurumlarda etibarlı nümayəndəsi, nəcib və xeyirxah elçisi vardır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Fond ölkədə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bu gün qadınlar təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin, bir sözlə, ölkə həqiqətlərinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda, dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir.

2012-ci ilin mayında Krans Montana Forumu çərçivəsində "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda plenar iclasda çıxış edən Azərbaycanın birinci xanımı demişdir: "Qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir. Bu, Azərbaycanda qadınlar üçün təhsil imkanlarının daha da genişləndirilməsi sahəsində özünü göstərmişdir. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi məktəb Azərbaycanda açılmışdır. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılmışdır. Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir".

Şübhəsiz, ulu öndər Heydər Əliyevin adını daşıyan fonda layiqincə rəhbərlik edən Mehriban Əliyevanın bu gün qadın hərəkatının önündə dayanması təsadüfi olmayıb, irs-varislik əlaqələrinin məntiqi nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görkəmli söz ustadları Mir Cəlalın, Nəsir İmanquliyevin, akademik Arif Paşayevin, mərhum şərqşünas alim, professor Aida xanım İmanquliyeva kimi işıqlı insanların mənəvi-genetik irsinin daşıyıcısıdır. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin göz bəbəyi kimi qorunduğu və dünya mədəniyyətinin mükəmməl nümunələrinə böyük sayğı göstərildiyi elitar mühitdə tərbiyələnmiş, böyük şəxsiyyət Heydər Əliyevin ailəsində həyat məktəbi keçmiş, bu il 90 illiyini qeyd etdiyimiz nəcib insan, nurlu əməllər sahibi akademik Zərifə xanım Əliyevadan görüb-götürmüşdür. YAP Siyasi Şurasının üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların YAP-a, ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır.

Ötən il yaranmasının 20 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının da fəal iştirakı ilə son illər ölkədə qadınların ictimai-siyasi fəallığı artırılmış, dövlət idarəçiliyi sisteminə onların iştirakı təmin edilmişdir. Qürurla deyə bilərik ki, 2010-cu ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, YAP-ı Milli Məclisdə təmsil edən xanım deputatların sayı əvvəlki dövrdəki 7 nəfərdən 15 nəfərə yüksəlmişdir. YAP-ın ilbəil güclənməsi, sıralarını artırması onun tərkibində qadınların rolunu da gücləndirir. Hakim partiyanın üzvü olan qadınlar idarəetmə orqanlarında, elm, təhsil, mədəniyyət müəssisələrində öncül sıralarda təmsil olunur, ölkəmizin inkişafına layiqli töhfələrini verirlər. Hazırda partiya üzvlərinin 47 faizini qadınlar təşkil edir. Qadınların seçkili orqanlarda təmsilçiliyinin yüksəlməsi, ümumilikdə, zərif cinsin nümayəndələrinin seçkilərdə aktiv iştirakı da məhz aparılan geniş təbliğat və maarifləndirmə işlərinin nəticəsi sayılmalıdır.

YAP Qadınlar Şurasının partiya fəaliyyətinin uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın da özünəməxsus yeri və rolunu qeyd etmək istərdim.  Azərbaycanın birinci xanımı partiya həyatı ilə bağlı bu və digər tədbirlərdə daim yüksək fəallıq göstərmiş, onun bu fəaliyyəti qadınlarımız tərəfindən daim rəğbətlə qarşılanmışdır. İnanırıq ki, Mehriban xanım Əliyevanın YAP sədrinin müavini seçilməsi partiyamızın cəmiyyətdəki nüfuzunu daha da yüksəldəcək, qadınların təşkilata sürətlə axınına yeni təkan verəcəkdir...

 

* * *

 

Seçib-seçilmək istəyi insanlığın can atdığı ali dəyər olaraq ta qədimdən sivilizasiyanın müasir mərhələsinədək uzun yol qət etmiş, bəşəriyyətin demokratik-hüquqi ideallar uğrunda mücadiləsinin ideya istiqamətinə, ümdə qayəsinə çevrilmişdir. Qərinələr boyu insanların gələcək tale yolunu da məhz yaxşı olanı doğru-dürüst dəyərləndirmək, ağı-qaradan, yaxşını-pisdən seçmək qabiliyyəti müəyyənləşdirmişdir. Azərbaycanlı milli düşüncəsində də seçim anlayışı son dərəcə məsuliyyətli, həyati əhəmiyyət kəsb edən məsələ kimi qərarlaşmışdır. Bu mənada, tam inanırıq ki, müdrik xalqımız növbəti prezident seçkilərində bir daha düzgün seçim edərək Azərbaycanın davamlı inkişaf və tərəqqiyə aparan siyasi kursun təntənəsinə səs verəcəkdir.

 

 

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor

Azərbaycan.-2013.- 5 iyul.- S.3.