Qürur mənbəyimiz

 

İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradı televiziya ekranından çox böyük həyəcanla izlədim.

Həmin parad yarım əsr əvvəlləri yadıma saldı. 1941-1945 ci illər müharibəsinin ilk günündən sonuna qədər müharibədə iştirak edib sinəsi ordenmedallarla dolu geri dönən atam hər il 9 May günündə ailədə hamımızı ekran qarşısına toplayar, Moskvada Kreml meydanında keçirilən sovet ordusunun hərbi paradını seyr edərdik. O parad da çox əzəmətli keçirilərdi. Ancaq 26 iyunda keçirilən hərbi parad bir neçə məqamı ilə əlamətdar olduğu üçün mənə daha möhtəşəmlik, daha böyük təsir bağışladı.

İlk növbədə, bu parad müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin real, göz qabağında olan göstəricisi idi. Bu parad sübut etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi dəst-xətt digər bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də özünü doğrultmuşuğurla davam etdirilməkdədir.

Ən ürəkaçan faktlardan biri odur ki, paradda nümayiş olunan hərbi texnikanın böyük qismi, müxtəlif döyüş silahları, saysız çeşiddə hərbi sursat Azərbaycan Müdafiə Sanayesi  Nazirliyinin müxtəlif müəssisələrinin məhsulları idi. Paradda nümayiş olunan hərbi texnikanı, döyüş silahlarını, əsgər və zabitlərimizin geyimlərini, səliqə-sahmanını, onların arasındakı nizam-intizam mənə 20-22 il əvvəl iştirakçısı olduğum Sədərək döyüşlərini xatırlatdı.

Həmin dövrdə ölkədə hökm sürən xaosu, o vaxtkı orduda olan özbaşınalığı, düşmən qarşısına çıxmaq üçün adi ov tüfəngi də tapa bilmədiyimizi yada saldıqca, bu parada baxa-baxa qürur hissi keçirir və Tanrıya şükür edirdim ki, artıq müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü qorumağa qadir olan qüdrətli ordumuz var.

Ölkə Prezidenti cənab İlham Əliyevin paradda söylədiyi nitqi də, xüsusilə Azərbaycan Bayrağının Xankəndidə, Şuşada dalğalanacağı günün çox da uzaqda olmadığı fikrini əminliklə ifadə etməsi də parad iştirakçıları və paradı seyr edən yüz minlərlə insanın qəlbində böyük  qələbəyə inamı bir daha yəqinləşdirdi.

Fikrimcə, ölkə Prezidentinin paraddakı çıxışı gündən-günə özünü fəlakətlərə yaxınlaşdıran düşmənlərimizə mesaj və son xəbərdarlıqdır.

 

 

Vaqif MƏMMƏDOV,

Azərbaycan Vətən Müharibəsi veteranı,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

 tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2013.- 5 iyul.- S.4.