Azərbaycan Malayziyada keçirilən III Beynəlxalq İƏT Modeli Sammitində təmsil olunur

 

İyulun 4-də Malayziyanın paytaxtı Kuala Lumpurda III Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin rəsmi açılış mərasimi olmuşdur.

İslam Konfransı Gənclər Forumunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İƏT ilə əlaqəli beynəlxalq qurumlar olan Dialoq və Əməkdaşlıq Təşkilatı (DƏ-İKGF) və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə təşkil olunmuş tədbir iyulun 6-dək davam edəcəkdir.

Açılış mərasimində Malayziyanın Pahanq əyalətinin sultanı və MBİS-in konstitusional rəhbəri Sultan Hacı Əhməd əl-Mustainbillah, Türkiyənin ailə və sosial siyasət nazirinin müavini xanım Askın Asan, DƏ-İKGF Beynəlxalq Katibliyinin kabinet rəhbəri Elməddin MehdiyevMBİS-in rektoru xanım Zaleha Kamaruddin çıxış etmişlər.

İƏT-in üzvü olan ölkələrin gənclərinin problemlərinə və bu sahədə DƏ-İKGF-nin gördüyü işlərə toxunan E.Mehdiyev tədbirin iştirakçılarına İƏT-in baş katibi, professor Ekmələddin İhsanoğlunun təbriklərini çatdırmışdır.

DƏ-İKGF-nin təşəbbüsü ilə beynəlxalq səviyyədə keçirilən layihənin birinci mərhələsi 2011-ci ildə İstanbulda həyata keçirilmişdir. İkinci İƏT Modeli isə 2012-ci ildə Tatarıstanın paytaxtı Kazanda təşkil olunmuşdur. Malayziyada keçirilən layihənin üçüncü  mərhələsində İƏT-in üzvü olan 40-dan artıq dövlətdən və ümumilikdə 50 universitetdən 120 tələbə, həmçinin 50 yerli tələbə iştirak edirlər. Tədbir çərçivəsində simulyasiya oyunları, gənclərin müxtəlif sahələrdə bacarıqlarının artırılması üçün məşğələlər keçirilir, İƏT bölgəsində mövcud siyasi, iqtisadisosial problemlər barədə nəzəri-akademik panellər təşkil olunur. Qalib komandalar tədbirin rəsmi bağlanış mərasimində elan ediləcəklər.

Sammit zamanı, həmçinin İƏT ilə bağlı müxtəlif, o cümlədən İƏT coğrafiyasında "İlin dövlət başçısı", "İlin xarici işlər naziri", "İlin gənclərin dostu" və s. nominasiyalar üzrə tədbir iştirakçıları arasında sorğu keçiriləcəkdir. Sorğunun nəticələri iyulun 6-da elan olunacaqdır.  Tədbirdə Azərbaycanı DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşkil etdiyi milli İƏT Modeli simulyasiya oyunlarının qalibləri olan Bakı Dövlət Universitetinin, Azərbaycan Diplomatik Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri təmsil edirlər.

İƏT-in üzvü olan dövlətlərin universitetlərində İƏT Modeli klubları qurularaq bir sıra ölkələrdə (məsələn, Azərbaycanda və Türkiyədə) pilot xarici siyasət akademiyaları təşkil olunur, həmçinin ildə bir dəfə beynəlxalq səviyyədə İƏT Modeli Sammiti keçirilir. DƏ-İKGF-nin reallaşdırdığı proqramın məqsədi gənclərin siyasi biliklərini və diplomatik bacarıqlarını artırmaqdır.

 

Azərbaycan.-2013.- 5 iyul.- S.5.