Əqidə və mövqe sahibi
Yaxşı insan Allahın Yerdəki elçisidir - demişlər. Dostları, onu tanıyanlar Yaşar müəllim haqqında danışanda ilk ifadə məhz "yaxşı insan" sözü olur. Yaşar müəllim birinci görüşdən insanların yadında qalır, onlarda xoş və səmimi ovqat yaradır.
Söhbət müstəqilliyin ilk dövründə Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikeri olmuş, sabiq millət vəkili, uzun müddət Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmiş, bir çox elmi məqalələrin və monoqrafiyaların müəllifi, səfir, həkim, ictimai xadim, ən əsası, sadə və səmimi insan Yaşar Əliyevdən gedir.
Yaşar Əliyev 1948-ci il iyul ayının 5-də Bakı şəhərində anadan olub. İxtisasca həkim olan Yaşar müəllim uzun illər Semaşko (indiki Musa Nağıyev) adına 1 saylı şəhər klinik xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Bu yerdə bir anlığa Yaşar Əliyevin gənclik dostu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onun haqqında dediklərinə diqqət yetirək:
- Biz Yaşar Əliyevlə səksəninci illərin ortalarından tanışıq. O zaman mən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində çalışırdım. Bizim tanışlığımız qısa müddət ərzində səmimi dostluğa çevrildi. Yaşar Əliyev çox saf adamdır, dostluğa olduqca sadiqdir. Həyatda belə insanlar az-az olurlar. Bir dəfə xatırlayıram, respublika Komsomolunun Mərkəzi Komitəsində işləyərkən bir əməkdaşımızın davranışı ilə bağlı çoxlu söz-söhbətlər gəzirdi. Bu şəxs həm də qan xəstəsi olduğuna görə onu işdən çıxara bilmirdim. Bir gün Yaşar müəllim mənə zəng vurub dedi ki, bilirəm, sənin işçin haqqında müxtəlif söhbətlər var, onu mənim yanıma göndər.
Onun bu hərəkəti dostluğa sədaqətin, səmimi təəssübkeşliyin bir nümunəsi idi.
Yaşar müəllim qətiyyətli, aydın mövqe sahibidir. Taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda cəsarət göstərməsi onun mühüm xüsusiyyətlərdəndir. Milli Məclisin deputatı olarkən, eyni zamanda, Milli Şuranın da üzvü idi. Həmin dövrdə isə ölkədə gərginlik, ziddiyyətlər gündən-günə artırdı. Xalq birmənalı şəkildə Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləyirdi. Bu ərəfədə Yaşar Əliyev növbəti dəfə öz prinsipial mövqeyini nümayiş etdirdi. O vaxt deputatlar məsələ qaldırmışdılar ki, Heydər Əliyev Milli Şuranın tərkibinə salınsın. İqtidarda olan indiki müxalifət isə buna qarşı çıxırdı. Həmin anda Yaşar Əliyev öz mandatından Heydər Əliyevin xeyrinə imtina edəcəyini bildirdi və ciddi bir mövqe ortaya qoydu. Bu hərəkəti ilə Yaşar Əliyev bir daha sübut etdi ki, o, Azərbaycanın nicatı naminə ən düzgün mövqedədir, millətini, xalqını sevən vətənpərvər insandır!
Yaşar Əliyev həm də yüksək
intellekt sahibidir. Onun intellekti geniş spektri əhatə edir. Bu insanla istənilən
sahədə rahatlıqla danışmaq olar. Gözəl həmsöhbət, müsahib kimi
maraqlı şəxsdir. Məqsədyönlülük,
yenilikçilik, prinsipiallıq onun xarakterik xüsusiyyətləri
içərisində ayrıca vurğulanmalıdır.
O, harada çalışmasından asılı olmayaraq,
heç zaman dostlarını unutmur, onları daim yad edir.
Yaşar Əliyev çox gözəl auraya malikdir. Belə ki,
onunla bir dəfə oturub söhbət edən hər kəs
bu insanı qətiyyən yaddan çıxara bilmir. Milli-mənəvi dəyərlərə
bağlılıq, yüksək mədəniyyət, alicənablıq
kimi keyfiyyətlər Yaşar Əliyevin portretinə xas
ştrixlərdir. Yüksək
erudisiyası, təmkini, gələcəyə inam hissi
başqaları üçün daim örnəkdir.
İndiyədək bir nəfər belə tapılmaz ki, onun
haqqında mənfi mənada nəsə bir söz desin. Hamı birmənalı şəkildə Yaşar
müəllimin dəyərli ziyalı, yaxşı insan
olduğunu təsdiqləyir.
1988-ci ildən Milli Azadlıq Hərəkatının fəal
iştirakçılarından olan Yaşar Əliyev
1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinə
keçirilən seçkilərdə deputat seçilir. Və həmin
andan etibarən ictimai-siyasi sahədəki fəaliyyəti bu
insanın həyatının bir parçasına
çevrilir. Müstəqillik Aktının
hazırlanmasında və qəbul olunmasında, ulu öndərin
rəhbərliyi altında müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasının işlənməsində,
Yeni Azərbaycan Partiyasının yaradılması və təşkilatlanmasında
- bütün taleyüklü problemlərin həllində fəal
iştirak edir, öz mövqeyini ortaya qoyur.
YAP
İcra Aparatının rəhbəri Əli Əhmədov
Yaşar Əliyevin ictimai-siyasi fəaliyyəti ilə
bağlı deyir:
- Hər
şeydən öncə, Yaşar müəllim əsl vətəndaşdır,
alovlu vətənpərvərdir! Onun
bütün fəaliyyəti, duyğuları və
düşüncələri vətənpərvərlik
mövqeyi üzərində qurulub. Əgər
biz Azərbaycanın taleyüklü məsələlərinin
həll olunduğu ötən əsrin 80-90-cı illərinə
nəzər salsaq, həmin mübarizlər içərisində
Yaşar müəllimi ön sıralarda görərik. Yaşar Əliyev Azərbaycanın müstəqillik
tarixində öz izini qoyan insanlardan biridir.
Siyasi
baxışlarında hər zaman sabit və prinsipial olan
Yaşar müəllim ölkənin bütün
düşüncə sahibləri kimi ümummilli liderin hakimiyyətə
qayıdışını şərtləndirən amilləri
yaxşı dərk edir, gündən-günə
ağırlaşan ictimai-siyasi vəziyyətdən,
torpaqlarımızın ermənilər tərəfindən
işğal edilməsindən, Azərbaycanın öz
müstəqilliyini itirmək təhlükəsi ilə
üz-üzə qalmasından ciddi narahatlıq keçirirdi. Yaşar Əliyev Azərbaycanın nicatı
baxımından ən düzgün mövqeyi - ulu öndər
Heydər Əliyevin siyasi kursuna sadiqlik xəttini
seçmişdi. O, parlamentin üzvü kimi xalqın təkidli
tələbi ilə Heydər Əliyevin hakimiyyətə
qayıtması fikrini cəsarətlə səsləndirən
şəxslərdən olmuşdur. Ümummilli
liderin siyasi kursunu dönmədən müdafiə etmiş,
Heydər Əliyevin rəhbərliyi altında həyata
keçirilən dövlət quruculuğu prosesinə layiqli
töhfəsini vermişdir. Heydər
Əliyev siyasətinə dərindən sədaqət bu şəxsiyyəti
bir siyasətçi, bir vətəndaş, vətənpərvər
insan kimi fərqləndirən mühüm amillərdəndir.
Yaşar Əliyev cavan yaşlarından siyasətə qoşulub
və mən onu həm də təcrübəli parlamentari
hesab edirəm.
O, səriştəli diplomatdır. Ömür
yolu olduqca maraqlı keçib, fəaliyyət sahəsi
çoxşaxəliliyi ilə seçilib. Gənc yaşlarından həkim kimi səhiyyə
sisteminin inkişafı üçün
çalışıb. Həyatının
müəyyən mərhələsindən sonra yeni bir fəaliyyət
istiqamətinə keçib. Uzun illər
Azərbaycanı bir çox beynəlxalq tədbirlərdə
təmsil edib. Azərbaycanın Çin
Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri kimi fəaliyyət göstərib. Bu vəzifədə də özünün təcrübəsi,
dünyagörüşü, yüksək mədəniyyəti,
mütərəqqi yanaşmaları, işə ciddi
münasibəti ilə digər diplomatlardan seçilməyi,
fərqlənməyi bacarıb. Biz
Çində səfərlərdə olarkən Yaşar
Əliyevin bir diplomat, səfir kimi sanbalının,
nüfuzunun, layiqli xidmətinin şahidi olduq. O, həkim
kimi fəaliyyət göstərəndə də, ictimai-siyasi
xadim və diplomat kimi çalışanda da eyni şəkildə
insani keyfiyyətlərə malik olub. Bu
baxımdan mən Yaşar Əliyevin həm ölkə
daxilində, həm də ölkədən kənarda
böyük nüfuzunun, bir sözlə, xüsusi çəkisinin
olduğunu deyə bilərəm.
Azərbaycanın Çin Xalq Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət
göstərən Yaşar müəllim Azərbaycan həqiqətlərinin
tanıdılmasında, Dağlıq Qarabağ münaqişəsinin
Çin ictimai mühitinə təqdim edilməsində ciddi
işlər görüb.
Yaşar
Əliyevin diplomat kimliyini xarici işlər nazirinin müavini
Xələf Xələfov belə xarakterizə edir:
-
Yaşar Əliyevi əvvəla dövlət adamı kimi
tanıyıram. Onun həyatı və fəaliyyəti
çoxşaxəli olmuşdur. İstər
ictimai, istər siyasi, istərsə də diplomatik sahədə
xidmətləri yalnız xalqının, dövlətinin mənafeyinə
yönəlib. İşgüzarlığı,
bacarığı, çevik idarəçiliyi, həm də
alimliyi ilə Azərbaycanın ziyalı elitasında layiqli
qiymətini çoxdan alıb. Yaşar
Əliyevin son 20 ildəki fəaliyyəti gözümüz
önündə olub. Mən onun vitse-spiker
olduğu dövrü və daha sonrakı ictimai fəaliyyətini
xatırlayıram. Yaşar Əliyev siyasətdə
səviyyəli bir şəxs kimi həmişə diqqətdə
olmuşdur. Eyni zamanda bilirəm ki, o, Heydər
Əliyev prinsiplərinə hər zaman sədaqətlə
xidmət göstərmişdir. Yaşar
Əliyev Çin Xalq Respublikası kimi bir dövlətdə
Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli
səfiri olmuş, orada Azərbaycanı layiqincə təmsil
etmişdir. Onun siyasətdə
qazandığı "müsbət insan" imici bu
insanın siyasi və diplomatik kimliyinə hər zaman dəstək
vermişdir.
Yaşar Əliyevin müsbət insani keyfiyyətləri
gənc nəsil diplomatlarımız üçün də
örnəkdir. Çünki onun qayğıkeşliyi,
insana münasibəti, yüksək mədəniyyəti,
proseslərə yanaşma tərzi, milli ideallara bağlı
şəxsiyyət olması digərləri üçün
daim mayak rolunu oynayır. Xidmətləri
dövlət tərəfindən yüksək qiymətləndirilmiş
və "Şöhrət" ordeni ilə təltif
olunmuşdur. Bu gün Yaşar müəllim
diplomat kimi fəaliyyət göstərməsə də, həmişə
yanımızdadır. Onunla əlaqə
saxlayır, məsləhətlərinə qulaq asırıq.
Düşünürəm ki, bu cür dəyər
sahiblərini hər zaman qorumalı və onlara qiymət verməliyik.
Yaşar müəllim 1994-2000-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisinin Sədr müavini olub. 2000-2002-ci illərdə
ikinci çağırış Azərbaycan
Respublikasının parlamentinə üzv seçilib, həmin
illərdən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının iki dəfə
vitse-prezidenti kimi fəaliyyət göstərib. Uzun müddət İran-Azərbaycan dövlətlərarası
komissiyasının sədri olub. Bu sahədəki fəaliyyəti
o qədər uğurlu və səmərəli olub ki,
Yaşar Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının Fəxri fərmanı,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının 20 illiyi ilə əlaqədar təsis
olunan xüsusi medalla təltif edilib. Milli Məclisin Regional
idarəetmə komitəsinin sədri Arif Rəhimzadə
Yaşar Əliyev haqqında dedi:
-
Yaşar Əliyevi mən hələ Azərbaycanın ən
ağır, təbəddülalarla dolu dövründən
tanıyıram. O zaman Milli Məclis ən gərgin
anlarını yaşayırdı. Yaşar
müəllimi sözü bütöv, aydın mövqeyi
olan, yoldaşlıqda möhkəm, mədəni bir insan kimi
xarakterizə edə bilərəm. O,
çoxlarının deyə bilmədiyi sözləri ucadan səsləndirən,
görə bilmədiyi işləri reallaşdırmaqda
özündə cürət tapan bir insandır. Mənim yadıma gəlir, Xalq Cəbhəsinin
dövründə ümummilli lider Heydər Əliyevin Milli
Şuraya seçilməsinin qarşısını almaq
üçün müxtəlif çirkin oyunlar gedirdi. Onlar bəhanə gətirirdilər ki, Heydər
Əliyev Milli Məclisin üzvü deyil. Belə
olan anda Milli Məclisin deputatı Yaşar Əliyev öz
mandatını ulu öndər Heydər Əliyevə verəcəyini
bildirdi. Bu, o zaman qətiyyətli, cəsarətli
mövqe idi. Sonrakı illərdə
işlədiyi müddət ərzində də hər zaman Vətənini
sevən, aydın fikri, saf əqidəsi olan qətiyyətli
dövlət adamı kimi seçilib. Yaşar
müəllim ictimai-siyasi fəaliyyəti ilə
yanaşı, bacarıqlı səhiyyə təşkilatçısı
kimi də uğur qazanıb. Onun haqqında ancaq bunu demək
olar: Yaşar müəllim yaxşı yoldaşdır,
yaxşı dostdur!
Prezident İlham Əliyev 2003-cü ildən etibarən ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən qüdrətlənməsinə, güclənməsinə çox böyük töhfələr verib. Azərbaycan artıq dünyada qəbul olunan, tanınan və özünəməxsus inkişaf yolunu müəyyənləşdirən unikal dövlətə çevrilib. Dünyanın heç bir ölkəsində bu tempdə inkişaf nəzərə çarpmayıb. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaradıcılıq, quruculuq dövrüdür. Dövlət başçısının həyata keçirdiyi siyasətin əsas hədəfi ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və hər bir vətəndaşın öz ölkəsində rahat yaşamasını, fəaliyyət göstərməsini təmin etməkdir. Bütün sahələrdə qazanılan uğurlar cənab İlham Əliyevin titanik fəaliyyəti, qətiyyəti sayəsində əldə olunub. Azərbaycan cəmiyyəti, ölkənin hər bir vətəndaşı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bilir. Ölkə başçısının apardığı daxili və xarici siyasətə öz töhfəsini verən insanlardan biri də məhz Yaşar Əliyevdir. Bu şəxsiyyət istər səfir olduğu zamanlarda, istərsə də sonrakı dövrlərdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident tərəfindən uğurla həyata keçirilməsi yönündə ardıcıl işlər aparıb. Məhz elə bu görülən işlərin nəticəsidir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Yaşar Tofiqi Əliyevə bu günlərdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Bu da onun göstəricisidir ki, dövlət və dövlətçilik naminə görülən heç bir iş əsla unudulmur və yaddan çıxmır.
Bu yazıda biz bir "yaxşı insan"ın - Yaşar Əliyevin obrazını yaratmağa çalışdıq. Yaşar Əliyevin həyatı və fəaliyyəti bir məktəbdir. Onun "yaxşı insan" imici isə gün keçdikcə daha yüksəklərə ucalır.
Oktay HACIMUSALI
Azərbaycan.-2013.- 5 iyul.- S.6.