Türkiyədə XIX Beynəlxalq Bayburt Dədə Qorqud

 mədəniyyət və sənət festivalı başlanmışdır

 

İyunun 3-də Türkiyənin Bayburt şəhərində XIX Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət festivalı başlanmışdır.

Azərbaycanı "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən (İB) AzərTAc-a bildirmişlər ki, festivalda Azərbaycanı tərkibində bu qurumun da olduğu böyük heyət təmsil edir.

Festival çərçivəsində "Miras" İctimai Birliyinin ilk tədbiri Türk Dünyası Parkında bayburtlu rəssam və fotoqraf Zeynel Abidin Öztürkün "Azərbaycan izlənimləri" foto və "Gənc Azərbaycan rəssamlarının əsərləri" rəsm sərgilərinin nümayişi ilə başlanmışdır.

 Bu sərgilərin açılış mərasimində Bayburt bələdiyyəsinin sədri Hacı Alı Polat, "Bekder" dərnəyinin sədri Mete Emir, Bayburt İl mədəniyyət və turizm şöbəsinin müdiri Adnan Okumuş və digər nümayəndələr iştirak etmişlər.

Sərgidə Aydın Əsgərovun "Analıq", "Mənzərə", "Eksponat", Fərid Mirzəyevin "Köhnə hamam", "Hamam", Anar Hüseynzadənin "Köhnə qablarla natürmort", "Qablarla natürmort", "Ülgüc kəndi", Bəxtiyar Yusubovun "Qədim şəhər", "Qaya", "Ərəbuşağı kəndi", "Natürmort", Anar Qənbərlinin "Sınmış qablar", "Orta əsr Ağsu şəhəri", "Qablarla natürmort", Fəxri Abbasovun "Xəyallar", "Qədim qablarla kompozisiya", "Balıqlar", Məmməd Rəşidovun "Portret" (daş fiqur), Vüqar Qurbanovun "Natürmort", "İsmayıllı", "Bərəkət" əsərləri nümayiş olunmuşdur.

Bu əsərlər birinci "Miras" rəssamlıq simpoziumunda çəkilmiş rəsmlər və hazırlanmış heykəllərdir.

Sərginin açılışından sonra festivalın iştirakçıları Bayburtun Masat kəndində Dədə Qorqud türbəsini ziyarət etmişlər. Ziyarətdə Bayburt valisi Həsən İpək, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat və digər rəsmi şəxslər də iştirak etmişlər.

Türbənin yaxınlığında təşkil olunmuş tədbirdə "Miras" İctimai Birliyinin sədri Fariz Xəlilli, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Nazilə Abdullazadə, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat çıxış etmişlər. Çıxışlarda Dədə Qorqud festivalının əhəmiyyəti, onun türk dünyasında önəmli yerindən danışılmış, "Kitabi-Dədə Qorqud"da insanlığa dəyər verən mühüm məqamlardan bəhs edilmişdir.

Tədbirdə Türkiyə, Azərbaycan və Makedoniyanın xalq rəqslərindən ibarət geniş konsert proqramı təqdim olunmuşdur. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yeniyetmələrdən ibarət rəqs qrupu yaddaqalan rəqs parçalarını təqdim etmişdir. Sonda filarmoniyanın direktoru Dilarə Zeynalova Bayburt valisi Həsən İpəkə plakat təqdim etmişdir.

Festivalın açılış mərasimi Dədə Qorqudun şəhər mərkəzindəki xatirə abidəsinə əklil qoyulması ilə başlanılmış, iştirakçılar Hökumət meydanına qədər yürüş etmişlər. Yürüşdə festivala qatılan Türkiyə, Azərbaycan, İndoneziya, Makedoniya, Qırğızıstan və Gürcüstanın rəqs qrupları və rəsmi nümayəndələri iştirak etmişlər.

Şəhər əhalisi tərəfindən maraqla qarşılanan yürüş Hökumət meydanında Dədə Qorqud festivalının açılışı ilə sona çatmışdır.

Açılış mərasimində Türkiyə Yazarlar Birliyinin fəxri sədri Mehmet Doğan, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat, Türkiyə Böyük Millət Məclisinin deputatları Bünyamin Özbek, Feramuz Üstün, Bayburt valisi Həsən İpək çıxış etmişlər.

İndoneziya, Makedoniya, Gürcüstan, Qırğızıstan və Türkiyənin digər şəhərlərindən gəlmiş rəqs qruplarının ifaları olmuşdur. Sonda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu Azərbaycan xalq rəqslərini təqdim etmişdir. Festival iyulun 7-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 5 iyul.- S.7.