Nur şəhərinin nurlu uşaqları
Uşaqlara qayğı göstərmək, onların sağlam və gümrah olmaları, kamil vətəndaş kimi böyümələri üçün zəruri olan tədbirləri görmək respublika Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bu məqsədlə Mingəçevir şəhərində də böyük işlər görülür. Burada uşaqlara xidmət edən parkların, istirahət zonalarının qurulmasına, məktəb və uşaq bağçalarının yüksək zövqlə təmir edilməsinə böyük önəm verilir.
Ömrümüzün bəzəyi olan uşaqların qayğısız böyüməsi üçün nur şəhərində nümunəvi şərait yaradılmışdır. Uşaq və yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi formalaşmasında Uşaq Yaradıcılıq Mərkəzinin əvəzolunmaz rolu var. Mərkəz 1952-ci ildən fəaliyyət göstərir. Uşaqların yaradıcılıq bacarıqlarının üzə çıxarılmasında və inkişaf etdirilməsində mərkəzin xidmətləri təqdirəlayiqdir. Mərkəzdə "Kukla teatrı", "Dram", "Bədii keramika və təsviri incəsənət", "Milli rəqs", "Bədii tikmə", "Bacarıqlı əllər", "Ağac üzərində oyma", "Bədii qiraət" və digər dərnəklər fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilmiş "Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə respublika baxış müsabiqəsi"nin zona və final mərhələlərində Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri yaratdıqları radio ilə idarə olunan təyyarə, hərbi maşın, hərbi gəmi, kosmik raket və kənd təsərrüfatı texnikasının modelləri ilə I və II yerlərə layiq görülmüşlər.
Uşaq və yeniyetmələrdə, məktəblilərdə müasir elmi dünyagörüşün formalaşmasına nail olmaq Mingəçevir Şəhər Təhsil Şöbəsinin başlıca qayğısıdır. "Uşaq hüquqları üzrə pilləli tədris proqramı" Mingəçevirin orta ümumtəhsil müəssisələrində uğurla həyata keçirilir. Aprel ayının 24-də şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən "Uşaq hüquqları üzrə pilləli tədris proqramı"nın yekun tədbirində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova da iştirak etmişdir. 1, 4, 7 nömrəli məktəblərin şagirdlərinin proqramı yaxşı mənimsədiklərini qeyd edən ombudsman 55 şagirdə xüsusi sertifikatlar verdi. "Tarixin yaratdığı və tarixi yaradan şəxsiyyət" mövzusunda keçirilən bu bilik yarışması Mingəçevir Şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə gerçəkləşmişdir. Məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolunu, müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində gördüyü işləri, doğma Azərbaycanı dünyaya tanıtdırmaq yolunda atdığı uğurlu addımları şagirdlərə aşılamaqdır.
Nur şəhərinin şagirdlərinə Vətənə Heydər Əliyev kimi övlad olmaq, Vətəni Heydər Əliyev kimi sevmək nümunəsi hərtərəfli təbliğ olunur. Bu istiqamətdə görülən tədbirlər, çəkilən zəhmət, təbii ki, bəhrəsiz qalmır. Şəhər 7 nömrəli orta məktəbin şagirdi Aytən Müslümovanın dedikləri bu baxımdan daha xarakterikdir:
- Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı ümumrespublika inşa müsabiqəsinə öz inşamı təqdim etdim. Bu dahi şəxsiyyət haqqında fikirlərimi az da olsa yazımda əks etdirdiyim üçün özümü xoşbəxt hesab edirəm. Mənə xəbər veriləndə ki, Bakı şəhəri "Gülüstan" sarayında keçirilən tədbirə dəvət edilmişəm, sevincimin həddi-hüdudu olmadı. Təhsil naziri Mikayıl Cabbarov inşa müsabiqəsinin qaliblərini təbrik etdi və mən onunla xatirə şəkli çəkdirdim. Tərifnaməni alanda keçirdiyim qürur hissini ifadə etmək üçün çətinlik çəkirəm. Bu təəssürat qədəm qoyduğum yeni həyat səhifəsinə qızıl hərflərlə həkk olundu.
Mingəçevir Texniki Humanitar Liseyində isə hər il ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində "Müsəlləh əsgərəm mən də bu gündən" adlı parad keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hərbi forma geyinmiş uşaqlar mətin addımlarla, sıx cərgələrlə valideyn və müəllimlərin, Qarabağ müharibəsi veteranlarının qarşısından keçərək Vətənə qeyrətli oğul olmaq əzmlərini nümayiş etdirirlər. Builki parad da şəhər sakinlərində xoş duyğular oyatdı.
Şəhər təhsil şöbəsi uşaqların xeyirxahlıq ruhunda tərbiyə olunmasına böyük önəm verir. Bu istəyin göstəricisidir ki, şəhər məktəbliləri ana Kürün sahilində yerləşən Uşaq nevroloji sanatoriyasının tez-tez qonağı olurlar. Sanatoriyanın sakinlərinə - qayğıya, köməyə, bir xoş təbəssümə ehtiyacı olan bu uşaqlara mərhəmət göstərməyi, onları qorumağı, müdafiə etməyi mingəçevirli şagirdlər özlərinin mənəvi borcu hesab edirlər. Məktəblilər vaxtaşırı sanatoriyaya baş çəkirlər. Təbii ki, mahnı, rəqs və sovqat payı ilə. Alqışa layiq bu uşaq xeyrxahlığı Mingəçevirdə hər kəs tərəfindən minnətdarlıqla qarşılanır.
Uşaqlara sonsuz məhəbbət, xüsusi qayğı və diqqət nur şəhərində keçirilən müxtəlif tədbirlərdə özünü bariz şəkildə göstərir. Dövlət gənclər siyasətinin mühüm istiqaməti kimi uşaq və yeniyetmələrin zəruri qayğı və diqqətlə əhatə olunmasını təmin etmək Mingəçevir Şəhər Təhsil Şöbəsinin fəaliyyətində əsas yerlərdən birini tutur. Şöbənin müdiri Sahib Məmmədov söhbət zamanı dedi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə uşaq və yeniyetmələrin, eləcə də gənclərin ən böyük himayədarıdır. Dövlət başçısının tapşırıq və tövsiyələri, imzaladığı direktiv sənədlər bizim fəaliyyətimizə aydın istiqamət verir. Bütün səy və bacarığımızı səfərbər edərək çalışırıq ki, Vətənimizin sabahı üçün hərtərəfli inkişaf etmiş yeni nəsil formalaşdıraq. Onlar Vətəni, xalqı, doğma yurdu sonsuz məhəbbətlə sevib, göz bəbəyi kimi qoruyacaqlar.
Lazım
QULİYEV,
Azərbaycan.-2013.- 5 iyul.- S.7.