Prezident İlham Əliyev
Qovlar şəhər mədəniyyət
və istirahət
parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə
tanış olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev iyulun 5-də Tovuz rayonuna səfəri
çərçivəsində Qovlar şəhər mədəniyyət
və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti
ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin 2012-ci il 9 aprel tarixli sərəncamına uyğun olaraq Qovlar qəsəbəsinə şəhər statusu verilmişdir. Şəhərin Azadlıq prospekti və Vağzal küçəsi asfalt-betonla örtülmüş, ayırıcı zolaq salınmış, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır. Prospektin kənarında təbii qaya daşlarından və üzlük tavalardan istifadə olunmaqla dekorativ hasar inşa edilmişdir. Qovlar şəhərinin Vağzal və Şəhriyar küçələrində ictimai binaların, ticarət və xidmət obyektlərinin fasadları müasirləşdirilmiş və yeni layihələr əsasında obyektlər tikilmişdir.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, sahəsi 5 hektar olan Qovlar şəhər mədəniyyət və istirahət parkında istinad divarları tikilmiş və bəzədilmişdir. Parkda yeni layihə əsasında inşa edilmiş fəvvarə istirahət məkanına əlavə gözəllik verir. Burada Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən memorial kompleks daha uyğun yerdə bərpa edilərək ətrafı abadlaşdırılmışdır. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda qazonlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev parkda görülmüş işləri yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.-2013.- 6 iyul.- S.1.