Tovuzda Hemodializ Mərkəzi
açılmışdır
Azərbaycan
Prezidenti İlham Əliyevin respublikanın qərb bölgəsinə
səfəri
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosialyönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Həyata keçirilən sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin beynəlxalq səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyev Fondu və qurumun prezidenti Mehriban Əliyevanın da fəaliyyətinin əsas istiqamətlərindəndir. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin uğurlarından biri də regionlarda vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində atılan addımlardır. Xüsusilə də müalicə diaqnostika mərkəzlərinin və digər səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalinin müayinə və müalicəsinin lazımi səviyyədə təşkilinə əlverişli şərait yaradır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə son illər dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Tovuzda Hemodializ Mərkəzinin tikilməsi bunu bir daha sübut edir.
Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, bu üçmərtəbəli səhiyyə ocağının tikintisinə 2008-ci il sentyabrın 24-də başlanmışdır. Mərkəzin təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Hemodializ Mərkəzinin inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir.
Tibb ocağının foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə səhiyyə sisteminin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılmışdır. Hemodializ Mərkəzində qəbul, hemodializ və diaqnostika şöbələri fəaliyyət göstərir.
Prezident İlham Əliyev hemodializ şöbəsi ilə tanış oldu.
Bildirildi ki, burada müasir tipli 20 hemodializ aparatı quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanda 2208 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə alır, müvafiq dərman vasitələri ilə tam təmin olunurlar. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzinin xidmətindən istifadə edə biləcəklər. Ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi vardır. Bugünədək Tovuz və Qazax rayonlarından olan xəstələr Gəncədəki Hemodializ Mərkəzinin xidmətindən istifadə edirdilər. Yeni mərkəzin fəaliyyətə başlamasından sonra artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaqdır.
Məlumat verildi ki, Tovuz Hemodializ Mərkəzində iki növbədə təqribən 160 xəstə dializ olunacaqdır. Mərkəzin müasir şəraitlə təmin edilməsi, ilk növbədə, burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkan yaradır. Bu tibb ocağının istifadəyə verilməsi həm də ölkəmizdə səhiyyə sisteminin ən müasir səviyyəyə çatdırılması istiqamətində dövlət tərəfindən görülən tədbirlərin növbəti uğurudur. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycanda səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.
Mərkəzlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
- Bu gün yenə Tovuzdayam, çox şadam, sizinlə bərabər olmağımdan çox məmnunam. Keçən il də görüşmüşdük. Son illər ərzində bir neçə dəfə Tovuza gəlmişəm və bu gün də gözəl açılışlar, gözəl tədbirlər keçirilir. Əlbəttə, onların içində bu Diaqnostika və Hemodializ Mərkəzi xüsusi yer tutur.
Yadımdadır, bu mərkəzin təməl daşını bərabər qoymuşduq və şadam ki, indi gözəl bir tibb ocağı yaradılıbdır. Bütün şərait vardır. Bunun adı Hemodializ Mərkəzidir, amma əslində burada həm diaqnostika, həm müalicə, eyni zamanda, cərrahiyyə üçün imkanlar vardır. Böyük bir tibb mərkəzidir və hesab edirəm ki, vətəndaşlar bu mərkəzdən səmərəli şəkildə istifadə etməlidirlər. Əlbəttə ki, ilk növbədə, profilaktik tədbirlər görülməlidir. Diaqnostika müalicənin aparılması üçün başlıca şərtdir. Mən bütün tibb ocaqlarının açılışlarında qeyd edirəm və bir daha deyirəm, gərək vətəndaşlar vaxtlı-vaxtında müayinədən keçsinlər ki, öz sağlamlıqlarını qoruya bilsinlər.
İnsan
amili bizim siyasətimizin prioritetidir. Bu mərkəzlərin
açılması da onu göstərir ki, çox
güclü sosial siyasət aparılır. Bu diaqnostika və
müalicə mərkəzlərinin tikintisi indi geniş
vüsət almışdır. Son 10 il ərzində Azərbaycanda
500-dən çox tibb mərkəzi
tikilmişdir və demək olar ki, bütün bölgələrdə
keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan
vardır. Avadanlıq ən müasir standartlara cavab verir,
memarlıq baxımından bütün xəstəxanalar
çox gözəldir, çox genişdir, rahatdır və
demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir
tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd
qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində,
böyük şəhərlərdə, rayon mərkəzlərində
keyfiyyətli tibbi xidmət olmalıdır. Mən şadam ki,
artıq Tovuzda da bu mərkəz yaradılır və
insanların sərəncamına verilir.
Deyə
bilərəm ki, son illər
bütövlükdə səhiyyə sahəsində nəticələr
yaxşıdır. Bunu həm biz deyirik, həm də beynəlxalq
qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə
məşğul olan Dünya Səhiyyə Təşkilatı
bunu qeyd edir. Keçən il Bakıda keçirilmiş Avropa
Konfransında qeyd olundu ki Azərbaycanda səhiyyə sahəsində
böyük irəliləyiş əldə edilmişdir. Bunu
statistik göstəricilər də təsdiqləyir. Səhiyyə
sisteminin səmərəliliyini göstərən bir neçə
meyar vardır. Onların arasında insanların
ömrünün uzunluğu, - Azərbaycanda bu istiqamətdə
irəliləyiş vardır, - artır, uşaq
ölümü isə azalır. Uşaq ölümü bizdə
bütün dövrlərdə böyük problem idi. Bu
gün də o problem hələ ki, lazımi səviyyədə
həll olunmur. Hələ ki biz inkişaf etmiş ölkələrdən
bir az geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin
yaradılması və digər tədbirlərin görülməsi
nəticəsində biz bu sahədə də dünyanın
aparıcı ölkələrinin səviyyəsinə
qalxmalıyıq və digər göstəricilər deməyə
əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində
yaxşı nəticələr vardır.
Amma hələ
ki bu sahə bizi tam qane edə bilməz. Əlbəttə ki,
biz çalışırıq müasir mərkəzlər
tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir.
Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir
və bu məsələlər üzərində daha da
çox işləməliyik.
Burada
göstəriləcək xidmət əminəm ki, yüksək
səviyyədə olmalıdır. Yaxın zamanlarda bu mərkəz
fəaliyyətə başlayacaqdır. İndi fəaliyyətə
başlamaq üçün bütün imkanlar vardır.
Burada yaxşı həkim heyəti formalaşmalıdır
ki, Tovuz rayonunun sakinlərinə yaxşı xidmətlər
göstərilsin. İnsanın sağlamlığı
üçün lazım olan amillər bəllidir. İlk
növbədə, diaqnostika və müalicə vaxtında
aparılmalıdır, eyni zamanda, əlbəttə ki, ətraf
mühit yaxşı vəziyyətdə olmalıdır. Bu
baxımdan Tovuzda heç bir problem yoxdur, ekoloji vəziyyət
burada yaxşıdır. İçməli su mütləq təmiz
olmalıdır və bu gün biz Tovuzda içməli su layihəsinin
istismara verilməsini qeyd edəcəyik. Bu da hesab edirəm ki,
böyük hadisədir. Ondan sonra əlbəttə ki, keyfiyyətli
qida olmalıdır. Biz bu məsələyə də diqqət
yetiririk. Müvafiq orqanlar istehlak bazarındakı vəziyyəti
müşahidə edir, nəzarət edirlər. Hesab edirəm
ki, bu istiqamətdə də irəliləyiş vardır. Digər
amillər də öz rolunu oynayır. Onların arasında
idman da çox vacib məsələdir. Tovuzda artıq
neçə ildir ki, idman mərkəzi vardır. Yəni
bütün bu amillər insanların
sağlamlığını təmin edir və eyni zamanda,
maddi rifah məsələləri. Son illər ərzində
biz Azərbaycanda bütün bu istiqamətlər üzrə
yaxşı dinamikanı görürük. Nəinki Tovuzda,
istənilən bölgədə, bütün bu istiqamətlər
üzrə bizim siyasətimiz aparılır. Bu ilin sonunda
regionların sosial-iqtisadi inkişafı üzrə ikinci
Dövlət Proqramı başa çatır və proqramda nəzərdə
tutulmuş bütün məsələlər
artıqlaması ilə öz həllini tapır.
Gələcək
planlarımızla bağlı da bizim kifayət qədər dəqiq
fikirlərimiz vardır. Gələcək illərdə Azərbaycan
əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir
və edəcəkdir. Bütün infrastruktur layihələri
yaxın gələcəkdə başa çatmalıdır.
Deyə bilərəm ki, Tovuzda da bu istiqamət üzrə
işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən
əvvəl biz yeni kəndləri birləşdirən yolun
açılışında da iştirak etdik. Bu, Tovuz
rayonunda icra edilən ikinci böyük layihədir. Birinci layihəni
biz keçən il başa vurduq. İndi ikinci layihə. Beləliklə,
80-ə yaxın kəndi birləşdirən bu yollar artıq
istismara verilir. Yol inkişaf, həyat və rahatlıq deməkdir.
Onu da qeyd etmək istəyirəm ki, bütün bu layihələr
sırf sosial xarakter daşıyır. Bu layihələrin
heç biri kommersiya xarakteri daşımır. Bu layihələrə
qoyulan investisiyalar insan kapitalına qoyulan investisiyalardır.
Bax, bu mərkəz, içməli su layihəsi, kənd
yollarının inşası, Olimpiya Kompleksi, məktəb
tikintisi Tovuzda geniş vüsət almışdır.
Bütün bu layihələr insanlar üçündür,
ölkəmiz üçündür, sizin
üçündür və dövlətin borcudur ki, bu siyasəti
aparsın. Azərbaycanda bu istiqamət üzrə çox
ciddi siyasət aparılır. Dəfələrlə
demişəm və bir daha demək istəyirəm ki, bu, sadəcə
xoş sözlər deyil, bizim bütün siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı, onun
sağlamlığı, təhlükəsizliyi, rifahı və
rahatlığı dayanır.
Mən hər
dəfə belə açılışlarda olarkən
çox sevinirəm və eyni zamanda, düşünürəm
ki, biz daha nə etməliyik, əlavə nə etməliyik.
Keçən dəfə Tovuzda olarkən mən icra
başçısından, sonra deputatlardan soruşdum əlavə
nə etməliyik?! Onlar kənd yolu layihəsini verdilər,
indi onu da icra edirik. İndi sizdən soruşmaq istəyirəm
ki, biz əlavə nə etməliyik ki, burada işlər daha
da yaxşı getsin. İndi yəqin ki, bu məsələlərlə
bağlı sizin fikirləriniz vardır.
Tovuz Rayon
İcra Hakimiyyətinin başçısı Tofiq ZEYNALOV:
Daha yaxşı işləməliyik, cənab Prezident.
Prezident
İlham ƏLİYEV: Əlbəttə, hər kəs
yaxşı işləməlidir, hər kəs öz vəzifə
borcunu yerinə yetirməlidir - vətəndaşlar, icra
nümayəndələri, digər fəallar. Çünki
bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan daha da
güclü dövlətə çevrilsin və bütün
işlər Azərbaycanda yüksək səviyyədə
aparılsın.
* * *
Azərbaycanın
tərəqqisinə, xalqın firavanlığına, həmçinin
Tovuzun inkişafına göstərdiyi diqqət və
qayğıya görə tovuzluların ən xoş
arzularını Prezident İlham Əliyevə
çatdıran rayon ictimaiyyətinin nümayəndəsi Aybəniz
DƏMİROVA dedi:
- Möhtərəm
cənab Prezident!
İcazə
verin, sizi rayonumuzun ictimaiyyəti adından, o cümlədən
səhiyyə işçiləri adından salamlayım,
rayonumuza "Xoş gəlmisiniz" deyim. Məmnunluq hissi ilə
bildirmək istəyirəm ki, bu gün
açılışına
yığışdığımız bu müəssisə
Sizin Tovuz rayonuna növbəti böyük töhfənizdir.
Bütün bunlara görə biz Sizə səmimi minnətdarlığımızı
bildirmək istəyirik. Sizin doğma Azərbaycanımıza
rəhbərlik etdiyiniz bu 10 ildə ölkəmizin siması
köklü surətdə dəyişmişdir. Kəndlərimiz,
şəhərlərimiz tanınmaz dərəcədə
gözəlləşib. Bununla bərabər,
insanlarımızın da həyat səviyyəsi, həyat
şəraiti, onların ictimai-siyasi həyata
baxışları da tamamilə dəyişmişdir.
Bu gün
ölkəmizin bütün bölgələri kimi, Tovuz rayonu
da gündən-günə
inkişaf edir. Bu qısa müddət ərzində Tovuz
rayonunda çoxsaylı təhsil, səhiyyə, mədəniyyət
ocaqları tikilmiş, parklar salınmış, geniş yollar
çəkilmişdir. Bütün bunların hamısı Azərbaycanın
çiçəklənməsini göstərir. Bu gün
açılışına
yığışdığımız bu mərkəz
öz gözəlliyi ilə şəhərimizə xüsusi
yaraşıq verməklə yanaşı, əhalimizin
sağlamlığına xidmət göstərəcəkdir.
Bu mərkəz ən müasir avadanlıqla təchiz
olunmuşdur. Bu mərkəzdə tibbi heyətin fəaliyyəti
üçün bütün şərait
yaradılmışdır. Mərkəz hemodializ və
perinatal şöbələrindən, laboratoriyalardan,
rentgen-diaqnostika kabinetlərindən və digər otaqlardan
ibarətdir. İki il əvvəl istifadəyə verilmiş
80 çarpayılıq Tovuz Rayon Mərkəzi Xəstəxanası
və bugünkü istifadəyə verilən bu mərkəz
bizə imkan yaradacaqdır ki, Sizin göstərişlərinizi
həyata keçirək, insanlara daha yaxşı, yüksək
keyfiyyətli tibbi xidmət göstərək.
Cənab
Prezident, 2008-ci il sentyabrın 14-də Siz Tovuz ictimaiyyətinin
nümayəndələri ilə görüşünüzdə
demişdiniz ki, rayondakı infrastruktur obyektlərinin, xidmətin
səhiyyə və təhsil ocaqlarının səviyyəsi
dünya ölkələrinin səviyyəsində
olmalıdır, Azərbaycan vətəndaşları gözəl
şəraitdə yaşamalıdırlar, yaxşı iş
yerlərində işləməlidirlər, onlar
üçün yaxşı iş yerləri olmalıdır,
uşaqlarımız yaxşı məktəblərdə
oxumalıdır, əhaliyə yüksək keyfiyyətli tibbi
xidmət göstərilməlidir. Artıq Sizin dedikləriniz
bu gün öz təsdiqini tapmışdır. Biz
bütün bunlara görə Sizə minnətdarlığımızı
bildiririk. Bir həkim kimi bildirmək istəyirəm ki, Siz həmişə
əhalinin sağlamlığı ilə bağlı sahələrin
inkişafına xüsusi diqqət yetirirsiniz. Bu gün Tovuz
rayonunda su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
icrasına Sizin xeyir-duanızla başlanması rayonumuz
üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Buna görə
biz Sizə minnətdarlığımızı bildiririk.
Bu layihənin
həyata keçirilməsi nəticəsində
insanlarımız ekoloji cəhətdən təmiz su ilə təmin
olunacaqlar və rayonumuzda antisanitariya hallarının, infeksion
xəstəliklərin yayılmasının qarşısı
alınacaqdır. Biz bunları görürük, bunları
yüksək qiymətləndiririk. Buna görə Sizə yenə
də öz dərin minnətdarlığımızı, təşəkkürümüzü
bildiririk. Bu gün əhalinin sağlamlığı naminə
görülən işlər gələcək nəslin
sağlamlığına göstərilən
qayğıdır.
Möhtərəm Prezident, biz canlı şahidik ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz son 10 ildə Azərbaycanı, xalqımızı yorulmaz fəaliyyətiniz, mətin iradənizlə daim xoşbəxt gələcəyə doğru aparırsınız və bunu hər bir azərbaycanlı öz həyatında hiss edir. Onlar əmindirlər ki, bütün arzularını Siz reallaşdıracaqsınız, Siz gerçəkləşdirəcəksiniz. Biz həmişə Sizinləyik, Sizin siyasətinizi dəstəkləyirik. Azərbaycanın bu günü, gələcəyi Sizinlədir. Həmişə Sizin yanınızdayıq. Allah Sizi qorusun.
* * *
Prezident İlham ƏLİYEV: Siz 2008-ci ili yada saldınız. Doğrudan da o vaxt mən belə ifadələr işlədirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma iş burasındadır ki, son beş il ərzində dünya standartları bir qədər aşağı düşdü, Azərbaycan standartları qalxdı.
Belə mərkəzlər deyə bilərəm ki, hər bir inkişaf etmiş ölkə üçün bir nümunə olmalıdır. Hesab edirəm ki, belə də vardır. Çünki mən dünyanın müxtəlif yerlərində olmuşam. Əlbəttə ki, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, belə yaraşıqlı, gözəl, o cümlədən memarlıq baxımından gözəl tibb mərkəzləri heç də hər bir ölkədə tikilmir. Azərbaycanda dövlət nəzarətində olan bütün obyektlər böyük zövqlə, ustalıqla tikilir. Eyni zamanda, bu obyektlər şəhərləri gözəlləşdirir. Bax bu mərkəz də öz memarlığı ilə seçilir. Burada və bütünlükdə bizim tibb ocaqlarında yaradılan şərait, alınan avadanlıqlar ən müasir standartlara cavab verir. Çünki mən həmişə deyirəm ki, ən yaxşı şərait bizdə olmalıdır. Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır. Ona görə bizdə tikilən məktəblər elə bil ki, saraydır. Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir. Son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda mövcud olan sabitlik, ictimai asayiş - bütün bunlar reallıqlardır. Biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Ancaq heç də hər yerdə belə deyildir. İndi biz televizordan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır dünyanın istənilən yerində. Bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf, sabitlik, həmrəylik adasıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda, xalq bilavasitə bu işlərin iştirakçısıdır. Görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın, ölkəmiz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqelərini daha da gücləndirsin.
Hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər hələ 2003-cü ildə qarşıya qoyulmuşdur. Son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz. Mən sadəcə olaraq, çalışıram və çalışacağam ki, sizə - yəni Azərbaycan vətəndaşlarına xidmət edim. Görəndə ki, hansısa gözəl bir nəticə əldə olunur, əlbəttə, mən də sizin qədər buna sevinirəm. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 6 iyul.- S.1,2.