Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də  imzaladığı sərəncama əsasən,  Azərbaycan regionlarının, o cümlədən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq Tovuz şəhərinə də içməli su xəttinin çəkilişi  nəzərdə tutulurdu. Nazirlər Kabinetinin   müvafiq   sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmış və layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabr ayında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanmışdır. Layihələrin  icrasına   2010-cu ilin dekabr ayında start verilmişdir. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi  rayon  mərkəzi, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli və Qazqulu kəndlərinin su tələbatını ödəyəcəkdir. Layihənin tələblərinə əsasən 16 min  şəhər və 28 min  kənd əhalisinin sutka ərzində su tələbatı  tam ödənilməlidir. Bütövlükdə  tikintinin  başa çatdırılması  ilə   20 min şəhər və 30 min  kənd əhalisinin suya olan tələbatı  tam ödəniləcəkdir. Mənbədən alınan suyun keyfiyyəti mövcud içməli su standartlarına tam uyğundur. Gələcəkdə Tovuzçay dəryaçasının tikintisinin  başa çatdırılması ilə əlaqədar quyuların məhsuldarlığının artması da gözlənilir.

Dövlət  başçısına  məlumat  verildi  ki, Tovuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri  3 mərhələdə aparılmışdır.

Birinci mərhələdə magistral boru xətti, su anbarları, xlorlama və digər struktur obyektlərinin tikintisi başa çatmışdır. Bu mərhələdə subartezian quyularından nasos stansiyasına qədər 1588 metr uzunluqda polietilen borulardan xətt, nasos stansiyasından su anbarları meydançasına qədər magistral su kəməri və su anbarlarından şəhər şəbəkəsinə qədər uzunluğu 3434 metr olan  magistral su xətləri çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, suya xlor vurma və laboratoriya binaları, hər birinin həcmi 2500 kubmetr olan yeni su anbarları tikilmişdir.

Azərbaycan Prezidentinə icra işlərinin ikinci mərhələsi  barədə  məlumat verildi. Bildirildi ki,  bu  mərhələdə  hidrogeoloji və mühəndis-axtarış işlərinin  nəticəsinə əsasən su mənbəyi olaraq Tovuzçayın məcrası boyunca Qazqulu kəndi zonasında 5 subartezian quyusu  qazılmış,  şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli "Su-kanal" İdarəsi üçün xidməti bina və istehsalat  bazası tikilmişdir.

Layihənin  icrasının  üçüncü mərhələsində çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya şəbəkələri sisteminin potensialı Tovuz şəhərinin Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə edir. Məhsuldarlığı gün ərzində 7 min  kubmetr olan çirkabtəmizləyici  qurğuya  gələcəkdə əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaqdır.

Prezident İlham Əliyev şəhərə çəkilmiş yeni su xəttinin açılışını bildirən  düyməni basdı. 

 

* * *

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  iyulun 5-də Qazax və Ağstafa rayonlarında da səfərdə olmuş, bir sıra istehsal və sosial obyektlərin açılışlarında da iştirak etmişdir (Dövlət başçısının Qazax və Ağstafa rayonlarına səfərlərindən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 6 iyul.- S.3.