Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın «Rosneft»
şirkətinin prezidentini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Rusiya Federasiyasının "Rosneft" şirkətinin prezidenti İqor Seçini qəbul etmişdir.
Dövlət başçısı "Rosneft"in prezidenti İqor Seçinin Azərbaycana səfərinin neft-qaz sektorunda əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi. Ölkələrimizin bu sahədə əməkdaşlığının inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd etdi.
"Rosneft" şirkətinin prezidenti İqor Seçin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. SOCAR-ın regionun ən böyük şirkətlərindən biri olduğunu vurğulayan İqor Seçin "Rosneft"in SOCAR ilə beynəlxalq miqyasda uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük perspektivlərə malik olduğunu dedi.
Dövlət başçısı Prezident Vladimir Putinin səmimi salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan
Prezidenti İlham Əliyev bu yaxınlarda Rusiya Prezidenti Vladimir
Putinlə telefon danışığı zamanı ikitərəfli
münasibətlərimizin perspektivləri ilə bağlı
məsələlər ətrafında fikir mübadiləsi
apardıqlarını qeyd etdi. Ölkələrimiz
arasında neft-qaz sektorunda da əməkdaşlığın
yaxşı təcrübəyə malik olduğunu
vurğulayan dövlət başçısı bu əlaqələrin
daha da genişləndirilməsi üçün səyləri
artırmağın önəmini qeyd etdi.
AzərTAc
Azərbaycan.-2013.- 6 iyul.- S.3.