Bakıda Xorvatiyanın milli bayramı və Avropa İttifaqına üzv seçilməsi münasibətilə mərasim keçirilmişdir

 

İyulun 5-də Bakıda Xorvatiyanın milli bayramı - Dövlətçilik Günü və bu ölkənin Avropa İttifaqına üzv seçilməsi münasibətilə mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Xorvatiya parlamentinin sədri İosip Leko, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orkestri və xorvatiyalı violonçel ifaçısı Anna Ruçneri tərəfindən hər iki dövlətin himnlərinin ifası ilə başlamışdır.

Mərasimdə çıxış edən İosip Leko Xorvatiyanın milli bayramının dost ölkənin paytaxtı olan Bakı şəhərində qeyd edilməsinin Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyinin bariz nümunəsi olduğunu bildirmişdir.

 

Prezident İlham Əliyevin bu ilin martında Zaqrebə rəsmi səfərini xatırladan İosip Leko səfər çərçivəsində mühüm sənədlərin, o cümlədən Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinin imzalanmasının əhəmiyyətini vurğulamışdır.

"Ölkələrimiz arasında bir çox oxşar cəhətlər vardır. Hər iki ölkə müstəqillik uğrunda çətin yol keçmişdir. Biz Azərbaycan ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm veririk", - deyə Xorvatiya rəsmisi qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İosip Leko ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamış, ümidvar olduğunu bildirmişdir ki, bu problem tezliklə həll ediləcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Dövlətçilik Günü münasibətilə Prezident İlham Əliyevin adından xorvat xalqını təbrik etmiş və dövlət başçısının ən xoş arzularını çatdırmışdır.

Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının zəngin potensiala malik olduğunu qeyd edən O.Əsədov demişdir: "Ölkələrimiz arasında xüsusən gəmiqayırma, maşınqayırma, telekommunikasiya, kənd təsərrüfatı və balıqçılıq, turizm, əczaçılıq sənayesi və digər sahələrdə işbirliyinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir".

Milli Məclisin Sədri Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olduğunu və bu sahədə həyata keçirilən transmilli layihələrin fəal iştirakçısı kimi çıxış etdiyini diqqətə çatdırmışdır. O, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın ildən-ilə artan rolunu vurğulamışdır. Bildirilmişdir ki, "Şahdəniz-2" layihəsi çərçivəsində təbii qazın Avropaya çatdırılması üçün nəzərdə tutulan Trans-Adriatik boru kəməri Azərbaycan ilə Xorvatiyanın enerji sahəsində əməkdaşlığına da yeni məzmun qatacaqdır.

O.Əsədov qarşılıqlı münasibətlərin inkişafında qanunvericilik orqanlarının mühüm rol oynadığını bildirmiş, hər iki dövlətin parlamentində dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Milli Məclisin Sədri İosip Lekonun ölkəmizə ilk rəsmi səfərinin Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin gələcək inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.

Mərasim xorvatiyalı violonçel ifaçısı Anna Ruçnerinin konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.4.