Xorvatiya parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Xorvatiya parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı qarşısına tər çiçəklər qoyulmuşdur.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək  Azərbaycanın  azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsi qarşısına  əklil qoymuşlar.

Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara  Şəhidlər xiyabanının  tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 6 iyul.- S.4.