Xorvatiya Respublikası parlamentinin sədri Azərbaycana səfərə gəlmişdir

 

Xorvatiya Respublikası parlamentinin sədri İosip Leko iyulun 5-də Azərbaycana səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

İ.Leko hava limanında jurnalistlərə bildirmişdir ki, səfərin məqsədi Azərbaycanın və Xorvatiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır. Ölkələrimiz arasında siyasi, humanitariqtisadi sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu səfər  münasibətlərin daha da genişləndirilməsinə təkan verəcəkdir.

Xorvatiya parlamentinin sədri demişdir ki, səfər həmçinin ölkələrimiz arasında çox güclü dostluq əlaqələrinin mövcudluğunu nümayiş etdirir. Azərbaycanın və Xorvatiyanın parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Hər iki tərəf bu qruplar arasındakı əlaqələrin genişləndirilməsində maraqlıdır.

Qonaq vurğulamışdır ki, Bakıda Azərbaycan tərəfi ilə müxtəlif sahələrdə danışıqlar aparmaq imkanımız olacaqdır. Eyni zamanda, Bakıda Xorvatiya üçün iki çox mühüm əhəmiyyət kəsb edən tarixlər - Xorvatiyanın Milli Günü və ölkəmizin Avropa İttifaqına üzv seçilməsi münasibətilə mərasim keçiriləcəkdir.

İ.Leko Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Məclisdəki  həmkarlarına bu iki mühüm tarixi Bakıda qeyd etməyə şərait yaratdıqlarına görə minnətdarlığını bildirmişdir.

Səfər çərçivəsində Xorvatiya Respublikası parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.4.