Xorvatiya Azərbaycan ilə müxtəlif
istiqamətlərdə münasibətləri inkişaf
etdirməkdə maraqlıdır
İyulun 5-də xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikası parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir. Nazir həmçinin iki ölkənin istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnun olduğunu qeyd etmiş və parlament diplomatiyasının rolunu vurğulamışdır.
Nazir Elmar Məmmədyarov müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına imkan yaradacağını diqqətə çatdırmış və Xorvatiyanı Avropa İttifaqına üzvlüyü münasibətilə təbrik etmişdir.
Xorvatiya parlamentinin sədri İosip Leko Bakıya səfər etməkdən məmnunluğunu bildirmiş və ölkəsinin Azərbaycan ilə müxtəlif istiqamətlərdə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır. İki ölkə arasında xüsusilə turizm sahəsində əməkdaşlıq üçün imkanların olduğunu vurğulamışdır. Qonaq həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Xorvatiyanın prinsipial mövqeyinin olduğunu və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini qeyd etmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 6 iyul.- S.4.