Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin
Heydərov Minskdə
Belarusun Baş naziri Mixail Myasnikovla
görüşmüşdür
Azərbaycanın
Fövqəladə Hallar Nazirliyi (FHN)
Belarus müəssisələrinin layihələrinə maraq göstərir.
Bu sözləri jurnalistlərə Azərbaycan FHN-nin rəhbəri,
general-polkovnik Kəmaləddin
Heydərov söyləmişdir.
Belarusun Baş naziri Mixail Myasnikov iyulun
5-də onunla görüşmüşdür.
Nazir
K.Heydərov demişdir: "Biz
yeni avadanlıq alırıq. Belarus müəssisələrinin
layihələrinə, o cümlədən yanğınsöndürmə,
xilasetmə işlərinin aparılması sahəsində
layihələrə maraq göstəririk. Xilasetmə, müxtəlif
risklərin öyrənilməsi üzrə çoxlu istiqamətlər
vardır. Biz belaruslu həmkarlarla əməkdaşlığa
ümid bəsləyirik".
Bundan
əlavə, Azərbaycan tərəfi kadrların hazırlanması sahəsində
Belarus FHN ilə tərəfdaşlığın
inkişafında maraqlıdır.
Hər
iki ölkənin fövqəladə
hallar nazirlikləri tərəfdaşlığın konkret
istiqamətlərinin əks
olunacağı
2014-2016-cı illər
üçün kompleks tədbirlər
planını imzalamağı planlaşdırırlar. K.Heydərov
demişdir: "Biz bir-birimizin təcrübəsini öyrənirik.
Müasir layihələr vardır. Biz gələcəkdə
də həmin layihələr üzərində işləyəcəyik".
Belarusun
Baş naziri Mixail Myasnikov Azərbaycanın
fövqəladə hallar naziri ilə görüşündə bildirmişdir ki, ölkələrimiz
arasında etimada söykənən
çox mehriban münasibətlər yaranmışdır.
Ticarət-iqtisadi və investisiya əməkdaşlığı dinamik inkişaf edir. Bu ilin dörd
ayında
qarşılıqlı ticarətin həcmi
10 faiz artmışdır ki, bu da ikitərəfli əməkdaşlığın
səmərəli olduğuna dəlalət edir. Belarus-Azərbaycan
birgə layihələri həyata
keçirilir. Belə qarşılıqlı fəaliyyətin parlaq nəticələrindən
biri Belarus və Azərbaycan tərəfindən almaniyalı tərəfdaşların iştirakı ilə kommunal və kənd təsərrüfatı texnikasının istehsalı
üzrə transmilli
korporasiyanın yaradılması olmuşdur.
Azərbaycan
nazirinə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin
müzakirə olunmasını təklif edən M.Myasnikov əmin etmişdir ki, iki ölkənin
fövqəladə hallar nazirlikləri arasında əldə
olunmuş razılaşmalar Belarus hökuməti səviyyəsində
dəstəklənəcəkdir.
Xatırladaq
ki, ölkələrimizin tərəfdaşlığı, o
cümlədən fövqəladə
halların qabaqlanması və nəticələrinin ləğv
edilməsi sahəsində tərəfdaşlığı
fəal inkişaf edir. Azərbaycanın və Belarusun fövqəladə hallar
nazirlikləri 2011-2013-cü illər
üçün kompleks tədbirlər planının icrası istiqamətində iş aparırlar. Təhsil
prosesinin informasiyalaşdırılması sahəsində təcrübə
mübadiləsi, paytaxt qarnizonları, Belarus Respublikası FHN-nin
Fövqəladə Halların İdarə olunması və
Onlara Reaksiya Mərkəzi və Azərbaycan Respublikası
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzi arasında tərəfdaşlığın
inkişaf etdirilməsi əməkdaşlığın
perspektiv istiqamətləri
arasındadır. Ölkəmizin
kənd yerlərində yanğınsöndürmə, qəza-xilasetmə postlarının fəaliyyətinin
təşkil edilməsi, kənddə yanğınların
aradan qaldırılması üçün Belarus istehsalı
olan yanğınsöndürmə avtomobillərinin göndərilməsi,
dalğıc, habelə kimya və radiasiya müdafiəsi xidmətləri
arasında təcrübə
mübadiləsi də planlara daxildir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Minsk
Azərbaycan.-2013.- 6 iyul.- S.4.