Fransanın Kann şəhərində Azərbaycan
mədəniyyət günlərinin rəsmi
açılışı olmuşdur
Birinci xanım
Mehriban Əliyeva tədbirdə iştirak etmişdir
İyulun 4-də Fransanın Kann şəhərində "Azərbaycan Kannda" mədəniyyət günlərinin rəsmi açılışı olmuşdur.
Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.
Fransanın şərqində ən böyük kurort və mədəniyyət mərkəzlərindən olan Kann şəhərində hər il beynəlxalq kinofestivalla yanaşı, Avropanın ən böyük sərgi və konfransları da təşkil olunur. Bənzərsiz mənzərəsi və koloriti, o cümlədən Şərq-Qərb ənənələrini özündə birləşdirməsi bu şəhəri turistlər üçün ilin bütün fəsillərində maraqlı edir. Artıq Fransanın ictimai və mədəni dairələrində kifayət qədər nüfuz qazanan Azərbaycan mədəniyyətinin bu dəfə Kannda tanıdılması üzrə işlərə şəhərin müxtəlif yerlərində ölkəmizin təbliğinə həsr olunan posterlərin və banerlərin vurulması ilə başlanmışdır. Bununla da Kann ictimaiyyətinin və turistlərin diqqəti şəhərdə onları gözləyən füsunkar mədəniyyət hadisəsinə yönəlmişdir.
İlk tədbir - 4-cü beynəlxalq "Qız qalası" sərgisinin açılışı Kannın döyünən ürəyi, lacivərd sahilin ən qaynar məkanı La Kruazetdə baş tutmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak etmişlər.
Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar BROŞAN Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirmiş və tədbirlərdə iştirak etmək üçün Kanna gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlamışdır. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyət günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirmişdir. Leyla Əliyeva mədəniyyət günlərinin "Qız qalası" sərgisi ilə açıldığını diqqətə çatdırmışdır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA demişdir:
- Bu,
Bakıda, İçərişəhərdə beş il əvvəl
başlanmış "Qız qalası" beynəlxalq sərgisidir.
Bakının rəmzi olan "Qız qalası" maketinin
üzərində rəsmlərini çəkmək
üçün dünyanın 50 ölkəsindən rəssamlar
bu sərgidə iştirak etmişlər. Bu, tarixi abidədir
və eramızın IX əsrinə təsadüf edir. Eyni
zamanda, siz burada ceyran maketlərini görürsünüz. Bu,
IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq
Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən
biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində
olan növlərə diqqəti yönəltməkdir.
Heydər
Əliyev Fondunun ölkəmizin bəşəri dəyərə
malik abidəsi və UNESCO-nun dünya mədəni irs
siyahısına daxil etdiyi Qız qalasının qlobal miqyasda
təbliğinə həsr edilən bu layihəsi ilk dəfə
2010-cu ildə Bakıda keçirilmişdir və
ardıcıl olaraq 3 il tamaşaçıların
görüşünə gəlmişdir. İlk dəfə
Azərbaycandan kənarda keçirilən 4-cü beynəlxalq
festivalda indiyə qədər dünyanın müxtəlif
ölkələrindən 40-dan çox rəssam iştirak
etmişdir. "Qız qalası" sərgi-festivalının
əsas meyarı tarixi abidənin maketi üzərində
müxtəlif ideyaların canlandırılmasıdır. Yerli
və xarici rəssamlar öz milli üslublarında qalanın
maketini bəzəyərək fərqli mədəniyyət və
adət-ənənələrin sintezini və
qarşılıqlı mübadiləsini əks etdirirlər.
Ona görə də sərginin konseptual xəyal sərhədləri
olduqca geniş və əhatəlidir.
Heydər
Əliyev Fondunun bu layihəsi beynəlxalq tarixi irsə və
mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə
verilən töhfədir. Bu, həm də Qız
qalasının funksional təyinatını, onun nadir
memarlıq görünüşünü bütün
dünyada tanıtmağa yönələn mühüm
addımdır. Sərginin diqqəti çəkən məqamlarından
biri də Qız qalasının Kannda tanıdılmasına
yeni tematik komponentin əlavə olunması idi. Ətraf
mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev
Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə
üzləşən ceyranların maketlərinin bəzədilməsi
ilə bağlı həyata keçirdiyi layihəni Kannda da
nümayiş etdirmişdir. Ümumilikdə isə sərgidə
26 rəssamın Qız qalası, 17 rəssamın isə
ceyran kompozisiyaları tamaşaçılara təqdim
olunmuşdur.
***
Günün
ikinci yarısında Kannda hər il beynəlxalq kino
festivalının keçirildiyi Festivallar sarayında
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
sərgisinin açılışı olmuşdur.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın və Kann şəhərinin
meri Bernar Broşanın iştirak etdikləri sərgidə
ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə
dair eksponatlar nümayiş etdirilir. Festivallar sarayının nəhəng sərgi salonunda təşkil edilən
ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin
bütün istiqamətləri, yaşı yüzillərlə
ölçülən xalça və xalça məmulatlarının
geniş çeşidi təqdim olunur. Məhz bu amil qədim
və orta əsr mənbələrinin Azərbaycan
xalçaları haqqında verdiyi məlumatların bu gün
də dünya mədəni irsi üçün son dərəcə
dəyərli və özünəməxsus olduğunu təsdiqləmişdir.
Milli geyimlərimiz də məişətimizin zənginliyi barədə
dolğun təsəvvür yaratmışdır. Qədim misgərlik
nümunələrimiz Azərbaycan insanının yaşam tərzi,
adət-ənənələri barədə qonaqlarda müfəssəl
təəssürat doğurmuşdur. Sərginin qiymətli
eksponatlarından olan milli musiqi alətlərimiz də
tamaşaçılar tərəfindən son dərəcə
maraqla qarşılanmışdır. Bundan əlavə, sərginin
"Hisslər" adlanan bölməsində
tanınmış fırça ustalarımız müasir Azərbaycan
incəsənətinin nümunələrini təqdim
etmişlər. Bədii üslubu, fərqli, həm də
avanqard ideyaların hakim kəsildiyi bu əsərlər
müasir Azərbaycan incəsənətinin özəlliyindən
xəbər verir. Orijinal zövqün, maraqlı ideyaların,
incə ruhun vəhdət təşkil etdiyi əsərlər
qeyri-ənənəvi ifadə texnologiyaları ilə
tamaşaçılarda böyük maraq doğurmuşdur. Sərgidə
Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin
təbliğinə xidmət edən kitab, buklet və digər
müxtəlif nəşrləri də təqdim olunmuşdur.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA
sərginin açılışında çıxış
edərək demişdir:
- Hörmətli
cənab mer!
Hörmətli
qonaqlar!
Əziz
dostlar!
Bu
axşam sizləri Azərbaycan mədəniyyət günlərinin
açılışında ürəkdən salamlayıram.
Dörd gün ərzində Fransanın ən gözəl
şəhərlərindən biri olan Kannda Azərbaycanın
mədəniyyət günləri keçiriləcək və
həm şəhərin sakinləri, həm yüzlərlə
turist ölkəmizin mədəniyyəti, incəsənəti,
musiqisi, qədim sənəti, Azərbaycanın
keçmişi və bugünü ilə tanış
olacaqdır.
Mən bu
fürsətə görə ilk növbədə Kann şəhərinin
meri cənab Broşana dərin minnətdarlığımı
çatdırıram. Cənab mer, hazırlıq mərhələsinin
ilk anlarından biz sizin diqqət və dəstəyinizi hiss
etmişik və ümidvaram ki, bu gün təməli qoyulan əməkdaşlıq
gələcəkdə də davam edəcəkdir.
Hörmətli
qonaqlar, ölkələrimiz arasında əlaqələr bir
sıra mühüm sahələri əhatə edir. Amma mən
bu gün daha çox humanitar sahədən danışmaq istərdim.
Fransa universitetlərində Azərbaycan dili, ədəbiyyatı
və tarixi tədris olunur, yüzlərlə azərbaycanlı
tələbə Fransa ali məktəblərində təhsil
alır. Azərbaycanda, paytaxtımızda ilk fransız
liseyinin binası inşa olunur. Ötən ildən Parisdə
Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə
başlayıb. Bu mərkəzdə ölkəmizi tanıdan
müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil
olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə
Fransanın müxtəlif regionlarında və şəhərlərində
Azərbaycan mədəniyyət günləri keçirilir.
Artıq 16 şəhərdə belə günlər
keçirilmişdir. Biz həmçinin Strasburq Kafedral kilsəsinin,
Versal Sarayının, Fransanın müxtəlif
regionlarında tarixi abidələrin bərpasında da
iştirak edirik.
Əziz
dostlar, bu siyahını davam etdirmək mümkündür. Mən
sadəcə onu demək istəyirəm ki, mədəniyyət
heç bir sərhəd tanımır, mədəniyyət
insanların və xalqların bir-birini daha dərindən
tanıması, daha doğru anlaması üçün
universal və əvəzsiz bir vasitədir. Hər bir
xalqın ən böyük varlığı onun mədəni
irsi, keçmişi, kökləri və ənənələridir.
Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz
və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı
əsrlər boyu mədəniyyətlərin və
sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və
bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik.
Hörmətli
dostlar, bizim çalışıb burada
yaratdığımız Azərbaycan mühiti, ümidvaram
ki, sizin qəlbinizdə xoş duyğular oyadacaq, ölkəmizi
daha yaxından tanımaq üçün Azərbaycana gələcəksiniz.
Bir daha bu
axşam bizimlə birlikdə olduğunuza görə sizə
dərin minnətdarlığımı bildirirəm, xoş
axşam arzulayıram.
Kann şəhərinin
meri Bernar BROŞAN bu sərginin Azərbaycanın dünyəvi
dövlət və zəngin mədəniyyətə malik
olduğunu bir daha təsdiqlədiyini bildirmişdir. Qeyd
etmişdir ki, sərginin Kann şəhərində
açılması Qafqazın mirvarisi olan Azərbaycana
böyük maraq yaratmış
və Fransanın mədəni dairələrində
yaxşı tanınan ölkəmizin zəngin mədəniyyətinin
olduğunu nümayiş etdirmişdir.
Bu sərgi
bir daha təsdiqləmişdir ki, bütün bunlar da mahiyyətində
xeyirxahlıq və humanizm olan mədəniyyətimizin özəlliyindən
qaynaqlanır. Bir reallıq da aydın olmuşdur ki, ölkəmizin
beynəlxalq imicinin formalaşdırılması istiqamətində
son illərdə həyata keçirilən fəaliyyət
proqramı artıq öz uğurlarını
qazanmış və bu sərgi
də daxil olmaqla, bunu təsdiqləyən mühüm amillər
kifayət qədər çoxdur.
***
Axşam
Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi
açılışı münasibətilə ziyafət
verilmişdir.
***
Daha sonra
hər il Kann şəhərində keçirilən beynəlxalq
pirotexnika festivalının rəsmi
açılışı olmuşdur. Mühüm məqam ondan
ibarətdir ki, budəfəki festivalın rəsmi
açılışını Azərbaycan etmişdir.
Bu
münasibətlə təşkil olunmuş möhtəşəm
atəşfəşanlıq Azərbaycan Respublikasının
Dövlət himninin səslənməsi ilə
başlamışdır.
Azərbaycan
bəstəkarlarının əsərlərinin səslənməsi
Kann səmasını bəzəyən əsrarəngiz
şouya xüsusi ovqat qatmışdır. Atəşfəşanlıq
dahi Müslüm Maqomayevin "Azərbaycan" mahnısı
ilə başa çatmışdır.
Beləliklə,
Heydər Əliyev Fondu Azərbaycanın Kanndakı təqdimatına
iyulun 20-dək davam edəcək iki möhtəşəm sərginin
açılışı ilə start vermiş və bu sərgilərdə
yaşanan qələbəlik, sözün əsl mənasında
sonsuz maraq təsdiqləmişdir ki, Azərbaycanın zəngin
mədəniyyəti dünyanın istənilən yerində
qəbul olunur və sevilir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Kann
Azərbaycan.-2013.- 6 iyul.- S.5.