Londonda «Günün
siyasi gündəminin formalaşması: Avropa kontekstində
Britaniya Azərbaycan münasibətləri» mövzusunda forum
keçirilmişdir
Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı
və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin
dəstəyi ilə Londondakı "RUSİ"
Araşdırma Mərkəzində "Günün siyasi
gündəminin formalaşması: Avropa kontekstində
Britaniya-Azərbaycan münasibətləri" mövzusunda
forum keçirilmişdir.
AzərTAc
xəbər verir ki, forumun açılışında Avropa
üzrə dövlət naziri Hon Deyvid Lidington və Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin
müavini, xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov çıxış etmişlər.
N.Məmmədov
tarixə nəzər salaraq Azərbaycanın əsrlər
boyu əldə etdiyi nailiyyətlərdən söz
açmış, ölkəmizin strateji cəhətdən əlverişli
mövqedə yerləşdiyini vurğulamışdır. Azərbaycanın
Şərqdə ilk demokratik respublika olduğunu diqqətə
çatdıran Prezident Administrasiyası rəhbərinin
müavini Şərqdə ilk operanın məhz bizim ölkəmizdə
səhnələşdirildiyini bildirmişdir.
N.Məmmədov
qeyd etmişdir ki, Azərbaycan müstəqillik illəri ərzində
siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə
bir çox nailiyyətlərə imza atmışdır. Son
on ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə
artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə,
işsizlik 5,2 faizə düşmüşdür. Azərbaycan
iqtisadiyyatı Qlobal Rəqabətə Qabiliyyətlilik
İndeksinə görə 46-cı yerdədir və
hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil
edir.
Azərbaycan
ilə Böyük Britaniya arasında əməkdaşlıq
əlaqələrindən danışan Novruz Məmmədov
demişdir ki, bu münasibətlər davamlı inkişaf
edir. Ötən əsrin sonlarında Azərbaycan ilə BP
şirkəti arasında "Əsrin müqaviləsi"nin
imzalandığını xatırladan Prezident
Administrasiyasının rəsmisi vurğulamışdır
ki, bu gün Britaniyanın onlarla şirkəti Azərbaycanın
tikinti, energetika, ticarət, xidmət və digər
sektorlarında sərmayəçi və podratçı
qismində iştirak edir. Bunun ən parlaq nümunəsi
energetika sahəsində BP-ARDNŞ əməkdaşlığıdır.
Təhsil
sahəsində əlaqələrimizin inkişafından bəhs
edən N.Məmmədov azərbaycanlı tələbələrin
Birləşmiş Krallıqda təhsil almağa böyük
üstünlük verdiklərini vurğulamışdır. Həm
dövlət, həm də şəxsi maliyyələşmə
hesabına Britaniyada təhsil alan kifayət qədər azərbaycanlı
tələbənin olduğunu diqqətə
çatdırmışdır.
Ölkəmiz
üçün ən ağrılı problemin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması
olduğunu deyən Novruz Məmmədov qeyd etmişdir ki, məsələnin
həllinə dair BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinin olmasına, digər
beynəlxalq təşkilatların və institutların
tutduğu ədalətli mövqeyə baxmayaraq, vəziyyət
dəyişməmiş və müharibə təhlükəsi
hələ də qalmaqdadır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin
səyləri münaqişənin nizamlanmasında tərəqqiyə
səbəb olmamışdır. "Şəxsən mən
hesab edirəm ki, proseslərin hazırkı gedişi
münaqişənin sülh yolu ilə nizamlanmasına
ümidləri azaldır. Həmsədrlərin bəyanatları
beynəlxalq hüquqa və BMT Təhlükəsizlik
Şurasının münaqişəyə dair dörd qətnaməsinə
əsaslanmır. Hətta bu məsələ ilə bağlı
son vaxtlar verilən bəyanatlar belə müxtəlif beynəlxalq
təşkilatların 5-6 il əvvəl qəbul etdikləri
müxtəlif sənədlərlə əks olunan məsələlərdən
fərqlənir. Bu, müzakirələrin gedişində
problemlər yaradır" - deyə Prezident
Administrasiyasının rəsmisi əlavə etmişdir.
Novruz
Məmmədov bəzi təşkilatların və hökumət
qurumlarının hesabatlarında Azərbaycanda demokratiya və
insan hüquqlarının pozulduğu barədə fikirlərin
yer almasına münasibət bildirərək
vurğulamışdır: "Bununla belə, bu hesabatlarda bir
milyona yaxın azərbaycanlı qaçqın və məcburi
köçkünün hüquqlarının pozulduğu barədə
heç nə deyilmir".
Avropada
multikulturalizmin səviyyəsinin aşağı
düşdüyü bir vaxtda Azərbaycanda müxtəlif
dinlərin təmsilçilərinin sülh və
tolerantlıq şəraitində yaşadıqlarını
vurğulayan Novruz Məmmədov bildirmişdir ki, Azərbaycan
bütün dünya ölkələri, hətta Avropa
üçün nümunə ola biləcək ideal və
tolerant cəmiyyət qurmağa müvəffəq olmuşdur.
N.Məmmədov
qeyd etmişdir ki, Azərbaycanda o qədər də əhəmiyyətli
olmayan problemlər vardır. Biz tənqidi normal qəbul edirik.
Bununla belə, hesab edirik ki, tənqid yanlış və ədalətsiz
olmamalıdır. Yalnız ədalətli tənqid müxtəlif
təhdid və təhlükələri dəf etməyə
imkan verə bilər.
Avropa
üzrə dövlət naziri Hon Deyvid Lidington Azərbaycanın
Qafqazın təhlükəsizliyində və sabitliyində
vacib ölkə olduğunu bildirmişdir.
Həm
Avropa İttifaqı (Aİ), həm də Birləşmiş
Krallıq ilə ikitərəfli əlaqələrin
inkişafının əhəmiyyətli olduğunu
vurğulayan H.D.Lidington Azərbaycanın qısa zaman ərzində
çox böyük və uğurlu yol qət etdiyini diqqətə
çatdırmışdır.
Ticarət
sahəsində də əlaqələrimizin inkişafına
toxunan H.D.Lidington Azərbaycanda 300-dən çox Britaniya
şirkətinin fəaliyyət göstərdiyini və ölkəmizə yatırılan sərmayələrin
ildən-ilə artdığını qeyd etmişdir. Azərbaycanın
son illərdəki sürətli iqtisadi inkişafına da
münasibətini bildirən H.D.Lidington uğurların bundan
sonra da davam edəcəyinə inamını ifadə
etmişdir.
Qeyd
olunmuşdur ki, Azərbaycan NATO ilə əlaqələrini
gücləndirmiş, BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu
uğurlardan başqa Aİ və Birləşmiş
Krallıq həmçinin "Şərq Tərəfdaşlığı"
proqramını dəstəkləyirlər. H.D.Lidington demişdir: "Britaniya
ilə Azərbaycan arasında əməkdaşlığın
gücləndirilməsinin hər iki tərəf
üçün faydalı olacağına inanıram. Ölkənizin
hərtərəfli inkişafı təqdirəlayiqdir və
bu inkişafda Britaniya və Avropa ilə əməkdaşlığın
rolu vardırsa, bu, bizim üçün sevindirici
haldır".
Daha
sonra forum işini "Maliyyə böhranı dövründə
Avropanın Cənubi Qafqaza yardımı" mövzusunda
müzakirələr və çıxışlarla davam
etdirmişdir.
Azərbaycanın
NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər
İbrahim ölkəmizin son illərdə nüfuzlu beynəlxalq
təşkilatlarla əməkdaşlığının
güclənməsindən bəhs etmiş, NATO ilə əlaqələrimizin
yüksək səviyyədə olduğunu bildirmişdir. Ölkəmizin Avratlantik məkana
sürətlə inteqrasiya etdiyini vurğulayan X.İbrahim
demişdir ki, beynəlxalq təşkilatlar tərəfindən
keçirilən dünya miqyaslı layihələrdə
ölkəmizin özünəməxsus yeri vardır.
Cənubi
Qafqaz ilə əlaqələr üzrə qrup rəhbəri
Doqlas Karpenter Aİ ilə əməkdaşlığın
daha da gücləndirilməsi üçün Azərbaycanın
kifayət qədər potensialının olduğunu
bildirmişdir. Kənd təsərrüfatı, təhsil,
ticarət sahələrində ikitərəfli əlaqələrin
inkişaf etdiyini diqqətə çatdıran D.Karpenter digər
sahələrdə əməkdaşlığın daha da
güclənəcəyinə əminliyini ifadə
etmişdir.
Daha
sonra forum "Dağlıq Qarabağ münaqişəsində
Birləşmiş Krallığın rolu" mövzusunun
müzakirəsi ilə davam etmişdir.
SAM-ın direktoru Fərhad Məmmədov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, onun səbəbləri və
hazırkı vəziyyəti haqqında ətraflı məlumat
vermişdir.
Münaqişənin
regional deyil, dünya miqyaslı bir problem olduğunu
vurğulayan SAM-ın direktoru təcavüzkar Ermənistanın
beynəlxalq qaydaları pozaraq ərazilərimizin
20 faizini işğal altında saxladığını diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, Ermənistan
həmçinin işğal etdiyi ərazilərdən
özünün terrorçu niyyətləri
üçün istifadə edir. Bütün bədnam niyyətlərinə
baxmayaraq, Ermənistan beynəlxalq qurumlar tərəfindən
lazımi səviyyədə cəzalandırılmır.
F.Məmmədov Ermənistanın
bütün sahələrdə tənəzzülə
uğradığını vurğulamış, ölkəmizin
son illərdəki sürətli inkişafını diqqətə
çatdırmışdır.
Birləşmiş
Krallığın münaqişənin həllinə
birbaşa olmasa da, Aİ səviyyəsində dolayı yolla təsir
göstərə bilmək imkanına malik olduğunu diqqətə
çatdıran F.Məmmədov Britaniya parlamentində məsələnin
bir neçə dəfə müzakirəyə
çıxarıldığını bildirmişdir.
Sonda
SAM-ın direktoru Birləşmiş Krallığın
münaqişənin həlli ilə bağlı səylərini
gücləndirəcəyinə və problemin
çözülməsində müsbət dəyişikliyə
nail olacağına inandığını
vurğulamışdır.
Forumun
son hissəsi "Britaniya-Azərbaycan əməkdaşlığının
perspektivləri" mövzusuna həsr edilmişdir.
Azərbaycanın
Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov
tarixə nəzər salaraq ölkələrimiz arasındakı
münasibətlərin əsasının 1994 və 1998-ci illərdə
ümummilli lider Heydər Əliyevin Birləşmiş
Krallığa rəsmi səfərləri ilə
qoyulduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Prezident
İlham Əliyevin 2004, 2009 və 2012-ci illərdə bu
ölkəyə rəsmi səfərləri isə ikitərəfli
münasibətlərimizin daha da gücləndirilməsinə
təkan vermişdir.
Birləşmiş
Krallıq ilə bütün sahələrdə geniş əməkdaşlığımızın
olduğunu qeyd edən səfir xüsusilə Avropanın
enerji təhlükəsizliyi sahəsində əlaqələrin böyük əhəmiyyət kəsb
etdiyini vurğulamışdır. Bildirilmişdir ki, hər
iki ölkə beynəlxalq səviyyədə ortaq maraqlara
sahibdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin
imzalanmasından sonra aparıcı neft şirkəti kimi Azərbaycanda
fəaliyyətini davam etdirir. 2011-ci ildə Britaniya 501 milyon
ABŞ dolları məbləğində ticarət dövriyyəsi
ilə Azərbaycanın dünyada
15-ci, Avropada isə 4-cü ən böyük ticarət
tərəfdaşı olmuşdur.
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə
Britaniya sərmayəsi Azərbaycandakı xarici investisiyaların
51,7 faizini təşkil etmişdir. Ticarət əlaqələrimizin
daha da genişləndirilməsi üçün 2009-cu ilin
sentyabr ayında Britaniya-Azərbaycan Biznes Şurası
yaradılmışdır.
Britaniyada
fəaliyyət göstərən Azərbaycan təşkilatlarından
da bəhs edən səfir bu sahədə Avropa Azərbaycan Cəmiyyətini
nümunə olaraq göstərmişdir.
Təhsil,
humanitar və başqa bir çox sahələrdə
inkişaf edən münasibətlərimizdən
danışan F.Qurbanov əlaqələrimizin bundan sonra daha da
inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
ARDNŞ-in
vitse-prezidenti Vitali Bəylərbəyov Azərbaycanın neft
sektorunun güclü inkişafından
danışmışdır. Britaniya ilə enerji sahəsində
əlaqələrimizin sürətlə inkişaf etdiyini
vurğulayan V.Bəylərbəyov əməkdaşlığımızın
bundan sonra da bütün sahələrdə uğurla davam edəcəyinə
əminliyini bildirmişdir.
Forum
çərçivəsində mövzularla bağlı
suallar cavablandırılmış, müzakirələr
aparılmışdır.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi
müxbiri
London
Azərbaycan.-2013.- 6 iyul.- S.6.