Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 11-ci ili tamam olur

 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK)  yaradılmasının 11 ili tamam olur.  DİDK-dan AzərTAc-a bildirmişlər ki, komitə ulu öndər Heydər Əliyevin "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılmışdır.

2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzalamışdır.

Dövlət Komitəsinin yaradılmasının əsas məqsədi Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biri - dünyadakı soydaşlarımızın sıx birliyini təmin etməkdir. Bu sahənin inkişafına dövlət qayğısının daha da artırılması məqsədilə Dövlət Komitəsi yaradıldıqdan az sonra - 2002-ci ilin dekabrında "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsi ötən 11 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirmiş, Dünya Azərbaycanlılarının Xartiyasını hazırlamışdır.

Dünya Azərbaycanlılarının II qurultayı, Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin forumu, türk dövlət və cəmiyyətlərinin XI Dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, Dünya Azərbaycanlılarının III qurultayı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantıları və digər dövlət  və beynəlxalq əhəmiyyətli tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, parlament üzvləri iştirak etmişlər. Azərbaycan hökumətinin dəstəyi ilə keçirilmiş bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfələr vermiş, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın inkişafında mühüm rol oynamışdır.

Bu illər ərzində keçirilmiş 2200-ə yaxın tədbirdən təqribən 1100-ü Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət etmişdir. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması prioritet məsələ olmuşdur.

Bütün bunlardan əlavə, Azərbaycan diaspor təşkilatları tərəfindən yeni kütləvi informasiya vasitələri təsis edilmiş, eyni zamanda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-də Azərbaycan ilə bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Ötən müddətdə "20 Yanvar" faciəsi, Xocalı soyqırımı, 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Amerika, Avropa, Asiya ölkələrində Azərbaycan icmaları tərəfindən anma mərasimləri, foto və rəsm sərgiləri, təbliğat kampaniyaları, elmi-praktik konfranslar və digər tədbirlər təşkil olunmuşdur.

Müxtəlif ölkələrdə 500-dən artıq mədəni-kütləvi tədbirlər - Azərbaycanın qədim mədəniyyətini, zəngin irsini təbliğ etmək məqsədilə dünyanın müxtəlif ölkələrində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgilər, mədəniyyət və kino günləri, müxtəlif formatlı bayram tədbirləri, konsert proqramları və s. keçirilmişdir. Bu tədbirlərin bir çoxu xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları, siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlament üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına xidmət etmişdi. Məhz bu tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimaisiyasi xadimləri, KİV nümayəndələri ilə görüşlər keçirilmiş, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunmuşdur.

Dövlət Komitəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi işinə də xüsusi əhəmiyyət vermişdir. MDB məkanında, xüsusən, Rusiyada, Ukraynada yaşayan soydaşlarımızın vətəndaş hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə hüquq müdafiə mərkəzləri təsis edilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini həll etmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə xüsusi tədbirlər həyata keçirmişdir. Gürcüstandakı Azərbaycan məktəblərində "Gürcü dili" kursları açılmış və gürcü dilinin tədrisi üçün dərsliklərlə təmin olunmuşdur. Nəticədə 2010-2011-ci tədris ilində Gürcüstanın ali məktəblərinə qəbul olunmuş 458 azərbaycanlı tələbənin 352-si "Gürcü dili" kurslarının dinləyiciləri olmuşdur.

Komitə türkdilli xalqların diasporu arasında əməkdaşlığın yaradılmasına da nail olmuşdur. Bu ilin mayında Ankarada türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq strategiyasının qəbul olunması, iyunun 21-də isə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci  forumu bu istiqamətdə atılan vacib addımdır. 

Ötən 11 il ərzində xarici ölkələrdə, ümumilikdə, 215 yeni diaspor təşkilatı yaradılmışdır. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 450-yə yaxındır.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.6.