Sumqayıt və Genuya şəhərləri arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanmışdır

 

Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Sumqayıtın icra hakimiyyətinin başçısı Eldar Əzizov İtaliyanın Genuya şəhərində səfərdə olmuşdur.

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər İtaliyanın Liquriya regionunun paytaxtı Genuya şəhərinin meri Andrea Dorianın dəvəti əsasında həyata keçirilmişdir.

E.Əzizov Genuya şəhərinin meri A.Doria ilə görüşdə Azərbaycanın, eləcə də Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, iqtisadi potensialı, ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş məlumat vermişdir.

Söhbət zamanı Genuya ilə Sumqayıt arasında müxtəlif sahələrdə əlaqələrin qurulmasının vacibliyi vurğulanmış, iqtisadi, mədəni, təhsil, elm, turizm və digər sahələrdə konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsinə dair razılıq əldə olunmuşdur.

Sonda Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Genuya meriyası arasında əməkdaşlıq haqqında niyyət memorandumu imzalanmışdır.

Sənəddə tərəflər arasında gələcək fəaliyyət planını ehtiva edən əməkdaşlıq haqqında müqavilənin imzalanması da nəzərdə tutulmuşdur.

E.Əzizov italiyalı həmkarını Sumqayıta səfərə dəvət etmişdir. Səfər çərçivəsində E.Əzizov Genuyanın Ticarət Palatasının prezidenti Paolo Odoneyerli adamları ilə də görüşmüşdür.

Görüşlərdə hər iki tərəfin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və Genuyanın adamlarının Sumqayıtda həyata keçirilən quruculuq layihələrinə cəlb edilməsi perspektivləri müzakirə edilmişdir.

E.Əzizov Avropanın ən nəhəng sənaye limanlarından biri olan Genuyanın liman kompleksinin imkanları ilə də tanış olmuş,  Avropanın ən böyük pediatriya xəstəxanalarından biri olan Gaslini xəstəxanasına baş çəkmişdir.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və Genuyadakı fəxri konsulu Marqarita Kosta iştirak etmişlər.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.8.