Azərbaycan Milli
İncəsənət Muzeyinin
ekspozisiyasının xüsusi təqdimatı
keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli sərəncamına əsasən, hər il iyulun 9-u ölkəmizdə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
AzərTAc xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı, "Səba" ticarət markası və "Artişok" şirkətinin dəstəyi ilə iyulun 5-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları üçün Milli İncəsənət Muzeyinin ekspozisiyasının xüsusi təqdimatı keçirilmişdir .
Tədbirdə muzeyin direktoru Çingiz Fərzəliyev çıxış edərək sərginin mühüm əhəmiyyət daşıdığını söyləmişdir.
Son
illərdə ölkəmizdə müasir muzeylərin
inşa olunmasını xüsusi qeyd edən Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev
bildirmişdir ki, bu mədəniyyət ocaqlarında Azərbaycan
xalqına məxsus qədim və müasir sənət
nümunələri qorunub saxlanılır.
Bildirilmişdir
ki, qonaqlar muzeydə nümayiş olunan, Qərbi Avropa, rus və
Azərbaycan incəsənətinin müxtəlif dövrlərini
əks etdirən təsviri və tətbiqi sənət
nümunələri, eyni zamanda, Azərbaycan xalqının
ümummilli liderinin 90 illik yubileyinə həsr olunmuş
"Heydər Əliyev və sənət müasirləri"
mövzusunda sərgi ilə tanış olacaqlar.
Bir
neçə gündən sonra Azərbaycan
diplomatlarının öz peşə bayramlarını qeyd edəcəyini
diqqətə çatdıran UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının birinci katibi
Günay Əfəndiyeva vurğulamışdır ki,
diplomatiya da incə sənətdir. Diplomatlar da incəsənət
sahəsində çalışan insanlar kimi, öz peşələrinə
son dərəcə ciddi, məsuliyyətlə, ehtiyatla
yanaşırlar. Onlar da sənət adamları kimi xalqlar
arasında dostluq əlaqələrinin möhkəmlənməsi
naminə fəaliyyət göstərirlər.
Son
illər Azərbaycan diplomatiyasının qazandığı
uğurlara toxunan G.Əfəndiyeva bildirmişdir ki, bu gün
onların üzərinə daha böyük vəzifələr
düşür. Diplomatlarımız öz vəzifə
borclarını dərindən dərk edir və Azərbaycanın
haqq işinin dünyada tanıdılması istiqamətində
yorulmadan fəaliyyət göstərirlər.
Təmsil
etdiyi qurumun gördüyü işlərdən söz
açan G.Əfəndiyeva demişdir ki, UNESCO-nun əsas hədəflərindən
biri mədəniyyətlərarası dialoq vasitəsilə
davamlı sülhə nail olmaq, dünyada tolerant bir cəmiyyət
yaratmaqdır. Ölkəmizdə ayrı-ayrı etiqad və
inanclara malik etnosların min illərlə əmin-amanlıq
şəraitində yaşamasında, etnik mədəni
müxtəlifliyin günümüzədək qorunub
saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və
çoxmillətlilik dəyərlərin müstəsna rolu
vardır.
Sonda
Azərbaycanda fəaliyyət göstərən diplomatik
korpusun nümayəndələri sərgi ilə yaxından
tanış olmuşlar.
Azərbaycan.-2013.- 6 iyul.- S.8.