Xəyanətin ad günü...

 

Yaxud Dağlıq Qarabağ Muxtar Vilayəti yaşasaydı, iyulun 7-də 90 illiyi qeyd ediləcəkdi

 

 30 il əvvəl onun 60 illik yubileyini təntənəli surətdə bayram etmişdik. Bu bayrama təkcə Azərbaycanda deyil, həm də SSRİ miqyasında ciddi hazırlıq görülmüşdü. Bu da təsadüfi deyildi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti Sovet İttifaqının ən qabaqcıl və inkişaf etmiş muxtar bölgəsi sayılırdı. Buradakı yüksək həyat səviyyəsi, iqtisadiyyatın və mədəniyyətin sürətli inkişafı, habelə milli münasibətlərin "ən yaxşı durumu" digər inzibati bölgələr üçün nümunə hesab olunurdu. Bunu DQMV-nin erməni rəhbərləri də təsdiqləyir, respublika və ittifaq miqyaslı konfranslarda, hesabat yığıncaqlarında "öncül" olduqları barədə ağızdolusu danışırdılar. Elə bu səbəbdən də SSRİ-nin "ən qabaqcıl muxtar vilayətinin" 60 illik yubileyinə hazırlıq bütün ölkənin diqqət mərkəzində idi. Lakin o zaman heç kəs bilmirdi (yaxud bilmək istəmirdi!) ki, Azərbaycan xalqı qoynunda ilan bəsləyib, ərsəyə çatdırdığı misli görünməmiş xəyanətin ad gününə hazırlaşır...

1983-cü ilin baharı sona çatmış, yayın nəfəsi duyulmaqda idi. O zaman mən "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsində çalışırdım. Səhər işə təzəcə başlamışdıq ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən zəng etdilər: "Bir saatdan sonra təbliğat-təşviqat şöbəsi müdirinin otağında olmalısan".

Belə çağırışlara adət etdiyimdən (o zaman qəzet-jurnal redaktorlarını tez-tez MK-ya çağırıb təlimatlandırmaq dəbdə idi) təəccüblənmədim. Lakin deyilən vaxtda MK-da olmağın vacibliyini də yaddan çıxarmadım...

Şöbə müdirinin yığcam, bir tərəfdən də müxtəlif nəşrlərin, çap məhsullarının "zəbt etdiyi" darısqal kabinetində yad adam görüb, geri qayıtmaq istədim. Belə hallarda katibənin əyləşdiyi kiçik gözləmə otağında oturub, şöbə müdirinin özünü gözləmək daha məqbul idi. Ələlxüsus katibə qız yerində olmadığından burada özümü bir qədər sərbəst apara, masanın üzərinə səpələnmiş "defisit" jurnallari vərəqləyə bilərdim. Ancaq açdığım qapıdan geri qayıda bilmədim. Pəncərə qarşısında dayanıb dənizə açılan mənzərəni seyr edən tanımadığım cüssəli adam çevrilərək məni gördü və dilləndi:

- Yəqin sizin familiyanız Kərimovdur, jurnalist..?

- Özüdür ki var, - deyib qapını  arxamca örtdüm. Qonaq sözünə davam etdi:

- Şöbə müdirini katibin yanına çağırdılar. Xahiş etdi ki, onu gözləyəsiniz, daha doğrusu, hər ikimiz birlikdə onu gözləyək... Gəlin tanış olaq...

Bu zaman onu öskürək tutdu. Mənə elə gəldi ki, bu, adi öskürək deyil! Uzun çəkdi və cüssəli kişini ikiqat bükərək boğulmaq dərəcəsinə çatdırdı. Uşaqlıqda göy öskürəkdən əzab çəkdiyim yadıma düşdü. Tez qaçıb şöbə müdirinin bufetindəki qrafindən su töküb gətirdim.

- Alın için, - deyə stəkanı yad adama uzatdım. O isə cibindən inhalyator (tozlayıcı) çıxarıb, nəfəsinə fısqırtdı və tədricən özünə gəldi... Nəfəsi tamam bərpa olunandan sonra danışdı:     

- Deyəsən, sizi qorxutdum... Bu zəhrimar astmanın iqlim dəyişikliyi ilə heç arası yoxdur. - Əlindəki inhalyatoru göstərib, əlavə etdi: - Hara gedirəmsə, bu "tapança"nı yanımca hərləməli oluram...

Sonra yad adam öskürək tutmasından qabaqkı sözünə qayıtdı:

 

- Hə, mənim adım Mark, familiyam Barinovdur... Moskvadan gəlmişəm, "Oqonyok" jurnalının redaksiyası tərəfindən ezam olunmuşam...

Tanışlıq əlaməti olaraq mən də öz ad-familiyamı, bir də respublika qəzetlərindən birinin redaktoru olduğumu söylədim. Dərhal soruşdu:

- Qəzetiniz nədən yazır?

 

- İnsanlardan yazırıq, insanlar üçün yazırıq... - deyə çox ümumi cavab verdim. Mark mənim dediklərimi təkrar etdi:

- İnsanlar haqqında... İnsanlar üçün... - Sonra öz fikrini bildirdi: - Deməli, hər şeydən yazırsınız...

- Siz də hər şeydən yazırsınız, - deyə eyhamla dilləndim.

"Oqonyok" jurnalının son vaxtlar qəlbimizdə yaratdığı inciklik hissini gizlədə bilmədim. Mark Barinov sanki bunu hiss etdi.

- Mən "Oqonyok" jurnalında çalışmıram, - dedi, - amma onunla əməkdaşlıq edirəm . Puşkinin ev muzeyinin direktoru vəzifəsində işləyirəm, lakin məni "Azərbaycanın bilicisi" kimi tanıdıqlarından Bakıya ezam ediblər.   

İstər-istəməz onun sözünü kəsəsi oldum:

 

- Bu şərəfə hansı xidmətinizə görə nail olmusunuz? - Nədənsə onun Azərbaycan haqqında elə bir sanballı yazısını xatırlamırdım. Deyəsən, eyhamımı başa düşdü, gülümsəyərək dedi:

- Yox, Moskvada məni "azərbaycanşünas jurnalist" kimi tanımırlar. Sadəcə olaraq azərbaycanlı olduğum üçün Azərbaycana göndərirlər. "Oqonyok" da məni, yəqin ki, bu "keyfiyyətimə" görə seçib...

Qonaq son sözləri ilə məndə yaratdığı təəccüb hissini özü dağıtdı:

- Məsələ burasındadır ki, mən Bakıda doğulmuşam. Atam Azərbaycanın ilk neft naziri olub. Mixail Barinov... Özüm on beş yaşınadək Bakıda yaşamışam...

Bu, mənim  üçün doğrudan da yeni xəbər oldu və nədənsə öskürəkdən əziyyət çəkən orta yaşlı cüssəli qonaq mənim üçün "yad adamdan" dönüb, "doğma adam"a çevrildi.

- Yerlimiz xoş gəlib vətəninə, - dedim. - Amma nə üçün gəldiyini, yəqin ki, özü deyəcək...

Mark gülümsəyərək dedi:

- Gəlişim xoş olsa da, mənə tapşırılan vəzifə o qədər də xoş deyil. Daha doğrusu, missiyam çətin missiyadır...

Bu zaman qapını kimsə açıb, yenidən örtdü. Hər ikimiz eyni vaxtda qapıya tərəf döndük. Qonaq məndən tez dilləndi:

- Bu şöbə müdiri nə çox ləngidi...

 

Mən marağımı gizlədə bilmədim:

- Sizcə, bizi Mərkəzi Komitəyə niyə çağırıblar?

- Məni çağırmayıblar, özüm gəlmişəm, - dedi. - Yəqin, sizi də mənə görə çağırıblar... 

Mark onu maraqla dinlədiyimi görüb bir qədər də təfsilatlı danışmağa çalışdı:

- Məsələ burasındadır ki, köməyinizə ehtiyacım var. Həm yerli təşkilatların, həm də yerli jurnalistlərin köməyinə... Dünəndən buradayam. Sizin Mərkəzi Komitəyə müraciət etmişəm, görək məsələni necə həll edirlər...             

Mən yenə də qonağa "sataşmaq" istədim:

 

- Adətən paytaxtdan gələn jurnalistlər yerli qələm sahiblərindən gen gəzirlər ki, onların "təsiri altına düşməsinlər". Siz isə bizim köməyimizə arxalanırsınız. Yəqin, qan çəkir...

Mənim düşündüyümün əksinə olaraq Mark Barinov çox ciddi danışdı:

- Doğru deyirsiz, paytaxt jurnalistləri yekəxana və təkəbbürlü olurlar... Amma bunun mənə dəxli yoxdur. Bir də ki, mənim vəziyyətimdə olan adama təkəbbür xeyir gətirməz. Məsələ çox ciddidir...

Bayaqdan bəri üstüörtülü danışan qonağın müəmmalı sözlərinə aydınlıq gətirmək üçün soruşası oldum:

- O nə məsələdir elə? Nə çətinliyə düşmüsüz ki, həllini bizdə axtarırsız?

Mark Barinov bir qədər fikrə gedib, suallarımı sualla cavablandırdı:

- Yəqin ki, "Oqonyok" jurnalının Azərbaycan haqqında hədyan yazısını xatırlayırsınız?

- Hansını deyirsiniz? - tez maraqlandım. Mark sözünə davam etdi:

- Yaxşı sualdır... Deməli, barənizdə o qədər hədyan yazıblar ki, hesabını itirmisiniz... Şuşa haqqında yazılanı deyirəm...

Xatırladım. Jurnal üç-dörd ay əvvəl yazılarından birini belə cümlə ilə başlamışdı: "Şuşa şəhəri Ermənistan SSR-in dilbər guşələrindən biridir..." Həmin yazı Azərbaycanda bomba kimi partlamışdı, xüsusən ziyalıları bərk həyəcanlandırmışdı. O zaman Moskvaya, jurnalın redaksiyasına, Sov.İKP MK-ya qalaq-qalaq məktublar göndərmişdilər, hətta "Oqonyok"un nüsxələrindən Bakı meydanlarında tonqal çatanlar da olmuşdu. Qonağa cavabım isə sadə oldu:

- O yazının ucbatından "Oqonyok" jurnalı Azərbaycanda çox oxucusunu itirdi...

M.Barinov isə həmin cümlənin törətdiyi "fəsaddan" daha ətraflı danışdı:

- İtirilən təkcə oxucu olsaydı, dərd yarı idi. Bir erməni müəllifinin guya təsadüfi səhvi bütün kollektivi pis vəziyyətdə qoydu. Redaksiyaya saysız məzəmmət məktubları, teleqramlar axdı. Neçə adam inzibati cəza aldı, işindən qovuldu. Jurnalın redaktoru yuxarılarda yaxşıca tənbeh olundu. Əslində bu cümləyə belə reaksiya verilməsi də təsadüfi deyildi. Yerliniz Əliyev Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmasaydı, bəlkə də günahkarı belə cidd-cəhdlə axtarmazdılar...

Barinov bu hadisə ilə əlaqədər belə bir əhvalatı da xatırladı:

- Eşitdiyimə görə, Heydər Əliyev həmin yazını oxuyarkən necə əsəbiləşibsə, baş redaktor bunu eşidərək bir həftə Moskvadan itkin düşüb...

Mark bu əhvalatı danışdıqdan sonra boğuq səslə xeyli güldü. Hətta məni qorxutdu da. Onun yenidən öskürəyin "pəncəsinə" düşəcəyindən ehtiyatlandım. Təkcə "Oqonyok" jurnalının deyil, ümumiyyətlə mərkəzi mətbuat və nəşrlər barədə qəlbimdə yığılan incikliyi qısa şəkildə danışmaqla qonağı yenidən "boğulmaq" təhlükəsindən qurtarmağa çalışdım:

- Ox atılandan sonra yayı sındırmağın mənası yoxdur, - dedim. - Mərkəzi mətbuatın səhifələrində millətimizin ünvanına deyilən və səslənən təhqiramiz sözlərə bir növ adət etmişik... Ümumittifaq jurnalı Azərbaycan ərazisini "Ermənistan SSR xəritəsi"nə əlavə edib  "özəlləşdirərək" kütləvi tirajla çap edir... Hər dəfə bu cür hədyanlara etiraz edəndə yuxarıdan cavab verirlər ki, "bağışlayın, təsadüfi səhvdir" ...Çox qəribədir ki, bütün bunlar sovet  ideologiyasının baş xətti olan "xalqlar dostluğu" məkanında baş verir...               

Mən qədərindən çox danışdığımı və qəzəbimi haqsız yerə qonağın üstünə tökdüyümü anlayaraq üzrxahlıq etdim:

- Bağışlayın, hissə qapıldım... Bu dediklərimin şəxsən sizə aidiyyəti yoxdur...

M.Barinov isə nəinki sözlərimdən incimədiyini, hətta mənim haqlı olduğumu söylədi. Özü də fikrini əsl paytaxt nümayəndəsi kimi ifadə etdi.

- Dediklərinizdə həqiqət çoxdur. Biz paytaxt ab-havası ilə yaşadığımızdan aşağılardan az xəbərdarıq. Aşağıdakılar daha həssasdırlar. Amma, - bir qədər sükutdan sonra sözünə davam etdi: - "Şuşa məsələsi" doğrudan da bizim üçün  yaxşı dərs oldu. Ondan sonra, necə deyərlər, tumanımızın bağını bərk bağlamağa başlamışıq...

Deyəsən, gülmək istədi, ancaq özü də bundan ehtiyatlanaraq ciddiləşdi.

- Yəqin ki, bilməmiş deyilsiniz, - dedi. - Bu il Dağlıq Qarabağ Muxtar Vilayətinin 60 yaşı tamam olur...

"Xeyir ola..." deyə içərimdə bu xatırlatmaya təəccübümü bildirdim. Aşkarda isə Markın dediklərini təsdiq etdim.

- Elədir,  yaxın vaxtlarda, yəni iyulun 7-də muxtar vilayətin yaradılmasının 60 ili tamam olacaq. Lakin əsas yubiley tədbirini payıza təyin ediblər. Bütün Azərbaycan xalqı indi həmin yubileyə hazırlaşır...

Nəhayət, qonaq məqsəd üstünə gəldi:

- Bax həmin yubiley qarşısında məni də göndəriblər ki, muxtar vilayətin həyatından yazı hazırlayım. Daha doğrusu, vilayət Partiya Komitəsinin birinci katibi ilə intervü hazırlamalıyam. Amma...

- Bu işin "amma"sı nədən ibarətdir? - deyə tez maraqlandım.

- Amması ondan ibarətdir ki, jurnalın baş redaktoru qarşımda bir neçə şərt qoyub.

Mark Barinov mənim sualımı gözləmədən qarşısında qoyulan şərtləri bir-bir sadalamağa başladı:

- İlan vuran ala çatıdan qorxar... Bizim baş redaktor da bu dəfə işini ehtiyatlı qurmaq istəyir... Tapşırıq verib ki, "yazı son dərəcə diqqətli hazırlansın", "vilayətdə yaşayan millətlərin nailiyyətləri proporsional qaydada təsvir olunsun", "balans pozulmasın" və s. Sonra belə bir şərt qoyub ki, yazı hazır olandan sonra vilayətin rəhbərliyi tərəfindən imzalansın, sonra isə Azərbaycan KP MK tərəfindən təsdiq olunsun... Beləliklə, yazı hazırlanandan sonra mürəkkəb bir labirintdən keçməlidir...

 Mən özümü saxlaya bilməyib qonağın sözünü kəsdim:

- Belə çıxır ki, böyük bir vilayətin həyatından bəhs edəcək yazı rəhbər işçilərin süzgəcindən keçməlidir...

 Mark etiraz etmədi:

 - Belə də yozmaq olar... Amma baş redaktor belə bir tələb də qoyub ki, hazırlanan yazı faktlarla zəngin olduğu kimi, həm də oxunaqlı süjet xətti ətrafında qurulmalıdır... Elə bu səbəbdən də sizdən umacağım böyükdür...

 İstədim deyəm ki, "Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərləri ilə görüşəcəyiniz üçün sizə qibtə etmirəm", amma qonağı qorxudacağımdan ehtiyat edib ayrı söz söylədim:

 - Şöbə müdiri gəlib çıxsaydı, işimizi bilərdik...

Elə bil mənim sözümə bənd imiş, ağzımdan sözüm qurtarmamış qapı açıldı və şöbə müdiri tələsik içəri girdi. Katibin yanından gec çıxdığı üçün üzrxahlıq edib, mənimlə görüşdü və iş masasının arxasına keçdi. Şöbə müdiri vərdişinə sadiq qalaraq hərəkətində olduğu kimi, danışığında da tələm-tələsik idi. Odur ki, birbaşa mətləbə keçmək istədi.

 - Yoldaş Barinov Moskvadan gəlib. "Oqonyok" jurnalı üçün...

 

(ardı var)

 

 

Yusif KƏRİMOV,

əməkdar journalist

 

Azərbaycan.-2013.- 6 iyul.- S.9.