Ermənistanın işğalçı
dövlət olması elə bu ölkənin
parlamentində rəsmən bəyan edildi
Ermənilər tərəfindən
törədilən vəhşiliklər beynəlxalq ictimaiyyət tərəfindən artıq Ermənistanın
özündə də açıq ifadə olunur
Azərbaycanın uğurla
reallaşdırdığı hücumçu diplomatiya nəticəsində
dünya ictimaiyyəti Ermənistanın
işğalçı siyasətini qəbul etməklə
yanaşı, onun nəticələrinin aradan
qaldırılmasını da əsas tələblərdən
biri kimi irəli sürməyə başlayıb. Eyni zamanda
işğal zamanı ermənilər tərəfindən
törədilən vəhşiliklər beynəlxalq ictimaiyyət
tərəfindən təkcə dünyanın müxtəlif
ölkələrində yox, artıq Ermənistanın
özündə də açıq ifadə olunur.
Moldovalı
hüquqşünas Aureliya Qriqoriunun Ermənistan parlamentində
keçirilən tədbirdə məruzəsi zamanı dediyi
fikirlər də bunu təsdiq edir. O, açıq bəyan
edib ki, Xocalıda soyqırımını ermənilər
törədib: "Xocalıda baş verən
soyqırımını ermənilər törədib və
bu, beynəlxalq səviyyədə qəbul edilmiş
faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20
faizini işğal edib və azərbaycanlılara münasibətdə
soyqırımı həyata keçirib".
Qeyd
edək ki, bu olay Ermənistan parlamentində keçirilən
Ümumavropa Konfransının gedişində baş verib.
Aureliya Qriqoriu "Dondurulmuş münaqişə
zonalarında insan haqlarının qorunması"
mövzusunda məruzə ilə çıxış edib. Xanım
Qriqoriu "Ermənistan Azərbaycan torpaqlarının 20
faizini işğal edib və azərbaycanlılara münasibətdə
soyqırımı həyata keçirib" ifadəsini səsləndirərkən
zalda olan bəzi iştirakçılar onu
alqışlayıb.
Ermənistan
parlamentinin vitse-spikeri Ermine Naqdalyan isə bildirib ki, Ermənistan
parlamentinin tribunasından sifarişləri yerinə yetirmək
üçün istifadə etmək lazım deyil: "Mən
bilmirəm siz kimin sifarişini yerinə yetirirsiniz, amma öz
çıxışınızı yazaraq sifarişçilərə
göstərə bilərsiniz. Düşünürəm ki,
yüksək səviyyəli qonaqlar elmi konfransda yolverilməz
müzakirələr üçün istifadəyə etiraz
etməlidirlər". Aureliya Qriqoriu buna cavab olaraq deyib ki,
münaqişənin təfərrüatlarına varmaq fikrində
deyil: "Yalnız onu deyə bilərəm ki, dondurulmuş
münaqişə zonalarında insan haqlarının
pozulması yolverilməzdir".
Bu bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin nümayəndələri Xocalı soyqırımını tanıyır və bunu Ermənistan qanunverici orqanında səsləndirməkdən də çəkinmirlər. Hazırda isə ölkəmizin həyata keçirdiyi uğurlu diplomatiya sayəsində Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması prosesi davam edir. Məsələn, elə ötən ay Peru parlamenti də bu istiqamətdə addım atıb. Belə ki, Latın Amerikasının həmin ölkəsinin qanunverici orqanı Xocalı soyqırımı ilə bağlı məsələni müzakirə edərək qərar verib. Qərarda deyilir ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib: "Qətliam nəticəsində qadın və uşaqların da daxil olduğu 613 insan öldürülüb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı olmaqla 487 nəfər əlil edilib, 26 uşağın hər iki, 130 uşağın isə azı bir valideyni qətlə yetirilib. Soyqırımı kimi qiymətləndirilən və tam şəkildə planlaşdırılmış bu hücumun ardınca Dağlıq Qarabağ və ətrafdakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub". Qəbul olunmuş qərarda münaqişə nəticəsində Azərbaycan Respublikasına on milyardlarla dollar ziyanın dəyməsi də öz əksini tapıb.
Beləliklə, Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır. Bundan əvvəl Pakistan, Meksika, Kolumbiya və bir sıra digər ölkələrin parlamentləri də analoji addım atıb. Hətta ABŞ-ın bir neçə ştatı da Xocalı qətliamı ilə bağlı qətnamələr qəbul edib. Artıq dünya ictimaiyyəti açıq bildirir ki, Xocalı faciəsi bütün azərbaycanlıların dərdidir, törədilən vəhşiliksə bəşəriyyətə qarşı yönələn ağır cinayətdir. Beynəxlaq birlik getdikcə daha kəskin şəkildə Ermənistanın təcavüzü, onun işğalçılıq siyasətini, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik barədə daha sərt mövqe sərgiləyir. Təbii ki, bütün bunlar həm də Azərbaycan diplomatiyasının uğurudur.
Elçin CƏFƏROV
Azərbaycan.-2013.- 6 iyul.- S.9.