Əməkdar incəsənət xadimi Zərifə Salahovaya «Rossotrudniçestvo»nun Şərəf nişanı təqdim edilmişdir

 

İyulun 5-də Miniatür Kitab Muzeyində bu muzeyin yaradıcısı və rəhbəri, respublika "Kitab" Cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahovaya "Rossotrudniçestvo"nun "Dostluğa və əməkdaşlığa görə" ("Za drujbu i sotrudniçestvo") Şərəf nişanı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, Zərifə Salahova Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxinin,  "Rossotrudniçestvo"nun Bakı nümayəndəliyinin rəhbəri Valentin Denisovun və digər qonaqların mərasimdə iştirakından məmnunluğunu bildirmişdir. Bu il aprelin 23-də muzeyin yaradılmasının 11-ci  ildönümünün tamam olduğunu deyən Zərifə Salahova burada 37 vitrində dünyanın 71 ölkəsində nəşr edilmiş 5240 miniatür kitabın nümayiş etdirildiyini demişdir. Onların içərisində rus klassiklərinin əsərləri, o cümlədən A.Puşkinin "Yevgeni Onegin" əsərinin müəllifin hələ sağ olduğu dövrdəki (1837) nəşri, A.Krılovun təmsilləri (1894), M.Lermontovun "Taman", "Xəzinədar arvadı", "Aşıq Qərib" (1892-1894) və digər kitablar xüsusi yer tutur.

"Rossotrudniçestvo"nun Bakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin agentliyi olan "Rossotrudniçestvo" tərəfindən böyük məmnuniyyətlə Zərifə Salahovanın yüksək mükafata - "Dostluğa və əməkdaşlığa görə" ("Za drujbu i sotrudniçestvo") Şərəf nişanına layiq görüldüyünü demişdir.

Bu nişanın adının özlüyündə hər şeyi izah etdiyini deyən Valentin Denisov muzeyin rəhbərinin uzun illər ərzində dünya miqyaslı nəşrləri toplamasını yüksək qiymətləndirmişdir. O, bu muzeyin Azərbaycan və rus dilləri üzrə bir məktəb olduğunu vurğulamış, eləcə də muzeyin digər dillərdə nəşr edilmiş kitablarla zəngin ekspozisiyasının əhəmiyyətini xüsusilə diqqətə çatdırmışdır. Bu kitabların rus və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşmasına, hər iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına layiqli töhfə verdiyini deyən Valentin Denisov Şərəf nişanını Zərifə Salahovaya təqdim etmişdir.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin muzeyin rəhbərini təbrik etmiş, həmçinin "Rossotrudniçestvo"nun bu təşəbbüsünü yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Zərifə Salahova Azərbaycanda belə bir fəxri nişana layiq olan  ilk insanlardan biridir.

Azərbaycanda rus dilinə və ədəbiyyatına böyük maraq olduğunu deyən səfir bu muzeydə rus dilində kitabların nümayiş etdirilməsini yüksək qiymətləndirmişdir. Diplomat bütün bunların Rusiya-Azərbaycan münasibətlərinin təbii xarakterindən qaynaqlandığını demişdir.

Səfir Vladimir Doroxin  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanda rus dilindən istifadə etmək, öyrənmək, oxumaq istəyən hər kəsə yüksək şərait yaradıldığını bildirmişdir. Belə bir şəraitdə konkret şəxslərin,  o cümlədən rus dili müəllimlərinin əməyini də qeyd edən səfir bu muzeyin rəhbərinin fəaliyyətini təqdir etmişdir. Demişdir ki, Zərifə xanımın daşıdığı Salahov soyadı məşhur bir nəslə məxsusdur. Yaxşı olardı ki, gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində sülalələrin rolundan yazan müəlliflər də olsun.

Səfir Vladimir Doroxin muzeyin rəhbərinə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.

Zərifə Salahova ünvanına deyilən xoş sözlər üçün rusiyalı diplomata minnətdarlığını bildirmiş və səfiri muzeylə yaxından tanış etmişdir. O, muzeyin yaradılmasında ümummilli lider Heydər Əliyevin böyük dəstəyini vurğulamış, ulu öndərlə bağlı nəşr olunan miniatür kitablar haqqında geniş məlumat vermişdir.

Miniatür kitabların ölçülərindən danışan Zərifə Salahova diqqətə çatdırmışdır ki, ekspozisiyada mikrokitabların üçü ən nadir nüsxədir. Yaponiyanın "Toppan" nəşriyyatının buraxdığı həmin nəşrlərin ölçüsü 2x2 millimetrdir. Muzeydə nümayiş etdirilən ən qədim ədəbiyyat isə müqəddəs "Qurani-Kərim"in 1672-ci ilə aid nüsxəsidir.

Səfir və digər qonaqlar miniatür kitabları maraqla izləmişlər.

Sonda Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin muzeyin fəxri qonaqlar üçün Xatirə kitabına ürək sözlərini yazmışdır. Muzeyin rəhbəri Zərifə Salahova rusiyalı diplomata miniatür kitablar hədiyyə etmişdir.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.11.