Məşhəddə keçirilən beynəlxalq sərgidə Azərbaycan Respublikasına aid bölmə sonsuz maraqla qarşılanmışdır

 

Məşhəd şəhərində İranda təhsil alan xarici tələbələr üçün VI Beynəlxalq mədəniyyət festivalı təşkil edilmişdir.

Sərgidə qurulmuş Azərbaycan Respublikasına aid bölmə sonsuz maraqla qarşılanmışdır. Tehran Universitetinin fars dili və ədəbiyyatı fakültəsinin magistratura pilləsinin  II kursunda təhsil alan  Azərbaycandan olan tələbələr Səmra İsmayılzadə və Həzrətəli Məmmədov tərəfindən təşkil olunmuş bölmə Azərbaycanın dövlət bayrağı, Bakının müasir görünüşlərini əks etdirən əzəmətli fotoşəkillər, Azərbaycan həqiqətlərinə aid kitab və jurnallar, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) nəşrləri, xalqımızın qədim geyimləri ilə bəzədilmiş maketlərlə tərtib olunmuşdur.

Bölmənin qurulması üçün Azərbaycan Respublikasının İrandakı səfirliyi tərəfindən tələbələrimizə hərtərəfli yardım göstərilmişdir.

AzərTAc-ın İran nümayəndəliyi tərəfindən də verilmiş nadir nəşrlər - Xocalı soyqırımına, Qarabağın tarixinə, Azərbaycan Respublikasının müasir inkişaf istiqamətlərinə dair çoxsaylı kitab və jurnallar, CD və DVD-lər, bayraqlar, ölkəmizə aid digər suvenirlər və digər vəsaitlər bölməni daha da zənginləşdirmişdir. Bölmədə yer alan vəsaitlərin əksəriyyəti ziyarətçilərə paylanılmışdır.

Festival çərçivəsində magistratura təhsilini başa vurmaqları münasibətilə İranın elm, tədqiqat və texnologiya naziri Kamran Daneşcu tərəfindən məzun diplomları tələbələrimizə  təqdim edilmişdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Məşhəd

 

Azərbaycan.-2013.- 6 iyul.- S.11.