İranda «Qarabağ faciəsi» kitabı nəşr edilmişdir

 

Tarixçi alim Həvva Məmmədovanın "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920)" elmi əsəri əsasında "Qarabağ faciəsi" kitabı İranda fars dilində nəşr edilmişdir.

Pərviz Zare Şahmərsi tərəfindən tərcümə edilmiş kitabda 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, qarşılaşdığı problemlərdən bəhs edilir.

Kitabda əsaslandırılır ki, Xalq Cümhuriyyət hökumətinin süqutunun əsas səbəbi Azərbaycanın hər yerində tüğyan edən erməni terrorizmi olmuşdur. Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktları, şəhər və kəndlərin talan və qarət edilməsi, yurdların dağıdılması barədə çoxsaylı məqamlar faktlar əsasında oxucuya çatdırılır.

Urmiya şəhərində fəaliyyət göstərən nüfuzlu "Yaz" nəşriyyatında beş yüz nüsxə ilə çap olunmuş kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin öyrənilməsi baxımından farsdilli tədqiqatçılar üçün əsaslı mənbədir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 6 iyul.- S.11.