Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tovuz rayonunda bir sıra tədbirlər görülmüş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Hemodializ və Diaqnostika Mərkəzi yaradılmış, Olimpiya İdman Kompleksi və müasir tələblərə cavab verən turizm obyektləri istifadəyə verilmiş, yaşayış məntəqələri tam qazlaşdırılmış, yeni yollar çəkilmiş və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Tovuz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul
2013-cü il
Azərbaycan.-2013.- 7 iyul.- S.1.