Qazaxda Ədəbiyyat Muzeyi istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb bölgəsinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə muzeyin yerləşdiyi Fəxri Qazaxlılar parkında yaradılmış şəraitlə tanış oldu.

Bildirildi ki, parkın yenidən qurulmasına bu ilin yanvarında başlanılmışdır. Üç hektar sahəni əhatə edən parkın ərazisində abadlıq-quruculuq işləri görülmüş, şəlalə, dörd fəvvarə yaradılmış, əyləncə qurğuları quraşdırılmışdır. Parkda Qazaxdan olan 12 Milli Qəhrəmanın və tanınmış yazıçının büstləri ucaldılmışdır.

Sonra Prezident İlham Əliyev Ədəbiyyat Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılmasında mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.

Qazax şəhərinin Heydər Əliyev prospektindəki muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Bu muzey Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilmişdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 7 iyul.- S.3.