Azərbaycan Prezidenti Ağstafa şəhərinin
su təchizatı və kanalizasiya
sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi
mərasimində iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin
respublikanın qərb bölgəsinə səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Ağstafa şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə
verilməsi mərasimində iştirak etmişdir.
Rayon
ictimaiyyətinin nümayəndələri dövlət
başçısını hərarətlə
qarşıladılar.
İctimaiyyətin
nümayəndələri ilə görüşən
Prezident İlham ƏLİYEV dedi:
- Biz bu
gözəl layihənin istismara verilməsini qeyd edirik. Çox şadam ki, nəhayət, Ağstafanın
su problemi həllini tapır.
Doğrudan da, çox böyük tarixi hadisədir. Çünki
bilirəm ki, uzun illər su problemi insanlara əziyyət
verirdi. Nəhayət, bu layihə də
artıq başa çatır. Bundan sonra
su ilə problem olmamalıdır. Çünki
içməli su hər bir insan üçün çox əhəmiyyətlidir.
İnsanların sağlamlığı
üçün təmiz içməli su xüsusi əhəmiyyət
daşıyır.
İndi ölkəmizin müxtəlif yerlərində bu
layihələr icra edilir. Bu gün biz buna
oxşar layihəni Tovuzda, həftənin əvvəlində
Şirvan şəhərində istismara verdik. Demək olar ki, bu məsələlər, bu layihələr
geniş vüsət alıbdır. Çünki
bunların həlli çox lazımdır. Bütün infrastruktur layihələri
lazımdır və biz bu layihələri
ardıcıllıqla icra edirik. İndi
Ağstafa rayonunda da qazlaşdırma prosesi gedir, kənd
yolları tikilir, elektrik enerjisi ilə bağlı məsələlər
həllini tapır. Əlbəttə,
onların içində içməli su, kanalizasiya layihələri
xüsusi yer tutur və biz də əlimizdən gələni
edirik ki, bu məsələlər öz həllini tapsın.
Əlbəttə ki, bu layihələr böyük vəsait
tələb edir. Dövlət bu maliyyə
yükünü öz üzərinə
götürübdür. Düzdür, bəzi
layihələr xaricdən verilən kreditlər hesabına
icra edilir, ancaq bu kreditlər onsuz da qaytarılacaqdır.
Yəni, bütün maliyyə yükünü
Azərbaycan dövləti öz üzərinə
götürüb. Onu da qeyd etmək istəyirəm
ki, bu layihələr sırf sosial xarakter daşıyır.
Çünki Azərbaycanda su tarifləri
çox aşağıdır. Yəni, bu
layihələrə qoyulan vəsait bu tariflərin hesabına
heç vaxt dövlətə qayıda bilməz. Bəlkə yüz ildən sonra. Ancaq qarşıya belə məqsəd də
qoyulmamışdır. Əsas məqsəd
insanları təmiz içməli su ilə təmin etməkdir.
Biz bu məqsədə çatırıq.
Bu ilin sonuna qədər bir çox rayonlarda buna
oxşar layihələr istismara veriləcəkdir. Gələn
il də bu proses davam edəcəkdir. Çalışmalıyıq ki, gələn ilin
sonuna qədər əksər məsələlər öz həllini
tapsın. Amma bu layihələr həm
çox böyük maliyyə vəsaiti, həm də texniki
vəsait tələb edir. Çünki bu,
bir şəhər, bir kənd deyildir, Bakı daxil olmaq şərti
ilə bu layihələr ölkə üzrə icra edilir.
Bu, tarixi bir layihədir. Çünki əfsuslar
olsun ki, bütün dövrlərdə biz içməli su ilə
lazımi səviyyədə təmin olunmamışıq.
Bütün dövrlərdə bu problem kəskin
olaraq qalmışdır. Ancaq bu gün
müstəqil Azərbaycan dövləti bu problemi də həll
edir. Bu layihələrin icrası əlbəttə
ki, ilk növbədə, insanlara xidmət göstərir, digər
tərəfdən dövlətimizin gücünü, müstəqilliyimizin
üstünlüyünü göstərir.
Bu gün müstəqil
dövlətik və ölkəmiz üçün,
xalqımız üçün nə lazımdırsa, onu
edirik. Bax, müstəqilliyin
üstünlükləri bu layihələrin
icrasındadır. Azərbaycan nəinki
müstəqildir, müstəqil siyasət aparır və
güclü dövlətdir. Ancaq
güclü dövlətlər belə nəhəng layihələri
icra edə bilər.
Onu da əlavə etmək istəyirəm ki, buna bənzər
layihələr bütün ölkə üzrə icra olunur. Qazlaşdırma
layihələri. Bu ilin sonuna qədər
biz çalışmalıyıq ki, qazlaşdırmanı təqribən
90 faizə çatdıraq. Bu, heç
vaxt olmamışdır. Heç vaxt
qazlaşdırılmayan kəndlərə mütəmadi
qaydada qaz xətləri çəkilir, elektrik enerjisi layihələri
icra edilir, yollar salınır. İndi
magistral yollar göz oxşayır, rahat gedib-gəlmək olar.
İndi Bakı-Gürcüstan dövlət sərhədi
yolunun birinci mərhələsi başa çatıbdır.
Ancaq biz bundan sonra, gələn il Gəncədən
sərhədə qədər yolun genişlənməsi ilə
məşğul olmağa başlayacağıq. Yəni, Bakıdan Gürcüstan sərhədinə
qədər bütün yol dördzolaqlı olmalıdır.
Bunu da biz edəcəyik. Dəmir
yolunda bərpa işləri aparılır və qatarların
sürəti artırılacaqdır. Bu da
xüsusilə paytaxtdan uzaqda yerləşən bölgələr
üçün çox əhəmiyyətlidir. Biz bu sürəti yeni dəmir yolu xətlərinin
çəkilişi ilə 2-3 dəfə
artıracağıq.
Yəni, buna bənzər layihələr çoxdur. Biz
bütün bu layihələri ona görə edirik ki, insanlar
daha da yaxşı, daha da rahat yaşasınlar, sağlam
olsunlar. İnsanların
sağlamlığı üçün içməli su
birinci şərtdir. Hesab edirəm ki, biz
bu layihələrin icrası ilə çox böyük tarixi
işi görmüş oluruq.
Ağstafa şəhərində və rayonunda digər
layihələr də icra edilir. Quruculuq, abadlıq
işləri gedir, yeni təşəbbüslər irəli
sürülür. Bu gün tarixi abidələr
parkında görülmüş işlərlə tanış olmuşam. Bu da
çox gözəl təşəbbüsdür. Azərbaycanın qədim tarixi abidələrini və
yeni abidələri orada görmək olar. Hər
bir yerdə inkişaf, hər bir yerdə irəliləyiş
vardır və bu, ölkəmizin gələcək uğurlu
inkişafını təmin edəcəkdir.
Görülən bütün bu işlərin təməlində
düşünülmüş siyasət dayanır. 2004-cü ildə
qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı həlledici rol oynamışdır.
Bu il ikinci proqram başa çatır, gələn
ilin əvvəlində 2018-ci ilə qədərki dövr
üçün üçüncü proqram da qəbul ediləcəkdir.
Orada da bu günə həll edilməmiş bütün məsələlər
əksini tapacaqdır.
Mən çox şadam ki, yenidən Ağstafadayam. Ağstafa
rayonunda bir neçə dəfə olmuşam. Prezident kimi, yadımdadır, birinci dəfə
2004-cü ildə gəlmişdim. O vaxt vəziyyət
tam başqa idi. İndi Ağstafa inkişaf edir,
çiçəklənir, qabaqcıl rayona çevrilir.
SAKİNLƏR:
Sizin sayənizdə cənab Prezident.
Prezident
İlham ƏLİYEV: Mən bunu görəndə çox
sevinirəm. Sizi
görülmüş işlər, əldə
edilmiş uğurlar münasibətilə təbrik edirəm.
Sağ olun.
* * *
Rayon
ictimaiyyəti adından çıxış edən Zəlimxan
kənd orta məktəbinin direktoru Qalib CƏFƏROV dövlət
başçısına həmyerlilərinin ən xoş
arzularını çatdıraraq dedi:
- Möhtərəm
cənab Prezident!
Sizi Ağstafa ictimaiyyəti adından təbrik edirəm. Bizim rayonumuza,
gözəl Ağstafamıza xoş gəlmisiniz. Bayaq özünüz qeyd etdiniz. Sizin
Ağstafaya hər gəlişiniz bütün insanların
ürəyincədir. Siz böyük Heydər Əliyevin
yadigarısınız, hörmətli Prezident! Ulu
öndər Heydər Əliyev də həmişə
ağstafalılara xüsusi məhəbbət bəsləyib.
Bu gün ağstafalılar xoşbəxtdirlər
ki, onun yadigarı Ağstafaya gəlib. Buna
görə mən Sizə öz minnətdarlığımı
bildirirəm. Böyük Heydər Əliyev
Azərbaycanı bütün təhlükələrdən
xilas etdi. Heç insanın ağlına gəlməzdi
ki, Azərbaycan, Ağstafa bu gün belə gözəl
olacaqdır. İndi Ağstafa
avropasayağı gözəl bir məkana çevrilib.
Cənab Prezident, şəhərimizin, kəndlərimizin
gözəlliyi insanı valeh edir.
Ağstafa yaxın illərdə bu dərəcədə
gözəlləşib. Bunun hamısını, cənab Prezident,
Siz edibsiniz. Buna görə biz
ağstafalılar Sizə minnətdarıq. Sizin hər gəlişiniz Ağstafa
üçün əlamətdar olur, bugünkü gəlişiniz
də. Orada ulu
öndərin müdrik kəlamı yazılıb:
"Su həyat deməkdir". Siz bu gün ulu
öndərimizin müdrik sözlərini Ağstafada
reallığa çevirmisiniz. Cənab Prezident, buna
görə Sizə minnətdaram.
Mən
böyük Heydər Əliyevi çox istəyirdim. Onun haqqında yazılar yazmışam. Mən müəlliməm. "Heydər
Əliyev Azərbaycan məktəblilərinin gözü ilə"
inşa müsabiqəsində bizim məktəbin şagirdi də
qalib gəlib. Müsabiqəyə həsr
olunmuş kitabda Ağstafanın da adı vardır. O
yazının altında bizim məktəbin şagirdinin
imzası gedir.
Budəfəki gəlişiniz zamanı, cənab
Prezident, 40 mindən çox əhalisi olan rayonumuzun mərkəzi
və yaxın kəndlər içməli su ilə təmin
ediləcəkdir. Bu, çox xeyirxah məsələdir.
Bizim rayonun ərazisindən Həsənsu
çayı axır. Həsənsu çayının hövzəsindən həmişə
ağstafalılar çirkablı, təmizlənməmiş
sudan istifadə ediblər. Bu gün biz çox
xoşbəxtik. Allah ulu öndərimizə
rəhmət etsin. Onun müəyyənləşdirdiyi
düzgün siyasət, onun layiqli davamçısı
Prezident İlham Əliyevin apardığı sərrast siyasət
bu gün Ağstafanı belə gülüstana
çeviribdir. Təkcə Ağstafa belə
deyildir, cənab Prezident, bütün Azərbaycan belədir.
Biz tez-tez Azərbaycanın başqa rayonlarına da
gedirik. Bu yaxınlarda Bakıda olmuşam. İnanın, cənab Prezident, Bakını
tanımaq olmur. Adam elə bilir Parisdədir.
Bəlkə də Parisdən də gözəldir.
Ona görə cənab Prezident, Sizə minnətdaram.
Sevinirəm ki, böyük Heydər Əliyevin
ideyaları yaşayır. Siz onun
yadigarısınız, Siz onun işlərini davam etdirirsiniz.
Biz də bu işdə Sizə kömək etməliyik.
Ağstafada bundan əlavə gözəl bir Səməd
Vurğun parkı yaradılıbdır. Mən o parka girəndə,
Ağstafaya baxanda Səməd Vurğunun:
El bilir
ki, sən mənimsən,
Yurdum,
yuvam, məskənimsən,
Anam
doğma vətənimsən,
Ayrılarmı
könül candan,
Azərbaycan,
Azərbaycan!
- misraları yadıma düşür. Bu misraları parkdakı kitab abidəsinin üzərinə
yazıblar. Onu Siz
yazdırmısınız, cənab Prezident. Səməd
Vurğunun səksən illiyində ulu öndər Heydər Əliyev
bu şeiri dedi, özü də gözləri doldu. İnanın, cənab Prezident, mən uşaq kimi
ağladım. Gör bu insan öz Vətənini
nə qədər sevib. Bu gün Səməd
Vurğunun ruhu şaddır. Onun
misraları kitab abidəyə yazılıb. Bildiyimə görə Azərbaycanda belə bir abidə
yoxdur, ancaq Ağstafadadır. Buna görə
Sizə minnətdaram. Siz ötən dəfə
Ağstafaya gələndə, - səhv etmirəmsə
keçən il aprelin 12-si idi, -
"Yazıçılar evi"ndə bizim
yazıçılarla görüş keçirdiniz. Həmin binanı da bizim yazarların xahişi ilə
Siz tikdirmisiniz. Ondan sonra çox
böyük işlər görülüb. Əziz
ağstafalılar, görün bir il ərzində Prezidentimiz nələr edib. Ona görə, cənab Prezident, biz Sizə minnətdarıq.
Ağstafalılar adından Sizə təşəkkür
edirəm. Ürəyimdə o qədər
söz var ki, cənab Prezident, nə qədər
danışsam da qurtaran deyildir. Şagirdlərimdən
biri ulu öndər Heydər Əliyev haqqında
inşasında belə bir şeir yazmışdır. Bu
sözlər Sizə də aiddir, cənab Prezident:
İllər
ağartdığı saçların kimi,
Ellərin yanında üzün də ağdır.
Xalqın
ürəyinə yatan işlərin,
Nəsildən-nəslə yaşayacaqdır.
Cənab
Prezident, Siz çıxışlarınızın birində
dediniz ki, mən Bakını gəzəndə bir uşaq mənimlə
görüşdü. Dediniz ki, uşaqdan soruşdum: Sən məni
tanıyırsan? Cavab verdi ki, bəli
tanıyıram, sən Heydər babanın oğlusan.
Cənab
Prezident, biz sizinlə fəxr edirik. Siz ingiliscə, rusca
danışanda övladlarıma deyirəm: Gör Azərbaycanın
nə qədər böyük, dəyərli bir oğlu
vardır. İstənilən milləti öz
dilində danışdırır. İstənilən
milləti öz dilində başa salır. Başa düşməyəni səmimi başa
salır. Biz bununla fəxr edirik. Siz bizim fəxrimizsiniz, cənab Prezident. Allah Sizə cansağlığı versin.
Biz oktyabr ayında keçiriləcək prezident
seçkilərində seçimimizi etmişik. Biz Sizi Azərbaycana
əbədi prezident seçmişik. Biz Sizə
səs verəcəyik. Siz böyük Heydər
Əliyevdən Azərbaycan xalqına yadigar
qalıbsınız. Ona görə də
biz Sizinlə fəxr edirik.
Ağstafa gündən-günə gözəlləşir. Xahiş edirəm
bir ildən sonra yenə Ağstafaya gəlin ki, rayonumuz ikiqat
gözəlləşsin. Biz
ağstafalılar Sizi çox istəyirik, cənab Prezident.
Prezident
İlham ƏLİYEV: Sağ olun, çox sağ olun!
Qalib CƏFƏROV:
Biz Sizin əsgərinizik. Torpaqlarımızı
düşməndən azad etmək üçün əmrinizi
gözləyirik. Tale elə gətirib ki,
biz dünyaya özünü məzlum kimi göstərən
bir dövlətlə qonşu olmuşuq. O dövlətin
prezidenti ulu öndər Heydər Əliyevin də
qabağından qaçırdı. Biz
inanırıq ki, Prezident İlham Əliyevin də
qabağından qaçacaqdır. Nəhayət,
onlar Azərbaycan torpaqlarından da qaçacaqlar.
Bir daha, cənab Prezident, mən Sizə minnətdaram. Mənim çoxdankı
arzum idi ki, Sizin qarşınızda
çıxış edəm. Nəhayət, bu,
mənə qismət oldu. Mən
çıxışımı şagirdimin böyük Heydər
Əliyevə yazdığı şeiri bir daha təkrarlamaqla
bitirirəm:
İllər
ağartdığı saçların kimi,
Ellərin
yanında üzün də ağdır,
Xalqın
ürəyinə yatan işlərin,
Cənab
Prezident, nəsildən-nəslə yaşayacaqdır.
* * *
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
Səmimi sözlərə, mənim fəaliyyətimə
verdiyiniz qiymətə görə sizə minnətdaram. Mən çalışıram ki, xalqa ləyaqətlə
xidmət edim. 2003-cü ildə söz
vermişdim ki, əgər xalq mənə etimad göstərərsə,
mən xalq üçün yaşayacağam. İndi son
10 ilin təcrübəsinə nəzər saldıqda
görürük ki, doğrudan da, az
iş görülməyib 10 il ərzində.
Azərbaycan istənilən sahədə güclənib. Azərbaycan
indi regional dövlətdir. Azərbaycan
dünya miqyasında çox böyük nüfuza malik olan
bir ölkədir. Beynəlxalq məsələlərin həllində biz
o zirvələrə çatmışıq. O zirvədən
yuxarı zirvə yoxdur. Yəni, biz BMT Təhlükəsizlik
Şurasının üzvüyük. Ermənistan
da bizimlə bərabər bu yarışa girmişdi, 4 ölkə
var idi. Macarıstan, Sloveniya, Azərbaycan və Ermənistan.
Ermənistan tərəfi biləndə ki, bizim
qabağımızda aciz qalacaq, yarışdan çəkildi.
Yəni, sakitcə, qorxaqcasına çəkildi,
öz namizədliyini geri götürdü. O vaxt mən
bir daha gördüm ki, Azərbaycanın gücü nə qədər
böyükdür. Bir daha əmin oldum ki, bax,
siyasi səhnədə bizdən qaçan kimi,
döyüş meydanında da bizdən qaçacaqdır.
Azərbaycanda ötən ay keçirilən hərbi
parad bir daha bizim qüdrətimizi göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında
güclü ordular sırasındadır. Son il 10 ərzində biz hər bir istiqamət
üzrə işləmişik ki, ölkəmizi gücləndirək.
Əlbəttə, Azərbaycanın önəmi,
resurslarımız, coğrafi vəziyyətimiz və
ümumiyyətlə, strateji əhəmiyyətimiz diktə
edir ki, biz təhlükəsizlik məsələlərinə
xüsusi diqqət göstərək. Ordu
quruculuğu, təhlükəsizlik tədbirləri ön
planda olmalıdır.
Bu gün Azərbaycanın istənilən nöqtəsində
hər bir vətəndaş rahat yaşayır,
özünü çox rahat hiss edir. Təhlükəsizlik
şəraitində yaşayır. Bu,
böyük bir nəticədir, böyük bir nailiyyətdir.
Çünki biz görürük
dünyanın müxtəlif yerlərində hansı hadisələr
baş verir. Qarşıdurmalar,
toqquşmalar, vətəndaş müharibələri,
qanlı qırğınlar, eyni zamanda, etiraz dalğası bəzi
ölkələri bürüyübdür. İndi dünyada kütləvi etiraz hökm
sürür. Yəni, bu görünür
ki, zəmanənin əlamətidir. Elə
dövr var ki, sakitçilik yaranır, amma elə dövr var
ki, istənilən yerdə - Yaxın Şərqdə,
Avropada, başqa yerlərdə bax bu kütləvi etiraz
dalğası müxtəlif formalarla özünü büruzə
verir. Biz görürük ki, Azərbaycanda
vəziyyət tam başqadır. Azərbaycan
elə bil ki, bu alovlanan qonşuluqda necə deyərlər, bir
sabitlik adasıdır. Biz Azərbaycanı
qoruyuruq və qorumalıyıq.
SAKİNLƏR:
Sağ olun! Çox sağ olun! Var olun!
Prezident
İlham ƏLİYEV: Mən də çalışıram
ki, Azərbaycanı bütün bəlalardan, bütün təhlükələrdən
qoruyum. Qorumaq lazımdır və qoruyuruq.
SAKİNLƏR:
Sağ olun, cənab Prezident!
Prezident
İlham ƏLİYEV: Bu gün məsəl üçün
Bakıya gələn qonaqlar nəyi deyirlər? Əlbəttə ki, Bakının gözəlliyini
vurğulayırlar.
SAKİNLƏR:
Bakı gözəldir.
Prezident
İlham ƏLİYEV: Siz deyirsiniz ki, Bakı indi Avropa
paytaxtlarına oxşayır. Əlbəttə
ki, bu yüksək qiymətdir. Ancaq mən
hesab edirəm ki, Bakı bir çox meyarlar üzrə
onları da arxada buraxıb.
Mənimlə görüşən xarici qonaqlar bir
şeyi də vurğulayırlar ki, burada insanlar rahat gəzirlər,
çıxırlar küçələrə, insanların
üzü gülür, belə xoş ab-hava hökm
sürür.
Bu, onları təəccübləndirir. Çünki bir çox yerlərdə insanların
əhval-ruhiyyəsi o qədər də yüksək səviyyədə
deyildir. Haradasa müəyyən iqtisadi məsələlər,
haradasa digər problemlər insanları incidir. Əlbəttə, Azərbaycan cəmiyyətində
də problemlər vardır, hər bir ailədə problemlər
vardır. Amma bütövlükdə
götürəndə cəmiyyətdə çox gözəl
ruh yüksəkliyi, nikbinlik vardır.
Bütün beynəlxalq sorğular da onu göstərir
ki, Azərbaycan vətəndaşı gələcəyə
çox böyük nikbinliklə baxır. Bu
yaxınlarda bir mötəbər təşkilat ölkələrdə
xoşbəxtlik indeksi üzrə sorğu keçirib. Azərbaycan ilk onluğa daxil edilib. Bu, müstəqil bir Avropa qurumudur, beynəlxalq
qurumdur. Xoşbəxtlik indeksi nə deməkdir?
Yəni, insanlar özlərini necə hiss edirlər.
Ona görə bax bu müsbət ab-hava, dinamizm,
quruculuq və nəticələr insanları daha da
ruhlandırır.
Daxili siyasətlə bağlı Azərbaycanda vəziyyət
çox sabitdir. İqtisadi sahə ilə bağlı son 10 il ərzində bizdə olan inkişaf heç
bir başqa ölkədə olmayıb. Bunu hər
kəs indi sadəcə olaraq statistik rəqəmlərə
baxmaqla yəqin edə bilər. Heç bir başqa
ölkədə son 10 il ərzində Azərbaycan
qədər inkişaf olmamışdır. Yəni,
mən çalışmışam ki, bütün bu istiqamətlər
üzrə öz xidmətimi göstərim. Bu, mənim borcumdur. Mən öz
borcumu belə başa düşürəm. Hesab edirəm ki, hər bir prezident öz vəzifə
borcunu dərk etməlidir. Bəziləri
üçün prezident kürsüsü bir imtiyazdır, bəziləri
üçün bir imkandır. Mənim
üçün bu, məsuliyyətdir və xalq tərəfindən
göstərilən böyük inamdır. Mən bu inamı hər gün doğrultmağa
çalışıram.
Belə layihələr məni sizin qədər
sevindirir, bəlkə də sizdən də çox. Çünki
mənim üçün ən başlıca amal odur ki,
insanlar daha da yaxşı yaşasınlar. Hər tikilən bina, çəkilən yol,
açılan müəssisə, yaxud ki, su kəməri mənim
gücümü və inamımı daha da artırır.
Şadam ki, bu müddət ərzində öz
xalqıma xidmət edə bilmişəm. Azərbaycan
xalqına minnətdaram ki, mənə bu imkanı
yaradıbdır.
SAKİNLƏR:
Sağ olun! Eşq olsun! Biz də Sizə minnətdarıq.
Prezident
İlham ƏLİYEV: Deyirsiniz gələn il,
gələn il də məmnuniyyətlə gələrəm.
SAKİNLƏR:
İnşallah.
Prezident
İlham ƏLİYEV: Mən hər il gəlirəm.
Keçən il də olmuşam. Ondan əvvəlki
il də.
SAKİNLƏR:
Xahiş edirik. Siz hər gələndə
Ağstafa inkişaf edir.
Allah Sizi
saxlasın, Allah Sizi, ailənizi qorusun, balalarınızı
qorusun, cənab Prezident!
Sizə
cansağlığı arzulayırıq!
Sizdən
çox razıyıq, sağ olun!
* * *
Sonra Prezident İlham Əliyev yeni xətlə şəhərə
suyun verilməsini bildirən düyməni basdı.
Dövlət
başçısı şəhərin su təchizatının
yenidən
qurulması və kanalizasiya sisteminin
yaradılması sahəsində görülən işlərlə tanış oldu.
Ərazilərin
Bərpası üzrə Dövlət Agentliyinin direktoru Əli
Məmmədov məlumat verdi ki, Prezident İlham Əliyevin 2005-ci
il oktyabrın 14-də imzaladığı sərəncama əsasən,
Azərbaycanın bir sıra regionları ilə yanaşı,
Ağstafa rayonunun
da sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Planı təsdiq edilmişdir. Plana Ağstafa şəhərinə içməli
su xəttinin çəkilişi də daxil idi. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə
Ağstafa və Tovuz şəhərlərinin su təchizatının
yenidən qurulması və kanalizasiya sisteminin
yaradılması layihələrinin icrası Ərazilərin
Bərpası və Yenidən Qurulması üzrə Agentliyə
tapşırılmışdır. Layihə-smeta
sənədləri hazırlanaraq həmin ilin noyabrında
"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC
tərəfindən işlərin yerinə yetirilməsinə
başlanılmış və layihənin ilk mərhələsi
başa çatmışdır.
Diqqətə
çatdırıldı ki, su təchizatı sistemlərinin
yenidən qurulması layihəsinin potensialı Ağstafa
şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm,
Yenigün, Aşağı Kəsəmən və
Aşağı Göycəli kəndlərini əhatə
edir. Hazırda tikintisi başa
çatdırılmış su mənbəyinin potensialı
18 min şəhər və 22 min kənd əhalisinin suya tələbatını
tam ödəyəcəkdir. Laboratoriya
araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin
həm beynəlxalq, həm də yerli standartlara tam
uyğunluğunu təsdiq etmişdir.
Bildirildi ki, layihənin icrası üç mərhələyə
bölünmüşdür. Əvvəlcə
magistral boru xətti, su anbarları, xlorvurma təsərrüfatı,
laboratoriya və digər struktur obyektlərinin tikintisi başa
çatdırılmışdır. Bu mərhələdə
subartezian quyularından su anbarlarına müxtəlif diametrli
polietilen borulardan ibarət xətt, su anbarlarından şəhər
şəbəkəsinə qədər isə uzunluğu 4,27 kilometr olan magistral su xətləri çəkilmişdir.
Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi,
suqəbuledici kamera, nasos stansiyası, suya xlorvurma və
laboratoriya binaları tikilmiş, 1000 kubmetrlik mövcud su
anbarı təmir edilmiş, həcmi 1500 kubmetr olan yeni su
anbarı inşa olunmuşdur.
Növbəti
mərhələdə hidrogeoloji və mühəndis-axtarış
işlərinin nəticəsinə əsasən su mənbəyi
olaraq dəmir yolu boyunca Həsənsu və Vurğun kəndləri
zonasında beş subartezian quyusu
qazılmış, şəhərin su və kanalizasiya şəbəkələri,
kanalizasiya kollektor xətti, yerli su-kanal idarəsi
üçün inzibati bina və istehsalat bazası
tikilmişdir.
Layihənin icrasının üçüncü mərhələsində
çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və
texnoloji sistemlərin quraşdırılması işləri
aparılır. Kanalizasiya şəbəkələri
sisteminin potensialı Ağstafa şəhərinin Xətai qəsəbəsi,
Qaçaq Kərəm və Yenigün kəndlərini əhatə
edir. Məhsuldarlığı gündə
5 min kubmetr olan çirkab təmizləyicisinə əlavə
yaşayış məntəqələrinin də qoşulması
mümkün olacaqdır.
Prezident
İlham Əliyev layihənin icrasının uğurla
davam etdirilməsi ilə
bağlı tapşırıq və tövsiyələrini
verdi.
* * *
Sonda
xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 7 iyul.- S.4,5.