Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb bölgəsinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev bildirdi ki, Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunmuşdur. Ərazi abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. Burada müasir işıqlandırma sistemi qurulmuş, istirahət üçün hər cür şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, 2,6 hektar ərazidə inşa edilmiş mərkəzin inzibati binasının ümumi sahəsi 510 kvadratmetr olmaqla  ikimərtəbəlidir. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.

Qeyd edildi ki, inzibati binada silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, silah və paltar seçimi, təlimatçılar, xüsusi geyim otaqları və kafe vardır.

Dövlət başçısı həvəskar komandaların şərti döyüşünü izlədi.

Mərkəzdə müşahidə məntəqəsi, rayonda Olimpiya hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə Olimpiya idman növü olan stend atıcılığı və idman ovçuluq atıcılığı meydançası da tikilir. Peyntbol meydançasında süni maneə və taxta evlərin quraşdırılması başa çatmışdır.

Bildirildi ki, mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcəkdir. Burada idman silahlarından istifadə etməyin  xüsusi qaydaları müəyyən edilmişdir. Mərkəz yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlıqlarında    mühüm rol oynayacaqdır.

Dövlət başçısı peyntbol silahı ilə hədəfə atəş açdı.

Prezident İlham Əliyev oxatanların və stend atıcılarının çıxışlarına baxdı.

Mərkəzin ərazisində Olimpiya yarışlarında tətbiq olunan və bütün texniki inventarlarla təchiz edilmiş sahə də yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzdə görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.       

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 7 iyul.- S.5.