Rəhim Nurməmməd oğlu Rəhimov

 

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Rəhim Nurməmməd oğlu Rəhimov 2013-cü il iyulun 6-da ömrünün 91-ci ilində vəfat etmişdir.

Rəhim Rəhimov 1923-cü il mart ayının 18-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Yeddiillik orta məktəbi bitirdikdən sonra o, 1937-1941-ci illərdə Ordubad Pedaqoji Texnikumunda oxumuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olan Rəhim Rəhimov 1945-1950-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. O, 1954-1957-ci illərdə Azərbaycan Elmi Tədqiqat RentgenologiyaRadiologiya İnstitutunun əyani aspirantı olmuşdur.

1941-ci ildə Ordubad şəhər orta məktəbində əmək fəaliyyətinə başlayan Rəhim Rəhimov burada 1945-ci ilədək rayon kənd məktəblərində müəllimlik etmiş, 1950-1951-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon xəstəxanasında cərrah, 1951-1953-cü illərdə isə Ordubadda həkim-rentgenoloq işləmişdir. O, 1957-ci ildən 1970-ci ilədək Azərbaycan Elmi Tədqiqat RentgenologiyaRadiologiya İnstitutunun rentgen şöbəsinə rəhbərlik etmiş, 1970-1974-cü illərdə Azərbaycan Elmi Tədqiqat Rentgenologiya, RadiologiyaOnkologiya İnstitutunun direktor müavini, 1974-1989-cu illərdə isə həmin institutun direktoru vəzifələrində çalışmış, 1989-cu ildən ömrünün sonunadək şüa-diaqnostika üsulları şöbəsinin rəhbəri və Milli Onkologiya Mərkəzinin konsultantı olmuşdur.

Rəhim Rəhimov 1957-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Respublikamızda elmin inkişafına qiymətli töhfələr vermiş Rəhim Rəhimov özünün çoxşaxəli fəaliyyəti ilə tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Alimin onkologiya, rentgenologiyaradiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılması və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaratmışdır. Akademikin müəyyən etdiyi metodikalar və gəldiyi elmi nəticələr öz aktuallığı, fundamental-nəzəri əhəmiyyəti ilə elmi ictimaiyyətin böyük diqqət və marağına səbəb olmuş, təklif etdiyi səmərəli üsullar onu ölkəmizdə yeni rentgenoloji tədqiqatlar məktəbinin yaradıcılarından biri kimi tanıtmışdır.

Rəhim Rəhimovun yüksək ixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasında böyük xidmətləri vardır. O, onkologiya və rentgenologiyanın problemlərinə həsr edilmiş 200-dən artıq elmi tədqiqatın, eləcə də monoqrafiyaların və patentlərin müəllifidir. Son dövrlər ərzində respublikada yetişən onkoloqların və rentgenoloqların böyük bir nəsli alimin tədqiqatlarından mötəbər mənbə kimi istifadə etmişlər. Rəhim Rəhimov beynəlxalq konfrans və simpoziumlardakı çıxış və məruzələri ilə Azərbaycan tibb elmini layiqincə təmsil etmişdir. O, uzun illər ərzində Azərbaycan rentgenoloqlarının və radioloqlarının elmi cəmiyyətinin sədri olaraq xüsusi təşkilatçılıq bacarığı nümayiş etdirmişdir.

Rəhim Rəhimovun Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tanınmış alim, istedadlı həkim, bacarıqlı elm təşkilatçısı və təvazökar insan Rəhim Nurməmməd oğlu Rəhimovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

 

İlham Əliyev, Artur Rasi-zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Akif Əlizadə, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Oqtay Şirəliyev, Cəlal Əliyev, Cəmil Əliyev, Əhliman Əmiraslanov, Ədilə Namazova, Böyükkişi Ağayev

 

Azərbaycan.- 2013.- 7 iyul.- S.5.