Kann şəhərində Azərbaycan mədəniyyəti günləri davam edir

 

Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhərin meri Bernar Broşan ilə görüşmüşdür.

Görüşdə Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyəti bir daha vurğulanmış, şəhər ictimaiyyəti və turistlər arasında bu mədəniyyət tədbirlərinin doğurduğu əks-sədadan məmnunluq ifadə olunmuşdur.

Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirmişdir.

Görüşdə Azərbaycan ilə Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunmuş, bununla bağlı artıq bəzi layihələrin nəzərdən keçirildiyi bildirilmişdir.

Bernar Broşan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim etmişdir.

Daha sonra bu şəhərdə keçirilən "Böyük Səkkizlik"in sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanan heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi Mehriban Əliyevaya təqdim olunmuşdur.

İyulun 5-də axşam Kannda Azərbaycanı tərənnüm edən fotosərgi açılmışdır. Bu sərgi, ilk növbədə, xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Təbii ki, əsas məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi olduğu kimi Avropa tamaşaçılarına çatdırmaqdır. Əslində, burada nümayiş olunan hər bir foto özlüyündə bir sənət əsəri olmaqla Azərbaycanda inkişaf proseslərini dolğun şəkildə canlandırır.

Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə əsrlərin dili ilə danışan abidələrimiz, Bakının rəmzinə çevrilən Qız qalası, Şirvanşahlar sarayı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu bu gün ölkəmizin tarixini, onun mədəniyyətini yetərincə əks etdirir.

İndi Bakı həm də müasirliyi ilə öyünür. Bu gün Azərbaycan paytaxtını yeni memarlıq nümunələri bəzəyir. Heydər Əliyev Mərkəzi, "Alov qüllələri" indi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakının yeni rəmzləridir. Bütün bunlar təsdiqləyir ki, bu gün Azərbaycanın yeni siması formalaşır: güclü, inkişaf edən və gələcəyə böyük ümidlərlə baxan Azərbaycan və Bakı ölkəmizin inkişaf tempini dünyaya aydın nəzərlərlə sərgiləyir.

Bu fotosərginin daha bir özəlliyi Azərbaycan adət-ənənələrini, məişətini, yaşam tərzini yetərincə əks etdirməsidir. Bir sözlə, hər bir foto Azərbaycandan danışır, hər bir fotoda soydaşlarımızın daxili dünyası, tarix boyu yaratdığı və bu günə qədər qoruyub saxladığı maraqlı və bənzərsiz bir dünya vardır.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilmişdir.

Əvvəlcə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tamaşaçılara ölkəmizin zəngin mədəniyyəti barədə məlumat vermişdir. Səfir bildirmişdir ki, tarixən Azərbaycan mədəniyyət müxtəlifliyinin hökm sürdüyü məkan kimi tanınıb və ənənə bu gün də davam edir. Elçin Əmirbəyov Azərbaycan musiqisinin dünyada məşhur olduğunu, muğam sənətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən bir çox işlərin görüldüyünü, ölkəmizdə caz musiqisinin də böyük ənənələrinin olduğunu  diqqətə çatdırmışdır. O, bugünkü konsertdə Azərbaycanın gənc cazmenləri Şahin Növrəslinin, İsfar Sarabskinin və istedadlı müğənni Səbinə Babayevanın çıxışlarının tamaşaçılarda böyük maraq yaradacağına əmin olduğunu bildirmişdir.

Azərbaycanın incəsənət xadimlərinin ifasında sərbəstliyi ilə seçilən caz musiqisi səslənmişdir - müstəqil, həzin, eyni zamanda, çılğın, dərin və mənalı musiqi... Bu axşam Azərbaycan məhz bu musiqinin təqdimatı ilə Kann sakinlərini özünə məftun etmişdir. Ölkəmizdə çox zəngin caz ənənələri vardır. Azərbaycan Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər.

Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxmışdır. Bu gün Kann şəhərinin ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə yaşayan, bəzən şıltaqlığı ilə fərqlənən və yalnız improvizasiyanı hər şeydən üstün tutan caz ritmləri hökm sürmüşdür.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Kann

 

Azərbaycan.-2013.- 7 iyul.- S.6.