Azərbaycan Dillər Universitetində «Amerika günü» adlı tədbir keçirilmişdir

 

İyulun 6-da Azərbaycan Dillər Universitetində (ADU) Amerika Birləşmiş Ştatlarının milli bayramı-Müstəqillik Gününə həsr olunmuş "Amerika günü" adlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunan tədbir Azərbaycanın ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Amerikanın müstəqilliyinin 237-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Ölkələrimiz arasında münasibətlərdən danışan rektor bildirmişdir ki, hazırda Azərbaycan-Amerika əlaqələri yüksək səviyyədədir hər iki ölkənin dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu əlaqələr gündən-günə inkişaf edir, möhkəmlənir. ADU-da yaradılmış mərkəzlərdən söz açan S.Seyidov  ölkələrimizin zəngin mədəniyyətlərinin qarşılıqlı təbliğində Amerika Mərkəzinin rolunu xüsusilə qeyd etmişdir. Rektor bu mərkəzin fəaliyyətinə göstərilən köməyə ADU ilə səmərəli əməkdaşlığa görə ABŞ səfirliyinə təşəkkür etmişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləmiş,   respublikamızın son illər qazandığı nailiyyətləri xüsusi vurğulamışdır. ABŞ-ın milli bayramının ADU-da qeyd olunmasını yüksək dəyərləndirən diplomat tədbirin təşkilatçılarına minnətdarlığını çatdırmış, ADU ilə ABŞ səfirliyi arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.

ADU-nun Amerika Mərkəzinin danışıq klubu üzvləri ABŞ rəqslərini ifa etmişlər.

Sonra tədbir iştirakçıları ABŞ-ın müxtəlif ştatlarına həsr edilmiş sərgilərlə tanış olmuşlar.

Tədbir Azərbaycan və ABŞ musiqi qruplarının konserti ilə davam etmişdir.

 

Azərbaycan.-2013.- 7 iyul.- S.7.