Xəyanətin ad günü...

 

Yaxud Dağlıq Qarabağ Muxtar Vilayəti yaşasaydı, iyulun 7-də 90 illiyi qeyd ediləcəkdi

 

  Mark Barinov nəzakətlə onun sözünü kəsdi:

 

 - Bağışlayın... Mən kimliyimi və nə məqsədlə gəldiyimi jurnalist həmkarıma artıq danışmışam. Bircə qalır ona verəcəyiniz tapşırıq...

 

Şöbə müdiri: - Lap yaxşı, - deyib, məni "təriflədi":

 

- Kərimov təcrübəli redaktordur, vilayətin həyatını yaxşı bilir. Güman edirəm ki, bu səfərdə sizə yaxşı bələdçi və köməkçi olacaq...

 

Sonra üzünü mənə tərəf tutdu:

 

- Sabahdan etibarən Dağlıq Qarabağa ezam olunursunuz. Həm qəzetiniz üçün material toplayarsınız, həm də yoldaş Barinova bələdçilik edərsiniz...

Bu tapşırığın, bu "missiya"nın çox da ürəyimdən olmadığını gözlərimdən oxuyan şöbə müdiri dərhal əlavə etdi.

 

- Katibin fikri belədir... - sonra istinad etdiyi MK katibinin adından mənə xəbərdarlıq etməyi də unutmadı:

- Bu səfər sizin üçün ikiqat məsuliyyətlidir. Bir narazılıq olsa, sizi günahlandıracaqlar. Unutmayın ki, hazırlanan yazı hər üç tərəfi razı salmalıdır. Yoxsa...

- Üçüncü tərəf kimdir? - deyə soruşdum.

- Stepanakert və Bakıdan savayı Moskva da bu səfərin nəticəsindən razı qalmalıdır, - deyə şöbə müdiri çox təmkinlə cavab verdi. Mark Barinov söhbətə qarışdı:

 

- Deyəsən, mənim həmkarımın üzərinə mənimkindən də ağır məsuliyyət yükləyirsiniz, - dedi. Mən ayağa qalxdım:

- Nə vaxt yola düşməliyik? - deyə soruşdum.

- O barədə yoldaş Barinovla razılaşın... Biz vilayət rəhbərliyinə sizin səfəriniz barədə xəbər verəcəyik...

Şöbə müdiri ilə xudahafizləşib, kabinetdən birlikdə çıxdıq. Mark məni diqqətlə süzüb, üzrxahlıq etdi:

- Dost, deyəsən, gəlişimlə sizi işə salmışam. Bu səfərin ürəyinizdən olmadığını əvvəlcədən bilsəydim...

Mən gülümsəyərək onun sözünü kəsdim:

- Axı, siz özünüz dediniz ki, paytaxt adamları aşağıdakıların dərd-sərindən xəbərsiz olurlar. Bu narahatçılığı beyninizdən çıxardın. Mən məmnuniyyətlə sizə yoldaşlıq edəcəyəm. Qaldı ki mənim bu səfər barədə "soyuq" danışmağıma, onun da səbəbini sağlıq olsun, səfər boyu biləcəksiniz...

 

Ayrıldıq. Mark mehmanxanaya, mən isə redaksiyaya yollandım. Razılaşdıq ki, sabah səhər yola düşək...                         

 

*  *  *

 

Yolumuz Dağlıq Qarabağ Muxtar Vilayətinə doğru uzanırdı. Qarabağın, daha doğrusu, Böyük Bağın dağ havalı, sıx meşəli qoynuna gedirdik. Aşağıların bürkülü havasından çıxdığımız üçün qarşılaşdığımız hər kənd, şəhər bizi sərin havası, əlüşüdən bulaqları ilə qarşılayırdı...

Lakin bütün bunlar moskvalı qonağın əhvalında hiss olunmurdu. İndiyədək deyən-gülən, soruşmaqdan və danışmaqdan yorulmayan Mark Barinov dinməz-söyləməz oturaraq pəncərədən bayıra, yanımızca şütüyən yamaclara baxırdı. Onun "ağzına su alması" təxminən aydın idi. O, mənzil başına yaxınlaşdıqca həyəcanı artırdı. Görünür, vilayət rəhbərləri ilə görüşünü, aparacağı dialoqu götür-qoy edirdi. Mən onu fikirdən ayırmaq, daha doğrusu, yersiz həyəcandan qoparmaq üçün maraqlı söhbət mövzusu axtarırdım. Lakin o məni qabaqladı və qəflətən soruşdu:

 

- Bura bax, Kərimov, - biz artıq "sənə" keçmişdik. - De görüm, Dağlıq Qarabağ Muxtar Vilayəti hansı şəraitdə, daha doğrusu, hansı zərurətdən yaranmışdır? Muxtar vilayətin yaranma tarixindən bir qədər danışsan, pis olmaz...

Gümanım düz çıxmışdı, onun fikri bizi qabaqlayaraq, xeyli irəlidə dolaşırdı. Lakin verdiyi sual da mənim üçün gözlənilməz oldu. Daha doğrusu, bu suala cavab vermək o qədər də asan deyildi. DQMV-nin yaranma tarixi barədə əsl həqiqəti danışmaq, özü də Mark Barinov kimi bir adama - o zamanlar Azərbaycanda hakimiyyətdə olmuş bolşevik məmurunun oğluna danışmaq caiz deyildi. Yalan danışmaq isə ondan da çətin idi. Bununla belə, qonağın sualını cavabsız qoya bilməzdim. Çox fikirləşəndən sonra belə başladım:

- Bilirsən, 1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyətə gələndə bir sıra problemlərlə qarşılaşdılar. Onlardan biri də erməni-azərbaycanlı münasibətlərindəki qarşıdurma idi. Bu düşmənçilik əsrin əvvəlindən, yəni 1905-ci ildən başlayaraq, 1913-15 ci illərdə, daha sonra 1918-20-ci illərdə təkrar olunmuşdu və qanlı hadisələrlə nəticələnmişdi... Deyim ki, 20-ci illərdə Azərbaycanda erməni kadrları çoxluq təşkil edirdilər və kifayət qədər nüfuza malik idilər. Çünki yuxarıdan, mərkəzdən onları dəstəkləyir və onlara məxsusi tapşırıqlar verirdilər... Xüsusən Nəriman Nərimanovu Bakıdan götürüb Moskvaya aparandan, Kirovu Azərbaycana rəhbər işə gətirəndən sonra ermənilərin  fəaliyyət dairəsi daha da genişlənmişdi...    

Mark sözümü kəsdi:

 

- Atam Mixail Barinov doktor Nərimanovdan çox danışardı. Xüsusən Nərimanovun neft sənayesini milliləşdirmək və inkişaf etdirmək barədə siyasətini, dünyanın bir çox ölkələri ilə müstəqil surətdə kontraktlar bağlamasını bəyənirdi. Atam deyirdi ki, Nərimanovu Kremlə işə gətirmək, əslində Azərbaycanı başsız qoymaq, onun sərvətlərinə maneəsiz sahib olmaq demək idi... - Sözünə fasilə verərək, Mark yenidən atasını xatırladı. - Mixail Barinov Azərbaycana rəhbər təyin edilən Sergey Kirovun nə siyasətini, nə də şəxsiyyətini qəbul edirdi. Yadımdadır, atam tez-tez hirslənərək deyirdi: "Bu mujik cahilliyi ilə respublikanı məhv edəcək"...

Markın bu cür açıq danışığı məni xeyli ürəkləndirdi. Bayaqdan tutula-tutula danışdığım fikirləri olduğu kimi deməyi qərara aldım:

- 1920-1922-ci illərdə ermənilər Moskvadakı və Bakıdakı havadarlarının köməyi ilə köklü Azərbaycan torpaqları olan Zəngəzur, İrəvan və Göyçə mahalları hesabına Ermənistan SSR-i adlı respublika yaratmağa nail oldular. Nəzərə alın ki, o vaxtadək bu regionda erməni dövləti olmamışdı... Bu arzularına çatandan sonra ermənilər, ən çox da "bolşevikləşmiş" daşnaklar Yuxarı Qarabağa sahib olmaq, onu Ermənistan SSR-in tərkibinə qatmaq xəyalına düşmüşdülər. Lakin bu ərazidə azərbaycanlı sakinlərin çoxluq təşkil etdiyini, xüsusilə də Şuşanın sırf Azərbaycan şəhəri olduğunu nəzərə alan mərkəz ermənilərə başqa bir hədiyyə bağışladı...

Maşınımız Malıbəyli-Xankəndi dördyolundan burulub, Şuşaya tərəf istiqamət götürdü. Sözümə ara verdiyim üçün yol yoldaşım kəmhövsələ dilləndi:

 

 - Hə, sonra... Arxasını danış, mən hər şeydən halı olmaq istəyirəm...

 

 Hiss etdim ki, söhbətim qonağı çox maraqlandırır. Davam etdim:

 

 - 1921-ci ilin iyul ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Zaqafqaziya Bürosu Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul etdi. Bu qərara görə muxtar vilayətin siyasi və inzibati mərkəzi Şuşa şəhəri olmalı idi. Lakin qərarın bu müddəası tezliklə unuduldu. Görünür, ermənilər azərbaycanlıların çoxluq təşkil etdikləri bu şəhərdə öz əməllərini həyata keçirə bilməyəcəklərini hiss edərək ayrı fikrə düşmüşdülər.Nəticədə muxtar vilayətin paytaxtı gözdən iraq kiçik bir qəsəbə olan Xankəndi oldu. Onun da tezliklə adını dəyişdirib Stepanakert qoydular...

Danışdıqca mən özüm də əsəbiləşirdim. Görünür, o səbəbdən idi ki, danışdığım epizodlar pərakəndə və rabitəsiz alınırdı. Odur ki, Markın sualı yerində idi.

- Bəs onda niyə DQMV-nin tarixi 1923-cü ildən hesablanır?

Mən bu suala da aydınlıq gətirmək üçün bir qədər dolaydan başladım:

- Bilirsən, o zaman Yuxarı Qarabağın ərazisində erməni muxtariyyəti yaratmaq çox böyük etirazlara, xüsusən yerli azərbaycanlılar tərəfindən ciddi müqavimətə səbəb olurdu. Təsəvvür et ki, muxtar vilayətin əsasnaməsində ərazidə əsas əlaqə dili (dövlət dili) erməni dili elan olunmuşdu. Halbuki vilayətin ilkin inzibati ərazisində azərbaycanlıların sayı ermənilərdən iki dəfə çox idi. Buna baxmayaraq, Əsasnamədə ermənilərə hər cür imtiyaz və hüquq verildiyi halda, azərbaycanlı sakinlərin hüququ barədə söhbət də getmirdi. Bir misal çəksəm, səndə aydın təsəvvür yaranmış olar. 1925-ci ildə Q.Köçəryan adlı müəllifin "Dağlıq Qarabağ" adlı kitabı nəşr olunmuşdu. Həmin kitabda muxtar vilayətin tərkibində olan kəndlərin mənşəyi və sayı göstərilmişdi: "Dağlıq Qarabağın 4 rayonunda (erməni rayonunda - Y.K.) Dizakda-48, Varanda-46, Xaçendə-65, Crabetdə-63 kənd vardır. Bunlardan əlavə, vilayətin ərazisinə Şuşa qəzasından 120 kənd, Cavanşir qəzasından 55 kənd, Qaryagin qəzasından 31 kənd, Qubadlı qəzasından bir neçə kənd (təsnifatın ikinci hissəsində azərbaycanlı kəndləri nəzərdə tutulur - Y.K.) daxil edilmişdir"

Mark Barinov bu rəqəmləri hesablayaraq istehza ilə dedi:                   

- Daha denən öz kəndlərinizi könüllü sürətdə ermənilərin himayəsinə vermisiniz,  adını da qoymusunuz muxtariyyət...

Mən Markın sözlərindəki  istehzanı anladığımdan o zaman baş verən hadisələrin mahiyyətini başa salmağa çalışdım:

- Əslində, bu "könüllülük" prinsipinin təminatçısı Sergey Mironoviç Kirov idi. O, dostu və silahdaşı Levon Mirzoyanı bu işlərin memarı təyin etmişdi. L.Mirzoyan isə Karakozovu, Parizyanı, Çalyanı, Manutsyanı başına yığaraq və bunlar azmış kimi, Kirov vasitəsilə Ermənistan SSR-dən dəvət etdiyi Tavakelyanın, Akopyanın, Aydınyanın, Vartanyanın, Axtinskinin və bir sıra başqa daşnak kommunistlərin köməkliyi ilə Azərbaycanda erməni muxtariyyətini özləri istədikləri kimi düzüb-qoşurdular... 

Mən danışdıqca Mark Barinov açıq-aşkar hirslənir, qəzəbini gizlətmədən tez-tez əlini-əlinə çırpırdı. Hətta münasibətini də bildirməkdən çəkinmirdi. Bu dəfə də elə oldu:

- Belə çıxır ki, Kirovu Azərbaycana xüsusi tapşırıqla göndəriblərmiş: "Azərbaycanı azərbaycanlılardan alıb, ermənilərə tabe etdirmək!" - Dedi və ucadan güldü. Bu gülüşdə açıq-aşkar istehza və qəzəb duyulurdu. Mən onun dediklərini təsdiq etdim:

- O vaxt Zaqafqaziya Ölkə Partiya Komitəsində, xüsusilə İ.Stalinin və S.Orconikidzenin yanında nüfuz sahibləri olan A.Myasnikov, A.Nazaretyan, Moskvada isə A.Mikoyan, L.Qaraxanyan kimi erməni liderlərinin fəaliyyəti bizim xeyrimizə işləmirdi. O zaman Nəriman Nərimanov yazırdı ki, "mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında KP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır"...

Bizi aparan "Volqa" Şuşanın yeddidolamasını arxada qoyub, şəhərin "Gəncə qapısına" yaxınlaşırdı. Mən başlanmış mövzunu sona çatdırmaq üçün tələsdim:

- Beləliklə, Azərbaycanda erməni muxtariyyəti məsələsi 1923-cü ilin ortalarınadək uzandı. Nəhayət, həmin məsələ Moskvada Mərkəzi İcraiyyə Komitəsində müzakirə olunub təsdiq edildi. Erməni liderləri həmin müzakirədə də çox çalışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-nin tabeliyinə verdirsinlər. Lakin Nərimanovun ciddi səyi və Leninin onu dəstəkləməsi sayəsində bu mümkün olmadı...

Mark mənə təşəkkür etməyi unutmadı:

- Maraqlı söhbətin həm yolumuzu qısaltdı, həm də məni xeyli savadlandırdı, - dedi. - İndi vilayət rəhbərləri ilə kəllələşə bilərəm... - deyib, şən-şən güldü. Artıq gözəl Şuşanın yaşıl həmayıllı küçələri ilə irəliləyir, buz nəfəsli təmiz havasını udurduq.

Şuşada çox ləngimədik. Mark Barinovun narahatlığını hiss edərək, Şuşa ilə tanışlıq "planını" xeyli qısaldası oldum. Qarşıda hələ günlərimiz vardı və Şuşa ilə ətraflı tanış olmağa imkan tapacaqdıq. Odur ki, canımızda gətirdiyimiz istini Cıdır düzündə, İsa bulağında "boşaldandan", bir qədər sərinləyəndən sonra aşağı yolla Stepanakertə, Dağlıq  Qarabağ Muxtar Vilayətinin paytaxt şəhərinə yollandıq...

 

* * *

 

1983-cü ilin payızında "Oqonyok" jurnalında Dağlıq Qarabağ Muxtar  Vilayəti Partiya Komitəsinin birinci katibi ilə müsahibə dərc olundu. Yazı bu sözlərlə başlayırdı: "Kol-koslu təpəliklər üstündə ucaldılan Stepanakert  (Xankəndi) 60 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin əzəmətli paytaxt şəhərinə çevrilmişdir".

Jurnalın bu sayı dünya işığı görəndən dərhal sonra həmin yazının müəllifini Moskvada, Qarabağa səfər zamanı müəllifi müşayiət edən yerli jurnalisti isə Bakıda məşhər ayağına çəkib, möhkəmcə tənbeh etdilər. Ona görə ki, Stepanakert sözünün yanında mötərizə arasında yazılmış "Xankəndi" sözü ilkin variantda yox idi. Yəni nə Vilayət Partiya Komitəsində, nə də Azərbaycan KP MK-da razılaşdırılmışdı...

 

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist

 

Azərbaycan.-2013.- 7 iyul.- S.7.