Firəngiz ƏLİZADƏ: «İpək Yolu» festivalı qədim Şəkinin salnaməsinə qızıl hərflərlə yazılacaqdır»

 

"Aşağı Karvansaray" kompleksində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı və Şəki Musiqi Kolleci xor kollektivinin konserti ilə "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının son akkordları çalındı və bu möhtəşəm musiqi bayramı tarixə qovuşdu.

"Festival çox uğurlu keçdi, maraqlı, həm də rəngarəng proqramlı bir festival oldu. Burada təbii ki, Şəki Şəhər İcra Hakimiyyətinin məharətli təşkilatçılığını xüsusilə qeyd etmək istəyirəm. Şəkililər bizim hamımız üçün, kollektivlər üçün öz qucaqlarını açdılar, festivalın keçirilməsinə dəstək oldular, son nəticədə çox gözəl bir festival alındı. Şübhəsiz ki, "İpək Yolu" musiqi festivalı qədim Şəkinin salnaməsinə qızıl hərflərlə yazılacaqdır".

Bu sözləri "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın yekunları barədə AzərTAc-a müsahibəsində demişdir.

Şəki ilə bərabər "İpək Yolu" festivalının da şöhrətinin ildən-ilə artdığını vurğulayan festivalın bədii rəhbəri bu musiqi bayramında iştirak etmək istəyən ölkələrin, kollektivlərin sayının durmadan artdığını bildirmişdir. Firəngiz Əlizadə demişdir: "Bu, dəfəki festival janr rəngarəngliyi baxımından da çox zəngin olmuşdur. Festivalda uzaq Amerikadan gəlmiş rok qrupu, Türkiyədən gəlmiş 3 böyük kollektiv - Konya və Giresun şəhərlərinin rəqs qrupları, habelə "Axşam səfası" TRT orkestri və solistləri, Koreya Respublikasından gəlmiş kollektiv, həmçinin Azərbaycanın musiqi kollektivləri rəngarəng konsert proqramları ilə çıxış etdilər. Festival həqiqətən də əsl yeniliklə başlandı, Qədim Şəkinin tarixində ilk dəfə olaraq canlı şəkildə Azərbaycan musiqisinin incilərindən olan Qara Qarayevin "Yeddi gözəl" baleti oynanıldı. Burada Azərbaycan festival tarixində ilk dəfə olaraq "Axşam səfası" kollektivinin konserti canlı olaraq xaricə yayımlandı. Bundan əlavə, festival çərçivəsində nadir xanəndəmiz, zəmanəmizin ən böyük sənətkarı, dünya ensiklopediyasında səsi nadir səslər arasında sadalanan Alim Qasımov və qızı Fərqanə Qasımovanın Şəki xanları sarayının önündə möhtəşəm konserti oldu. Bu, doğrudan da, tarixi bir hadisə idi. Şəki Musiqi Kollecinin müəllim və tələbələri də bu festivalın keçirilməsində olduqca yaxından iştirak etdilər, gözəl konsertlər verdilər".

Sonda Firəngiz Əlizadə bildirmişdir: "Bir az da qüssə hissi keçiririk ki, vaxt gəldi, festival başa çatdı və biz gözəl Şəkidən ayrılmalıyıq. Lakin gələn festivala qədər bizi hələ yeni-yeni görüşlər gözləyir. Gələn il keçiriləcək beşinci festivalımız yubiley festivalı olacaqdır. Planlarımız isə çox böyükdür, yubiley festivalı daha da möhtəşəm olacaqdır".

 

Azərbaycan.-2013.- 7 iyul.- S.8.