Kannlılar Azərbaycan incəsənət ustalarının çıxışlarına valeh olmuşlar

 

Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Azərbaycan mədəniyyət günləri iyulun 7-də 1945-ci ildə istehsal olunan "Arşın mal alan" filminin nümayişi ilə başlamışdır. Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fonduna daxil olan bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab edilir. Digər tərəfdən ölkəmizdə kino sənayesinin tərəqqisinə mühüm töhfə verən bu filmin şöhrəti hələ də yaşayır, xalqımız hər nümayişində "Arşın mal alan"ı sevə-sevə izləyir. Artıq 70 ilə yaxındır ki, ekranlardan düşməyən "Arşın mal alan" çəkildiyi vaxtdan nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti gətirmişdir.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğular nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş və uzun illər ekranda nümayiş olunan xarici ölkə filmlərinin arasından "100 sevimli film" seçilmişdir. Bu sorğuda "Arşın mal alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl siyahı"ya daxil edilmişdir. Bunu şərtləndirən amillər də mühüm tərəfləri ilə diqqəti cəlb edir. Çünki təkcə 1945-ci ildə bu filmə 16 milyondan çox insan tamaşa etmişdir. Film indiyə qədər 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunmuşdur. Budəfəki nümayişin ən böyük özəlliyi də Kann tamaşaçılarına filmin fransız dilində alt yazısı ilə çatdırılması idi.

Filmi maraqlı edən amillər arasında aktyor truppasının rolu xüsusi vurğulanmalıdır. Məsələn, "Arşın mal alan" xalq artistləri Rəşid Behbudovun və Lütfəli Abdullayevin kinoda ilk işləridir. Bununla yanaşı, çəkiliş vaxtı istifadə olunan zinət əşyalarından tutmuş ev əşyalarına qədər hər şeyin təbii olması, butafordan istifadə edilməməsi "Arşın mal alan"ın özəlliyini daha da artırır. "Arşın mal alan"a şöhrət gətirən ən böyük amillərdən biri də əlbəttə ki, Üzeyir bəyin ölməz musiqisidir.

Sonra Kannın məşhur La Kruazet bulvarında "Natiq" ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olmuşdur. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləmişlər.

Konsert tamaşaçılarda xoş təəssüratlar yaratmışdır. Burada Azərbaycanın milli musiqi aləti, xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin əsas çalğı alətlərindən sayılan nağaranın səsini Kann şəhərinə çatdıran "Natiq" ritm qrupu, sözün əsl mənasında, dinləyiciləri valeh etmişdir. Qrup üzvləri konsertdə ən məşhur kompozisiyalarını səsləndirmişlər. Qrupun çıxışı ifaçıların misilsiz enerjisi, dəqiqliyi və peşəkarlığı ilə yadda qalmış və sürəkli alqışlarla müşayiət olunmuşdur. Bu alqışlar Azərbaycan mədəniyyətinə verilən ən yüksək dəyər idi.

Azərbaycan Dövlət rəqs ansamblının çıxışı da konsert keçirilən  axşama xüsusi ovqat qatmışdır. Ümumiyyətlə, Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Beləliklə, Azərbaycan mədəniyyət günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunmuşdur.

Mədəniyyət günlərinə bu konsertlə yekun vurulması bir daha nümayiş etdirmişdir ki, Azərbaycan qədim tarixə, rəngarəng mədəniyyətə malik zəngin bir diyardır. Azərbaycan dövləti hər zaman mədəniyyətimizi dünyada tanıtmaq üçün mühüm tədbirlər görür. Bu təqdimatlarda dövlətin apardığı siyasətə daima dəstək olan Heydər Əliyev Fondunun xüsusi rolu vardır.

Beləliklə, bu istiqamətdə atılan addımlar daha səmərəli nəticələrini verir. Bu gün Azərbaycan nüfuzlu dünya ölkələri arasında öz layiqli yerini tutmaqla yanaşı, dünyada zəngin, təkrarolunmaz mədəniyyətə malik olan bir ölkə kimi tanınır.

Kannda keçirilən Azərbaycan mədəniyyət günləri bir məqamı da sübut etdi ki, dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət vasitəsi mədəniyyətdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Kann

 

Azərbaycan.-2013.- 9 iyul.- S.5.