Moskvada SSRİ-nin
və Azərbaycanın xalq artisti Tamara Sinyavskayaya «Dostluq» ordeni təqdim edilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə məşhur müğənni, SSRİ-nin
və Azərbaycanın
xalq artisti Tamara Sinyavskaya "Dostluq" ordeni ilə təltif edilmişdir. Müğənni Azərbaycan dövlətinin
bu yüksək mükafatına "Azərbaycan
mədəniyyətinin populyarlaşdırılması
sahəsində xidmətlərinə
görə" layiq görülmüşdür.
Moskvada görkəmli
musiqi mədəniyyəti
xadimi, müğənni
və pedaqoq Tamara Sinyavskayaya "Dostluq"
ordeninin təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar
siyasət məsələləri
şöbəsinin müdiri
Fatma Abdullazadə təntənəli tədbiri
açaraq Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycanın xalq artisti Tamara Sinyavskayaya təbrik məktubunu və dövlət başçısının "T.İ.Sinyavskayanın "Dostluq"
ordeni ilə təltif edilməsi haqqında" sərəncamını
oxumuşdur.
Məktubda deyilir: "Sizin
opera səhnəsinə ilk gəlişinizdən başlayaraq
sənətşünaslar səsinizin
bənzərsiz tembrini,
böyük fitri istedadınızı və
şəxsiyyətinizin heyrətamiz
cazibəsini qeyd etmişlər. Nüfuzlu beynəlxalq müsabiqələrdə
qazandığınız mükafatlar
nadir istedadınızın və yüksək peşəkarlığınızın təsdiqidir. Böyük metso-sopranoların
ənənələrinin davamçısı
kimi Siz məxsusi ifaçılıq
tərzinizi formalaşdırmağa,
opera teatrı salnaməsində
həmişəlik yaşayacaq
parlaq səhnə obrazları yaratmağa
nail olmusunuz".
Məktubda daha sonra qeyd edilir ki,
Tamara Sinyavskayaya xas olan incə musiqi zövqü onun konsert fəaliyyətində
klassik repertuarı rus xalq mahnıları
və müasir estrada ilə
harmonik şəkildə
əlaqələndirməklə müxtəlif janrlarda uğur qazanmasına imkan vermişdir.
Azərbaycan Prezidentinin məktubunda
deyilir: "Bu gün Sizin zəngin təcrübənizin gənc
müğənnilərə çatdırılmasına yönəlmiş
pedaqoji fəaliyyətiniz,
heç şübhəsiz,
yeni mədəni elitanın formalaşmasına
şərait yaradır.
Siz Azərbaycanın böyük dostu kimi bizim musiqi mədəniyyətimizi həmişə ləyaqətlə təmsil etmiş, Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına və genişlənməsinə töhfə vermisiniz. Əminəm ki, bundan sonra da belə olacaqdır".
Sonra F.Abdullazadə "Dostluq" ordenini SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskayaya təqdim etmişdir.
Tamara Sinyavskaya layiq görüldüyü şərəfə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. Müslüm Maqomayevin vəfatından sonra ad gününü qeyd etmədiyini bildirən T. Sinyavskaya demişdir: "Hələlik yalnız emosiyalardır, çünki hər şey bu qədər gözlənilməz oldu. Müslüm sağ olanda mənim ad günlərimi təşkil edirdi. Onun vəfatından təxminən 5 il keçir. Bu müddətdə mən bir dəfə də olsa, ad günümü qeyd etməmişəm. Bu gün isə bütün dostlarım toplaşmışlar və bu, mənə çox xoşdur".
Mərasimdə Rusiya Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsova, məşhur həkim və ictimai xadim, tibb elmləri doktoru, professor Leonid Roşal və başqaları çıxış etmişlər. Onlar Tamara Sinyavskayanın Azərbaycanın "Dostluq" ordeni ilə təltif olunmasını yüksək qiymətləndirmiş, müğənnini bu təltif münasibətilə təbrik edərək əmin olduqlarını bildirmişlər ki, Azərbaycan-Rusiya münasibətləri, o cümlədən mədəniyyət sahəsində əlaqələr bundan sonra da inkişaf edəcəkdir.
SSRİ xalq artisti Yelena Obraztsova AzərTAc-a müsahibəsində demişdir: "Mən çox şadam ki, Azərbaycan Prezidenti Tamara Sinyavskayanın yaradıcılığını bu cür yüksək qiymətləndirmiş və onu təbrik etmişdir. Bizim Tamaranın ad gününü Azərbaycan daha möhtəşəm, hətta Rusiyada olduğundan daha yaxşı qeyd etmişdir".
Yaxın vaxtlarda Bakıya gələcəyini bildirən Y.Obraztsova demişdir: "Mən yenə sizin xalqla birlikdə olacağam və mən xoşbəxtəm. Mən sizinlə fəxr edirəm".
Tədbirdə
Rusiyanın tanınmış mədəniyyət xadimləri,
Moskvadakı Azərbaycan diasporunun nümayəndələri
iştirak etmişdir.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 9 iyul.- S.5.