Bakıda «Qafqazda
münaqişələr: tarix, bu gün və həll
perspektivləri» mövzusunda Beynəlxalq konfrans başlamışdır
İyulun 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Qafqaz Strateji Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu və bu ölkədəki Qafqaz İnkişaf Fondunun dəstəyi ilə "Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri" mövzusunda Beynəlxalq konfrans başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən 60-dan artıq rəsmi nümayəndə, diplomat, alim və tədqiqatçı iştirak edir.
Konfransın
plenar iclasında Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil
və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov çıxış edərək bildirmişdir
ki, Cənubi Qafqaz artıq iyirmi ildən artıqdır separatçılığın və
münaqişələrin baş verdiyi bir məkana
çevrilmişdir. Nəticə etibarilə bu münaqişələr
Cənubi Qafqazın sosial-iqtisadi və siyasi inkişafına,
inteqrasiya imkanlarına çox böyük zərbə
vurmuşdur. Bunun nəticəsi olaraq həm Azərbaycan, həm
Gürcüstan, həm də təbii ki, Ermənistan daha
böyük iqtisadi imkanlardan məhrum olmuşlar, insanların
həyatında bu və ya digər faciələr baş
vermişdir. Münaqişədə hər bir tərəf müəyyən itkilərlə
üzləşmişdir. Ümid edirəm ki, bu gün
konfransda münaqişələrin mahiyyəti müzakirə
olunarkən bir sıra vacib amillərə xüsusi diqqət
yetiriləcəkdir.
Elnur
Aslanov Azərbaycanın artıq 20 ildən artıqdır ki,
Ermənistanın işğalına məruz
qaldığını xüsusi vurğulamışdır. Bildirmişdir
ki, bir müddət əvvəl BMT-nin Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı ilk qətnaməsinin
20 illiyini qeyd etdik. Çox təəssüflər olsun ki, bu
dövr ərzində BMT-nin qətnamələri Ermənistan
tərəfindən yerinə yetirilməmiş qalır.
İyirmi ildən artıqdır ki, BMT Təhlükəsizlik
Şurasının Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin
qeyd-şərtsiz azad edilməsi haqqında qərarı və
qətnaməsi həyata keçirilmir. Bu, Ermənistanın
BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə,
beynəlxalq hüquqa, ədalətə və ümumilikdə,
bölgədəki siyasətə olan münasibətidir. Çox təəssüf
ki, bu siyasət Cənubi Qafqazın inkişafına deyil, onun
sosial-iqtisadi tənəzzülünə səbəb olan amillərdən
birinə çevrilə bilər.
Prezident
Administrasiyasının rəsmisi vurğulamışdır
ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan
iyirmi ildə əsrlərə bərabər bir inkişaf yolu
keçmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi
Ermənistanın dövlət büdcəsindən
böyükdür. Bu gün Azərbaycan demoqrafik
inkişafı olan, demokratik təsisatları fəaliyyət
göstərən, iqtisadi inkişafı ilə seçilən,
sosial-iqtisadi sabitliyi ilə bölgədə öz yerini tutan bir dövlətdir. Təəssüf
ki, biz bunları regionun digər dövlətlərində
müşahidə edə bilmirik. Bu gün Ermənistanın
iqtisadi vəziyyəti onunla səciyyələnir ki, ölkəni
ildə yüz minədək adam tərk edir. Ermənistanın
bugünkü iqtisadi vəziyyəti ötən əsrin
90-cı illərindəki iqtisadi vəziyyətlə
üst-üstə düşür və bu da bilavasitə həmin
dövlətin rəhbərlərinin münaqişə ilə
bağlı yürütdükləri qeyri-konstruktiv siyasətin
nəticəsidir. Bu vəziyyət o zaman sona çata bilər
ki, Ermənistan işğal etdiyi
Azərbaycan ərazilərindən qoşunlarını
çıxarsın, siyasətini bölgədə
sülhün, əmin-amanlığın
bərqərar olmasına yönəltsin. Əgər Ermənistan
bu gün danışıqlar masasındakı təkliflərlə
razılaşsaydı və sülhə
çağırışları status-kvonun uzadılması
kimi başa düşməsəydi, təbii ki, vəziyyət
dəyişərdi.
Lakin
çox təəssüflər olsun ki, bəzən Minsk qrupu
həmsədrlərinin və digər dövlətlərin təmsilçilərinin və rəhbərlərinin
sülhə çağırış bəyanatları Ermənistan
tərəfindən fərqli
şəkildə qəbul olunur. Ermənistan bu məsələni
status-kvonun uzadılması, mövcud vəziyyətin davam
etdirilməsi kimi yozmağa çalışır. Həmin
ölkədə sülhə
çağırışları
Azərbaycanın başqa
variantlara əl atmayacağı kimi başa düşürlər.
Halbuki
beynəlxalq hüquq və
prinsiplər işğal
olunmuş ərazilərimizin qaytarılması
üçün bizə digər
yollardan istifadə etmək
imkanı verir. Ölkədə baş verən son hadisələri
nəzərə alsaq, Ermənistanın bugünkü siyasəti
dövlət terrorizmi siyasətinə bənzəyir. Bir
neçə gün əvvəl Moldova ombudsmanının Ermənistanda üzləşdiyi dəhşətli
vəziyyət bu ölkədə ədalətə, haqq
sözə hansı münasibətin
göstərildiyinin bariz nümunəsidir. Ermənistan bununla
öz çirkin simasını bir daha göstərmiş, bu
hadisə işğalçı ölkədə təqib və
təzyiq siyasətinin həyata keçirildiyini bir daha
sübut etmişdir. Zənnimcə, müvafiq Avropa təsisatları
bu məsələyə münasibətdə susmamalı və
insan hüquqlarının onlar üçün dəyərli
olduğunu əməli fəaliyyətləri ilə göstərməlidirlər.
Elnur
Aslanov vurğulamışdır ki, Ermənistandan fərqli
olaraq, Azərbaycan bu gün bölgədə ədalətli
siyasətin həyata keçirilməsinin tərəfdarıdır. İstər Dağlıq
Qarabağın, istərsə də müasir Ermənistanda
olan toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir.
Bu da Azərbaycanın heç kimin torpaqlarına göz dikmədiyini
düşünməyə zəmin yaradır. Məqsədyönlü
şəkildə həyata keçirdiyimiz siyasət doğma
torpaqlarımızın, tarixi
yerlərimizin Azərbaycana qaytarılmasından ibarətdir.
Bölgədə həyata keçirdiyimiz siyasət ədalət
prinsipi üzərində qurulmuşdur. Bu prinsip isə
bugünkü Ermənistan rəhbərliyi tərəfindən
tamamilə inkar edilir.
Prezident
Administrasiyasının şöbə müdiri demişdir ki,
konfransda Gürcüstanda mövcud olan münaqişələrin
də müzakirə edilməsi mühüm əhəmiyyət
daşıyır. Lakin təəssüflər
olsun ki, bir neçə gün əvvəl ATƏT-in Parlament
Assambleyasında insan hüquqları ilə bağlı
yayılmış bəyanatda Cənubi Qafqazda
qaçqınlar haqqında bölmədə yalnız
Gürcüstandakı qaçqın və məcburi
köçkünlər barəsində fikirlər yer
almışdır. Mən Gürcüstanın problemlərinə
bu münasibəti yüksək dəyərləndirirəm.
Amma eyni zamanda, Azərbaycanın qaçqın və məcburi
köçkünləri ilə bağlı bu cür yüksək
təsisatlar tərəfindən mövqe bildirilməyəndə,
bu, bizim haqlı
suallarımıza və iradlarımıza səbəb
olur. Konfransın işinə uğurlar diləyirəm. Əminəm
ki, buradakı müzakirələr
ədalətli olacaq və
bütün vacib mövzuları əhatə edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, tədbirdə iki gün ərzində regiondakı münaqişələrlə bağlı dəyərli fikirlər səsləndiriləcək, bir sıra vacib məsələlər müzakirə olunacaqdır.
İki il əvvəl Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin iştirakı ilə Bakıda regionun problemlərinə həsr olunan mühüm konfransın keçirildiyini diqqətə çatdıran F.Məmmədov demişdir ki, artıq bu gün Cənubi Qafqaz ölkələri rasional şəkildə öz maraqlarını gözdən keçirməyə başlamışlar. Azərbaycan və Gürcüstan bir sıra birgə iqtisadi layihələr həyata keçirirlər. Bu layihələr vasitəsilə bir çox problemləri həll etmək mümkündür. Təəssüf ki, bunu Ermənistan haqqında söyləmək mümkün deyildir. Regionda həyata keçirilən layihələrdən kənarda qalan Ermənistan bununla özünün iqtisadi vəziyyətini, eyni zamanda, Dağlıq Qarabağ probleminin həllini çətinləşdirmişdir.
SAM-ın direktoru diqqətə çatdırmışdır ki, Qafqazda baş verən münaqişələrin nəticələri beynəlxalq hüquqa ziddir. Xüsusilə Ermənistanın səbəb olduğu münaqişələr bütövlükdə Cənubi Qafqaz regionunda sülhü və sabitliyi təhdid edir. Əminəm ki, Bakıda və daha sonra Tbilisidə öz işini davam etdirən konfransda bu və ya digər məsələlər ətrafında geniş, hərtərəfli müzakirələr aparılacaqdır.
Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandr Rusetski, "Qafqaz və qloballaşma" jurnalının baş redaktoru, professor Nazim Müzəffərli Qafqazda ölkələrarası münasibətlərdən, regionda baş verən münaqişələrin səbəbləri və onların aradan qaldırılması istiqamətində fəaliyyətlərdən danışmışlar. Bildirilmişdir ki, regiondakı münaqişələr qarşılıqlı anlaşma şəraitində, region dövlətlərinin maraqları nəzərə alınmaqla həll olunmalıdır.
Daha sonra konfrans işini dörd panel üzrə davam etdirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri İradə Bağırovanın moderatorluğu ilə keçirilən "Regional münaqişələrin tarixi zəminləri" mövzusunda birinci paneldə Azərbaycan, Türkiyə və Rusiya mütəxəssisləri mövzuya dair məruzələrlə çıxış etmişlər.
"Regional
münaqişələrdə təhlükəsizlik və
geosiyasət məqamları" mövzusunda ikinci panel
SAM-ın şöbə müdiri Rövşən
İbrahimovun moderatorluğu ilə keçirilmişdir. Bu
bölmədə Azərbaycan Respublikasının NATO
yanında nümayəndəliyinin rəhbəri Xəzər
İbrahimin "Ermənistan-Azərbaycan münaqişəsi
və Avratlantik təhlükəsizlik", Aleksandr Rusetskinin
"Qafqazda psevdo-münaqişələr və kvazi-sülhməramlılıq",
politoloq Fikrət Sadıqovun "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin geosiyasi və
hüquqi kökləri", rusiyalı ekspert Andrey Zaxarovun
"Görünməz suverenlik: Qafqazda və ətrafında
federalizm problemləri", SAM direktorunun müavini Gülşən
Paşayevanın "Muxtariyyətin Avropa modelləri və
Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları" mövzularında məruzələri dinlənilmişdir.
Sonra
ABŞ-ın Yuta Universitetinin professoru Hakan Yavuzun moderatorluğu
ilə "Regional münaqişələrin dinamikasında
etnik və dini amillər", "Qafqaz və
qloballaşma" jurnalının baş redaktoru, professor Nazim
Müzəffərlinin moderatorluğu ilə "Regional
münaqişələrin iqtisadiyyatı"
mövzularında üçüncü və
dördüncü panellər
olmuşdur. Bu panellərdə Azərbaycan ilə
yanaşı, Rusiya və Ukrayna mütəxəssisləri məruzələrlə
çıxış etmişlər.
İclaslarda
dinlənilən məruzələr ətrafında müzakirələr
aparılmış, suallar cavablandırılmışdır.
İyulun
9-da tədbir iştirakçıları Azərbaycanın Qəbələ
rayonuna səfər edəcəklər.
İyulun
10-11-də isə beynəlxalq konfrans işini
Gürcüstanın paytaxtı Tbilisi şəhərində
davam etdirəcəkdir.
Azərbaycan.-2013.- 9 iyul.- S.6.