Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı
ilə iyulun 8-də Bakıda Azərbaycan-Rusiya
biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir
ki, tədbirdə rəsmi şəxslərlə
yanaşı, sənaye,
kənd təsərrüfatı,
İKT, maliyyə, bank, enerji,
konsaltinq və s. sahələrdə fəaliyyət
göstərən şirkətlərin
nümayəndələri iştirak
etmişdir.
Bakı
Biznes Mərkəzində
keçirilən biznes
forumda iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin
yüksək səviyyədə
olduğunu, qarşılıqlı
faydalı əməkdaşlıq
üçün möhkəm
müqavilə-hüquqi bazanın
yaradıldığını, təkcə iqtisadi sahədə 30-dan çox
ikitərəfli müqavilənin
imzalandığını, iqtisadi əlaqələrin
daha da inkişaf
etdirilməsi üçün
münbit şəraitin
olduğunu qeyd etmişdir.
Nazir Ş.Mustafayev Azərbaycanda
479 Rusiya kapitallı şirkətin fəaliyyət
göstərdiyini, son illər
Rusiya tərəfdən
Azərbaycan iqtisadiyyatına
468 milyon dollar, son 10 ildə
isə Azərbaycan tərəfdən Rusiya iqtisadiyyatına 563 milyon
dollar investisiya qoyulduğunu
vurğulamışdır.
Bildirilmişdir ki, Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali
Qafqaz regionunda (Dağıstan, Çeçenistan,
İnquşetiya, Şimali
Osetiya-Alaniya, Qaraçay-Çərkəz,
Kabardin-Balkar, Stavropol diyarı)
investisiya imkanlarının
araşdırılması məqsədilə
səfərdə olmuşdur. Son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilmişdir.
Bu gün keçirilən
biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin
daha da genişləndirilməsi
istiqamətində atılan
növbəti addımdır.
Rusiya Federasiyasının İnquşetiya
Respublikasının Baş
naziri Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiya Respublikasının da Azərbaycan ilə əlaqələrin genişləndirilməsində
maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın
müxtəlif sahələri
üzrə əməkdaşlığın
genişləndirilməsi və
İnquşetiya Respublikasına
investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir.
Sonra Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) rəhbəri Rüfət
Məmmədovun və
Rusiya Federasiyasının
İnquşetiya Respublikası
Baş nazirinin müavini Pavel Puşinin hər iki ölkənin iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatları dinlənilmişdir.
Tədbirdə
İnquşetiya Respublikasının Turizm Komitəsinin rəhbəri
Batır Malsaqov "İnquşetiya Respublikası: istirahət
və turizm üçün yeni imkanlar" mövzusunda video
təqdimatla çıxış etmişdir.
Azərbaycan.-2013.- 9 iyul.- S.6.