Meksikanın nüfuzlu «Mundo İnternacional» jurnalında Azərbaycana dair məqalə dərc olunmuşdur

 

Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında "Azərbaycan səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli şam yeməyi təşkil etmişdir" sərlövhəli geniş məqalə dərc olunmuşdur.

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Mexikoda Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ziyafətin təşkil olunması və qonaqlara ulu öndərin həyatından və fəaliyyətindən sənədli filmin nümayiş etdirilməsi qeyd olunur.

Yazıda ulu öndər Heydər Əliyevin 1982-ci ildə SSRİ nümayəndə heyətinin rəhbəri kimi Meksikaya işgüzar səfərindən də bəhs edilir. O zaman bir çox məsələlərin, eləcə də milli mədəni və vətənpərvərlik duyğularının dilə gətirilməsinin qadağan olunduğu Sovet İttifaqı dövründə ulu öndər Heydər Əliyevin Meksikanın o dövrkü prezidenti Lopez Portiyo ilə görüşdə ona ölkəmiz barədə məlumat verməsi, Azərbaycan haqqında kitabı hədiyyə etməsi, bununla da bütün diqqəti öz xalqına yönəltməsi və Azərbaycanın gələcəkdə müstəqil olacağı barədə düşüncələrini açıq şəkildə ifadə etməsi məqalədə xüsusi vurğulanır. Həmçinin məqalədə XX əsrin sonlarında Sovet İttifaqının süqutundan sonra Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı yeddi rayonunun zəbt edilərək Azərbaycanın 20 faiz ərazilərinin işğal edildiyi qeyd olunur. Yazıda səfir İ.Muxtarovun qəbuldakı çıxışından da sitat gətirilir: "Bu gün burada, bu tədbirdə olduğum üçün çox şadam. Mayın 10-u bütün Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. Biz bu gün burada xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə toplaşmışıq. Mən çıxışımda həm səfir, həm də bir azərbaycanlı olaraq ulu öndər Heydər Əliyevin mənim vətənpərvərlik anlayışımın formalaşmasında böyük rolu olduğunu qeyd etmək istərdim".

Məqalədə diplomatın ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu, dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri barədə dedikləri də əksini tapmışdır. Diplomatın sözlərinə istinadla yazıda vurğulanır ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri də Ermənistan ilə atəşkəsin imzalanması olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan ölüm hökmü ləğv edilmiş ilk keçmiş SSR-i respublikası olmuşdur. Bundan əlavə, hazırkı güclü milli iqtisadiyyatın yaranmasına şərait yaradan  "Əsrin müqaviləsi" sazişi imzalanmışdır. Dahi şəxsiyyətin səyləri nəticəsində Azərbaycanda sosial-siyasi və iqtisadi sabitlik əldə etmək mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi təhlükəsizlik, həmçinin ölkədə demokratiyaya zəmanət verən sabitliyin təmin edilməsi müasir müstəqil Azərbaycan dövləti üçün əbədi işıqlı yoldur. Buna görə də nə qədər ki, Azərbaycan vardır Heydər Əliyev yaşayacaqdır!

 

Azərbaycan.-2013.- 9 iyul.- S.6.